Quba hadisələrində təqsirləndirilənlərə iş istənildi

Quba hadisələrində təqsirləndirilənlərə iş istənildi
Bütün Xəbərlər
18:11 05.12.2012
1073
Bu gün Quba Rayon Məhkəməsində bu il martın 1-də Quba rayonunda baş verən hadisələrə görə həbs olunan 8 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 
APA-nın Şimal bürosunun xəbərinə görə, hakim Zamin Tahirov sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Dənyalov Alxas Dənyal oğlu və Talıbov Samir Telman oğluna 6 il, Ələsgərov Səxavət Şakir oğluna isə 5 il 3 ay, qalanlarına isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyiblər. Növbəti məhkəmə prosesi dekabrın 11-nə təyin olunub.
Qeyd edək ki, bu il martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulanlardan Abdurəhmanov Fərhad Nəsib oğlu, Xanmədov Samir Valeh oğlu, Dənyalov Alxas Dənyal oğlu, Talıbov Samir Telman oğlu, Dadaşov Mətləb Valeh oğlu, Çobanov Sərvin Xanlar oğlu, Zakirov Murad Rüstəm oğlu və Ələsgərov Səxavət Şakir oğlu Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda); 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirlər.Quba hadisələrində təqsirləndirilənlərə iş istənildi
OXŞAR XƏBƏRLƏR