Bu gün səhər saatlarından Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi internet səhifəsi hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, sayt səhər saatlarından açılmayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, idarənin internet səhifəsinin fəaliyyət tarixində ilk dəfə olaraq ciddi haker hücumuna məruz qalıb. “Bu arzu olunmayan bir hadisədir. Çünki adi günlərdən fərqli olaraq, bu ərəfədə bizim sayt daha da aktiv olmalıdır. Saytımızda aktiv olaraq məlumatlar yenilənməliydi. Çünki son günlər Həcc ziyarəti ilə bağlı ayrıca bölüm saytda fəaliyyət göstərirdi və Həcc ilə bağlı proseslər gündəlik orada işıqlandırılırdı. Bu da QMİ-nin fəaliyyətini gözü götürməyənlərin işidir ki, bizim işimizə kölgə salmaq istəyirlər. Hazırda müvafiq yerlərlə əlaqə saxlanılıb. Məsələn mütəxəssislər tərəfindən araşdırılır. Qısa müddət ərzində saytın fəaliyyətinin bərpasına çalışılır”, - deyə Rəhimə Dadaşova bildirib. Onun sözlərinə görə, bu hal birinci dəfədir. Əgər bu yenə təkrarlanarsa, qurum bu barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək.