Qulu Məhərrəmli televiziyalara ayrılan vəsait haqda danışdı

Qulu Məhərrəmli televiziyalara ayrılan vəsait haqda danışdı
MEDİA
17:08 04.11.2025
823
 
Növbəti il 2025-ci illə müqayisədə televiziya, radio və nəşriyyat xərcləri 11 000 000 manat və ya 16,2 % artımla ümumilikdə 78 721 874 manat proqnozlaşdırılır.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, media vasitələrinin, o cümlədən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə 64 800 000 manat vəsait nəzərdə tutulub.
 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli AZXEBER.COM-a açıqlamasında deyib ki, sözügedən addım çox təqdirəlayiqdir:

"2026-cı ilin büdcə göstəricilərində mədəniyyətə, təhsilə, o cümlədən media, televiziya və radio qurumlarına ayrılan vəsaitin artırılması təqdirəlayiq bir addımdır. Çünki bu gün televiziya və ümumilikdə medianın qarşısında duran vəzifə heç vaxt indiki qədər aktual olmayıb. Bu vəzifələr son dərəcə vacib, zəruri və əhəmiyyətlidir”.

Professor qeyd edib ki, ayrılan vəsait cəmiyyətin sağlam informasiya ilə təmin olunması məqsədi güdür:

"Birinci növbədə, bu, cəmiyyətin düzgün informasiya ilə təmin olunması üçündür. İkincisi, hazırkı şəraitdə bütün dünyada informasiya müharibəsinin genişlənməsi, saxta xəbərlərin, xüsusən də süni intellekt proqramlarının köməyi ilə yaradılan yanlış məlumatların yayılması şəraitində informasiya sektoruna ayrılan vəsaitin artırılması zəruridir. Bu baxımdan büdcədə bu sahəyə ayrılan vəsaitin təxminən səksən min manat artırılmasını çox müsbət və təqdirəlayiq bir tendensiya kimi qiymətləndirirəm”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR