"Bir çox valideynlər qız övladları həddi-buluğa çatan kimi ər haqqında düşünürlər, təhsil haqqında yox”.
Bu sözləri AZXEBER.COM- açıqlamasında millət vəkili Razi Nurullayev qızların təhsil problemlərindən danışarkən deyib. Deputat qeyd edib ki, hər bir təhsilsiz qadın ailəsində "qapazaltına” çevrilir: "Təəssüflə qeyd etməliyəm ki, bir çox valideynlər qız övladları həddi-buluğa çatan kimi ər haqqında düşünürlər, təhsil haqqında yox. Amma bu gün ər haqqında yox, təhsil haqqında düşünmək önəmlidir. Hər bir təhsilsiz qadın, qız uşağı problemlərlə yaşayır, ailəsində düzgün mövqeyə malik ola bilmir, hər zaman da, çox təəssüf ki, "qapazaltına” çevrilir. Çünki savadsız qadın həm də ailədə öz övladın doğru-düzgün istiqamət və təhsil verə bilmir. Onun da bu haldan istifadə edən həyat yoldaşı da bəzən elə onun bu şəkildə qalmasında maraqlı olur. Bu, heç cür yolverilməzdir. Təəssüflə qeyd etməliyəm ki, xüsusilə Aran zonasında qız uşaqlarına hazırda təhsil almaq qadağası qoymayan atalar, onlar ödənişli təhsilə düşürsə, o zaman oğlan övladının təhsil haqqını ödəməyə meyillənir, qız övladının isə az bal toplamasını əsas gətirərək onun oxumasına şərait yaratmır. Sanki əlinə bəhanə düşür”.
Deputat ən gözəl valideynlərin qızlarının təhsili üçün çalışanlar olduğunu da qeyd edib: "Mənim üçün ən gözəl ata, ən gözəl ana, ən gözəl ailə odur ki, ilk növbədə təhsili qız uşağı üçün düşünür. Əlində olanı özünün qız övladına sərmayə yatırır, qız övladına təhsil verir, onu cəmiyyətdə uğurlu və gözəl yaşamaq üçün təlimatlandırır, təhsil, bilik verir. Ən gözəl valideyn budur. Bu gün hər bir təhsilli qadın nəinki özü ayaq üstə dayanır, həm də ailəsinin ayaq üstə dayanmasına köməklik göstərə bilir. O baxımdan hesab edirəm ki, Azərbaycan höküməti qadınların təhsil almasına stimul, motivasiya verən müəyyən addımların atılmasında maraqlı olmalıdır. Bu addımların nədər ibarət olduğu ilə də bağlı bu yaxınlarda mən açıqlama ilə çıxış etdim. Əslində bu gün o qədər dövləti yükə salmayan yaxın və uzaq perspektivdə Azərbaycan cəmiyyətinin inkişafına, iqtisadiyyatının inkişafına, ailə dəyərlərinin inkişafına töhvə verə bilən o qədər addımlar var ki, bunlar maliyyə yükü də tələb etmir, güclü səylər də tələb etmir. Sadəcə olaraq bunları qanunvericilik halına gətirmək lazımdır. Bununla bağlı da mənim təkliflərim olacaq”.
Aydın