Qurban Məmmədovun “konfederasiya” və “federasiya” ilə bağlı fikirlərinin arxasında hansı maraq dayanır?

DÜNYA
18:31 06.08.2020
960
Müşahidələr göstərir ki, son vaxtlar Azərbaycanda və regionda baş verən hadisələrlə, cəbhənin Tovuz istiqamətində baş verən döyüşlərlə, Türkiyə hərbçilərinin Azərbaycana gəlişi, eləcə də, dünyada baş verən proseslərin ölkəmizə təsiri ilə bağlı ciddiliyi və səmimiliyi şübhə doğuran müxtəlif fikirlər səsləndirilir. İlkin olaraq cəzbedici, qulağa yatımlı görünən bu fikirlər təsadüfi səslənmir, mənbəyi bilinməyən bu tip "təklif” və fikirlərin səsləndirilməsi dərindən düşünməyə əsaslar yaradır.

Məsələn, "siyasi mühacir” adı altında Avropada yaşayan Qurban Məmmədov son günlər belə bir fikir səsləndirir ki, Azərbaycan və Türkiyə konfederasiya, yaxud federasiya halında birləşməli, Türkiyə qoşunları Azərbaycanda saxlanılmalıdır. Şübhəsiz ki, Türkiyə bizə qardaş dövlətdir, demək olar ki, hər iki dövlətin problemləri eynidir, taleyi oxşardır. Və Türkiyə ilə birlikdə hərəkət etmək bizdə məmnunluq yaradır.

Ancaq görünən budur ki, Q.Məmmədov "konfederasiya” və "federasiya” quruluşlarının ya mahiyyətini anlamır, ya da onun belə fikirlərinin arxasında başqa maraqlar dayanır. Əgər bu fikirlər milliliyi, etibarlılığı, dövlətə və xalqa bağlılığı şübhə doğurmayan ciddi bir adam, normal fikir sahibi tərəfindən irəli sürülsəydi, ən azı səmimiliyinə inanardıq.

Q.Məmmədovun səsləndirdiyi bu fikirlər ilk baxışdan cəzbedici görünür və sadə insanlara xoş gələ bilər. Ancaq onun hazırkı fəaliyyəti, Azərbaycan dövlətinə qarşı davamlı olaraq yağdırdığı hədyanlar, insanları xaosa, iğtişaşlara, itaətsizliyə səsləməsi bu fikirlərinin arxasında başqa maraqların durduğundan xəbər verir. Digər tərəfdən, Q.Məmmədovun Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi əleyhinə fəaliyyət göstərdiklərinə görə həbs edilən Taleh Bağırzadəni, Mövsüm Səmədovu, Abgül Süleymanovu və bu qəbildən olan digər şəxsləri xüsusi canfəşanlıqla müdafiə etməsi, onları "qəhrəman” kimi təqdim etməsi, sırf dövlətə xəyanətdə suçlanan şəxsləri mütəmadi olaraq, xüsusi pafosla, üzərinə öhdəlik götürmüş şəxs qismində təqdim etməsi bir daha göstərir ki, o, Türkiyə və Azərbaycanın konfederasiya, yaxud federasiya şəklində birləşməsi ilə bağlı fikir səsləndirməklə, kimlərinsə sifarişini icra edir, müxtəlif təxribatçı dairələrin dəyirmanına su tökür.

Q.Məmmədovun Rusiyada yaşayan müxtəlif iş adamlarından ciddi maliyyə dəstəyi alması ilə bağlı dəfələrlə əsaslı informasiyalar əldə edərək, bütün bunlar barədə məqalələrlə çıxış etmişik. O, Rusiyada müxtəlif qruplardan pul alır, əvəzində özünün sosial şəbəkələrdəki resurslarında Azərbaycan xalqını vətəndaş müharibəsinə, dövlətə itaətsizliyə səsləyir, hakimiyyəti zorla, silahlı yolla ələ keçirməyin bütün "mümkün” variantlarını açıq şəkildə müzakirə edir. Ona görə də, belə bir adamın Türkiyə və Azərbaycan arasında hər hansı siyasi sistem birliyinin yaradılması ilə bağlı səsləndirdiyi fikirlər ciddi təsir bağışlamır, bu, əslində ölkəmizə və qardaş Türkiyəyə qarşı hesablanmış məkrli planın tərkib hissələrindən biri ola bilər. Axı bu fikri hər hansı ciddi bir şəxs, yaxud aparılan dərin araşdırmalar nəticəsində hər hansı bir beyin mərkəzi səsləndirmir. Adam Rusiyada kimliyi, xisləti, mahiyyəti bilinməyən qruplardan pul alır və dayanmadan belə bir təkliflə çıxış edir. Q.Məmmədovun həm də Rusiyadan maliyyələşməsi dəqiqdir, əgər ona pul verən şəxslər Azərbaycan və Türkiyənin birliyini səmimi qəlbdən istəyirlərsə, o zaman Q.Məmmədovun Azərbaycan dövləti, suverenliyimiz əleyhinə çıxışlarına niyə göz yumurlar? Deməli, pul elə buna görə verilir. Öncə Azərbaycanda iğtişalar yaradılsın, daha sonra müxtəlif ölkələrdəki qruplar ilk baxışdan "milli” görünən təkliflərlə öz yırtıcı planlarını ölkəmizdə icra etsinlər.

