Bu gün Amerika Birləşmiş Ştatlarında keçiriləcək "Qremmi" mükafatının təqdimetmə mərasimi qəfil vəfat etmiş pop-kraliça Uitni Hyustona həsr olunacaq. Əfsanəvi müğənninin xatirəsinə şou-proqramın bütöv bir hissəsi həsr ediləcək və tədbirin aparıcılığını "Oskar" mükafatlı aktrisa Cenifer Hadson edəcək. Qeyd edək ki, Uitni Hyustonun ölümündən əvvəl vaxtını yaxın dostlarının və ailəsinin əhatəsində keçirdiyi bildirilir. Hadisənin baş verdiyi "Beverli Hilton" otelinin işçilərinin sözlərinə görə, dünən axşam müğənninin dostları ilə keçirdiyi şənlik çox gur olub. Uitninin anası və bacısı isə ölümündən bir neçə saat əvvəl onunla telefonla danışdıqlarını və səsində heç bir dəyişiklik hiss etmədiklərini deyiblər. Onların sözlərinə görə, Uitninin heç bir problemi olmayıb və o, bu gün keçiriləcək "Qremmi" mükafatının təqdimetmə mərasiminə hazırlaşırmış. İfaçının qalmaqallarla məşhur olan həyat yoldaşı Bobbi Braun isə ölüm xəbərini eşitdikdə göz yaşlarına hakim ola bilməyib. Bununla belə öz konsertlərini təxirə salmamaq qərarına gəlib. Pop kraliçasının bütün yaxınları onun həyat dolu bir insan olduğunu və həyatdan getməyə hazırlaşmadığını deyirlər. Bir həftə əvvəl isə paparatsilər ulduzu öz qızı Bobbi Kristina ilə gəzişərkən lentə alarkən Uitni çox xoşbəxt görünürmüş.