Qızlarımızdan möhtəşəm qələbə

İDMAN
10:39 26.09.2011
1496

İtaliya və Serbiyanın birgə təşkil etdiyi qadın voleybolçulardan ibarət komandalar arasında Avropa çempionatında mübarizə getdikcə kəskinləşir.

AZXEBER.COM-un Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan yığma komandası nəhayət ki, Avropa çempionatında ilk qələbəsini qazanıb. Qızlarımız qitə birinciliyində Xorvatiya kollektivini 3:1 hesabı ilə üstələyərək ¼ finalda mübarizə aparmaq şanslarını saxlayıblar. 

Komandamızın (27-25, 18-15, 25-21, 25-18) qələbəsində 27 xal toplayaraq oyunun ən məhsuldar voleybolçusu seçilən Natalya Məmmədovanın əvəzsiz rolu olub. Xorvatiya kollektivindən isə ən məhsuldar voleybolçu adına 20 xal toplamış Maya Polyak sahib çıxıb. Qarşılaşmadan sonra komandamızın kapitanı Oksana Parxomkenka matç haqqında fikirlərini bölüşüb: “Bu gün çox həyəcanlı oyun keçdi. Biz yaxşı başa düşürdük ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün bu oyun bizim üçün son şansdır. Komandamız Xorvatiya ilə oyunda müdafiədə xüsusən güclü idi”. Qeyd edək ki, voleybolçularımız ¼ finalda mübarizə aparmaq üçün Hollandiya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcəklər. ¼ finalın digər iştirakçısı isə Türkiyə-İspaniya görüşündə müəyyənləşəcək. Yeri gəlmişkən Türkiyə seçmə komandası qrupumuzda baş tutan digər görüşdə İtaliya kollektivini 3:2 hesabı ilə məğlub edərək qitə birinciliyində mübarizə aparmaq hüququ qazanıb.

OXŞAR XƏBƏRLƏR