Qurban Məmmədova xatırlatma: bəs konfederasiya və federasiya nədir, ümumiyyətlə, bu bizə sərf edirmi?

Konfederasiya - dövlətlərin bu və ya digər məqsədlərlə müvəqqəti olaraq birləşdiyi, çox da möhkəm olmayan birliyidir ki, burada dövlətlər tam şəkildə müstəqilliklərini saxlayırlar. Konfederasiyanın tərkibinə daxil olan dövlətlər beynəlxalq hüququn müstəqil subyekti olaraq qalır və öz dövlət suverenliyini saxlayır. Konfederasiya müəyyən məsələlərlə bağlı formalaşdırıldığına görə, onun həll etdiyi işlərin predmeti çox da genişsahəli məsələləri əhatə etmir (xarici siyasət, müharibə və sülh məsələləri, vahid ordunun formalaşdırılması, vahid iqtisadi məkanın yaradılması və s.). Konfederasiya bir çox hallarda federal dövlət şəklini (federasiya) hazırlayan bir mərhələdir. Məsələn, İsveçrə 1848-ci ilə qədər konfederasiya halında idi. Bu tarixdə bu günki federal dövlət vəziyyətinə gəldi. Bu gün bir federasiya dövlət şəkli meydana gətirən ABŞ, 11 il (1776-1787) konfederasiya dövlət şəklində idi.

Federasiya isə, bir neçə dövlətin birliyidir. Bir neçə dövlətin federasiyada birləşməsi bir qayda olaraq, yeni dövlətin yaranması deməkdir. Federasiya ittifaq dövləti, konfederasiya isə dövlətlər ittifaqıdır. Federasiyaya daxil olan dövlətlər vahid mərkəzə tabedir, konfederasiyada isə hər bir dövlətin öz mərkəzi idarəçilik orqanları, suverenliyi var.

Şübhəsiz ki, Q.Məmmədov kimi "əqidə tacirləri” üçün Azərbaycan dövlətinin gələcək taleyi önəmli deyil, onlar üçün maraqlı olan sifarişlərini icra etdikləri bölücü, dağıdıcı, pozucu qrupların ölkəmizdəki maraqlarını təmin etməkdir. Onun kimi acgöz insanlar üçün dövlətin suverenliyini müzakirəyə çıxarmaq elə də çətin məsələ deyildir. Məsələn, bir neçə il bundan öncə o, 5 nömrəli poliklinikanın yaxınlığında yerləşən, plana düşən mənzilinə görə, əgər "tələbləri” yerinə yetirilməsə, xaricə gedib ölkəmizi biabır edəcəyini deyirdi. Yerli iş adamlarını necə şantaj etdisə, adama bir mənzil əvəzinə bir bloku hədiyyə etdilər. Q.Məmmədovun bütün fəaliyyəti pul, madiyyat üzərində qurulub.

Daim "liderlik” iddiasında olan Q.Məmmədov "Azərbaycan xalq hərəkatı” adlı qondarma qurumda da öz monopoliyasını qurub, tiranlıq edir. Məsələ bundadır ki, "Azərbaycan xalq hərəkatı”nın üzvlərinin əksəriyyəti ölkəmizdə yaşayırlar. Amma qurumun adından bütün maxinasiyaları Q.Məmmədov həyata keçirir, "Azərbaycanda "xalq hərəkatı” yaratmışıq deyib vətəndaş müharibəsi vədini verərək, xaricdə rahat şəkildə oturub pulunu qazanır. Hazırda qurumdakı bütün şəxslərin onun rahat şəkildə pul yeməsinə, insanları aldatmasına etiraz etmələri də təsadüf deyil. Onlar da Q.Məmmədovun xislətinə bələddirlər.

