“Bağlanan bazarların açılması ehtimal edilir”.
İribuynuzlu heyvanlar arasında yayılmış “Nodulyar dermatit” virus xəstəliyi barədə son durum açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Lent.az-a açıqlamasında bildirib ki, hazırda yay fəslinə nisbətən xəstəlikdə səngimə müşahidə olunmaqdadır:
“Ümumilikdə 2488 baş heyvan bu xəstəliyə yoluxsa da, həmin heyvanların 2124 başında müalicə effektini verib. 30 baş heyvan isə tələf olub”.
Heyvan bazarları bağlanan rayonlarda iribuynuzlu heyvanlar arasında qeyd olunan xəstəlik aşkarlanmasa, həmin bazarlar fəaliyyətini bərpa edə bilər: “Havalar soyuyandan sonra Azərbaycanda xəstəlik sönəcək. Bundan sonra da bağlanan bazarların açılması ehtimal edilir”.
DBX sözçüsü onu da qeyd edib ki, Qurban bayramı ilə bağlı Bakı şəhərində təşkil ediləcək heyvan satışı və kəsimi məntəqələrinə tam nəzarət olunacaq: “Burada əsas məqsəd əhaliyə sağlam və keyfiyyətli məhsulların çatdırılmasıdır. Ora gələn heyvanlara tam nəzarət həyata keçiriləcək”.
Y.Xanvəli deyib ki, xəstəlik aşkarlanan heyvanlar müəyyən edilsə, onlar satışdan uzaqlaşdırılacaq.