Rauf Həbibov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən martın 2-də azad olunub.Martın 1-də Qubada Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyaçılar icra başçısının 2011-ci il noyabrın 22-də rayonda keçirdiyi müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Toqquşmalar və zorakılıqla müşayiət olunan 1 mart aksiyası zamanı rayon icra hakimiyyətinin yardımçı binaları, Rauf Həbibovun şəxsi evi yandırılıb.“Media forum” saytının məlumatına görə, istintaq Rauf Həbibovun Qubanın Timiryazyev qəsəbəsindəki fərdi yaşayış evinin giriş darvaza qapısının əzilməsi, hasarın küncünün qoparılması, evin və həyətyanı torpaq sahəsində yerləşən köməkçi tikililərin yandırılması nəticəsində icra başçısına 87.844 manat, evdə olan müxtəlif təyinatlı əmlakların məhv edilməsi nəticəsində isə ona 117.400 manat ziyan vurulduğu haqda rəy verib. Beləliklə, istintaq müəyyənləşdirdiyi 232.686 manatlıq ziyanın 205.244 manatının Rauf Həbibova dəymiş ziyan olduğunu bildirib.Yerdə qalan 27.442 manatlıq ziyanın isə, istintaqın hesablamasına görə, 23.913 manatı Quba Rayon İcra Hakimiyyətinin inzibati binasına hücum zamanı vurulub. Bu məbləği hesablayarkən istintaq belə rəy verib ki, rayon icra hakimiyyətinin inzibati binasının girəcəkdəki divar şüşələrinin sındırılması, divarlara zədələr yetirilməsi, binanın həyətində yol kənar sahələrinə bərkidilmiş metal barmaqlıqların sındırılması, onların altına hörülmüş kərpiclərin, daşların uçurulması, işıq dirəyində işıqların, qonaq evində qapıların, şüşələrin sındırılması, divarlara zədələr yetirilməsi, qonaq evində otaqların qapılarının əzilməsi, mebel avadanlıqlarının, işıq çıraqlarının, yeməkxana pəncərələrinin sındırılması, həyət hasarının uçurulması, iki ədəd qaraj tikilisinin yandırılması nəticəsində 13.913 manat, bu binalarda olan müxtəlif təyinatlı əmlakların məhv edilməsi nəticəsində 10.000 manat ziyan vurulub.İstintaq ümumi ziyanın qalan 3.529 manatının avtomobillərə vurulduğu barədə rəy verib.Beləliklə, istintaqın hesablamasına görə, Quba hadisələri zamanı 232.686 manatlıq ziyanın 205.244 manatı Rauf Həbibovun evinə, 23.913 manatı icra hakimiyyətinin binasına, 3.529 manatı avtomobillərə vurulub.