Əfsələddin Ağalarov
Biz qalibiyyətlərə olan aclığımızı bar-bar bağıran xalqıq. Hansısa kiçik qələbəni belə böyütməyi, şişirtməyi çox böyük məharətlə bacarırıq. Uduzmağı isə “mədəmiz” həzm etmir.
Dünən “Qarabağ” uduzdu. Udduğu gün dünyanın ən dahi məşqçisi Qurban Qurbanov idisə, uduzduğu gün dünyanın ən bacarıqsız məşqçisi yenə o oldu. Komandası qələbə qazandığı gün onu bir öpdük, uduzduğu gün isə üç dəfə dişlədik.
Bizim cəmiyyətdə dişi iti olan bir qrup var. Sanki bu qrup, jurnalistlərdən daha yaxşı jurnalist, bəstəkarlardan daha yaxşı bəstəkar, siyasətçilərdən daha yaxşı siyasətçi və baş məşqçilərdən daha yaxşı baş məşqçidir. Bu qrup ayrıca bir millət və ya xalq deyil. Onlar aramızdadırlar. Elə bizdən birirdilər. Elə hey ağıl verir, elə hey günahkarı axtarır və sonra məhkəmə qurub onlara hökm verirlər. Elə dünən Qurban Qurbanovu stadiondan “dişləyən”lər arasında bu qupun nümayəndələri də var idi.
Yadımdadı, dövr o dövr idi ki, hər oyunda stadiondan istefa qışqırdığımız, öz qapımıza qol vuran futboolçuları söydüyümüz günlər idi. Qalib gəldiyimiz günlərdə isə, yaxınlıqdakı “Gənclik” metrosunda daş üstündə daş qoymurduq. Metroya yaxın olan obyektlərin şüşələri də qalibiyyətdən öz paylarına düşəni alırdılar. Həmin vaxtlarda mənim hər zaman diqqətimi çəkən “Qarabağ”ın oyunlarına gələn azarkeşlərdən bəzilərinin “Qalatasaray”ın, “Fənərbaxça”nın formasında stadiona daxil olması idi. Ancaq indi “Qarabağ”ın oyunlarına onun öz formasında, bayrağında gələn azarkeşlər saysız-hesabsızdır.
Deməli, bizlər də inkişaf edirik. Deməli, nələrisə bu illərdə qazanmışıq. Artıq bizim “Qarabağ”ımız Avropada “Ayntraxt”la üz-üzə gəlmək qüdrətindədir. Bizlər öpdükdən sonra dişləməyi bir kənara qoyub sadəcə alqışlamağı və bu işləri görənləri təbrik etməyi öyrənməliyik. Ona görə ki, elə “Qarabağ”ın adının dünyanın aparıcı idman kanallarında diktorlar tərəfindən dəfələrlə hallanması, bizim “2-0”lıq qalibiyyətimizdir. Ona görə ki, “Qarabağ”ın adının qarşısında “Azərbaycan” yazılması bizim Ermənistana tanksız, tüfəngsiz qalib gəlməyimiz deməkdir.
Məsələlərə praqmatik yanaşmaq lazımdır, bəylər. Məğlubiyyətlərdə nə Qurbanları dişləmək, nə də futbolçuları dişləmək lazım deyil. Elə 5-10 il bundan öncə etdiklərimizi təkrarlasaq kifayətdir. Ümid etməliyik ki, nə vaxtsa biz “Ayntraxt”ı darmadağın edəcəyik. Bax o zaman biz, 5 ildən sonra “Ayntraxt”ın qulağını Tofiq Bəhrəmovda Andranikin qulağı kimi kəsib, stadionun ortasına ata biləcək gücdə olacağıq.