Yəqin ki, yaxın günlərdə bir qrup şəxs "AXH”-dən ayrılaraq (bu barədə dəqiq, etibarlılığı şübhə doğurmayan məlumatlar var), müstəqil fəaliyətə başlayacaqlar.

Rusiyada yaşayan iş adamlarına, soydaşlarımıza da məsləhət görürük ki, öz xalqına, dövlətinə qarşı xəyanətlə məşğul olan, müxtəlif təxribatçı qrupların Azərbaycanla bağlı məkrli planlarının icraçısına çevrilən Q.Məmmədova göstərdikəri yardımları dayandırsınlar. Həmin pullarla Rusiyada yaşayan soydaşlarımza dəstək olsunlar, gəlib öz ölkələrində nəsə bir iş qursunlar. Artıq onlar da bu "xəyanət sürüsünün” üzvlərinə çevriliblər. Q.Məmmədovun inandırmaq bacarığı var, yalanı elə danışar ki, hər kəs inana bilər. Amma uzun illərdir Rusiyada özlərinə biznes quran şəxslərin belə bir əqidəsiz, öz dövlətinə qənim kəsilən şəxsə dəstək olması təəssüf doğurur. Ancaq görünən budur ki, elə onlar da məqsədli və planlı şəkildə Q.Məmmədovla eyni gəmidə təmsil olunurlar.

O ki qaldı konfederasiya və federasiya məsələsinə, bir daha qeyd edirəm ki, Q.Məmmədovun belə bir fikirlər səsləndirməsi gələcəkdə Azərbaycanın suverenliyinin məhz bu cür xainlər tərəfindən təhlükəyə atılmasına yönəlik addımlardan xəbər verir. Azərbaycan unitar, müstəqil, suveren dövlətdir. Onsuz da Türkiyə və Azərbaycanın bütün sahələrdə maraqları eynidir, daim bir hərəkət etmişik, bu maraqlar heç vaxt toqquşmayıb və toqquşmayacaq. Onun belə fikirləri Ermənistanla müharibə şəraitində "ay aman, Türkiyə ilə birləşin” çağırışı ilə həm də ölkəmizin gücünü kiçiltmək niyyəti güdür. Biz, bizdən dəfələrlə zəif və gücsüz dövlətlə müharibə şəraitindəyik, müharibə də hələ bitməyib.

Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaq yaradıla bilər və bu hər birimizin arzusudur, eləcə də, Pakistanla, Ukrayna ilə. Amma belə bir niyyətin məzmununun dəyişdirilərək, Q.Məmmədov tərəfindən konfederasiya, federaisya - bir sistem şəklində cəmiyyətə sırınması ilə bağlı fikirlər yersiz və ağılsız, eyni zamanda, məkrli addımdır.
 
Samir FEYRUZOV
Azsiyaset.com

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:40 24.10.2020

Paşinyanın qızı saxta “facebook” hesabları ilə rus xalqını təhqir edir

23:12 24.10.2020

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

22:42 24.10.2020

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

22:39 24.10.2020

Düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

22:29 24.10.2020

Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi

21:55 24.10.2020

Ermənilər yeniyetmələri də müharibəyə cəlb edirlər - VİDEO

21:33 24.10.2020

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO

21:14 24.10.2020

Donald Tramp ABŞ prezidentinin seçkilərində erkən səs verib

21:09 24.10.2020

Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi”

20:52 24.10.2020

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb

20:35 24.10.2020

"El-Klassiko": “Real Madrid” “Barselona”ya qalib gəldi

20:27 24.10.2020

"Kaspşikin hər hansı tərəfin hərbi potensialını yoxlamaq və hesabat vermək səlahiyyəti yoxdur"

20:01 24.10.2020

MN: Döyüş sahəsində aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır

19:49 24.10.2020

Düşmənin 3 tankı, 2 sığınacağı və dayaq məntəqələri məhv edildi

18:54 24.10.2020

Düşmənin hücum cəhdinin qarşısı alınıb - Əsir götürülənlər var

18:46 24.10.2020

Rusiya XİN: Gəncənin atəşə tutulması zamanı həlak olan Mayakov dəfn edilib