Əlbəttə ki, ürəksizlər də var. Və ya bir dəfə yanılıb sonrakı dəfələrdə ancaq yanıltmaqla qisas alanlar – özlərindən. İnsan hər nə edirsə, özünə edir. Özünün yanğısını yatızdırır, özünün vicdanını aldadır, özünü nəyəsə inandırmağa çalışır… Və özünü tənhalıqla cəzalandırır.
Yenə də gəlib çıxdıq yolayrıcına. Nə olursa olsun, sevgi sevgidir. Bələkdən qəbrə qədər özünü göstərəcək – yoxluğuyla belə. Sevgi nədir? Bütün günün ağrısını, yorğunluğunu bir zənglə, bir nəvazişlə aradan qaldıran qüvvəmi? Və ya bir şənliyin ortasında gülə-gülə yoldaşlardan üzrxahlıq edərək, səni ayaqyolu kabinəsində hönkür-hönkür ağladan bir lənətmi? Bəlkə, hər ikisindən?
Aha! Onsuz da sevgi söhbəti gələndə ağız büzən kişi oxucularımın çoxu uzaqlaşdı, monitor arxasında əsasən xanımlar qaldı. Əminəm ki, bu yazını oxuyanların çoxu da elə xanımlardır. Buna səbəblərim var:
1. Mən kişi yazaram. Təbiətən və tarixən, qadın yazarları daha çox kişilər, kişiləri isə qadın oxucular izləyir. 2. Birinci və ya ikinci dəfə deyil yazıram. Xüsusən də sevgidən. Amma sevgi elə də adi bir mövzu deyil ki, “saqqız” kimi çeynənib dadını itirsin. Sevgi elə bir “saqqız”dır ki, ONUN LƏZƏTİNİ DUYMAQ ÜÇÜN, GƏRƏK LƏZZƏTLƏ ÇEYNƏYƏ BİLƏSƏN. 3. Birinci səbəbə baxmaq lazımdır. Təbiətən və tarixən, qadınlara həmişə maraqlı olub ki, kişilər nə düşünür. Amma biz onların fərqli-fərqli zamanlarda nə düşündüyünü axtarıb-tapmaqla qəlblərini yol tapmağa çalışırıq nədənsə. Aaa! Ayıb olmadımı bu? Məgər, kişi deyilik?! Biz öz düşüncəmizi deməliyik!
Üç səbəbi yazdım, məncə bəs edər. Onsuz da “Sevgilaptologiya” elmi üzrə dissertasiya yazmaq və oxutdurmaq niyyətində deyiləm. Sadəcə istəyirəm, bir az kişilik edim. Yəni, kişilərin keçirdiyi duyğular, yaşadığı həyəcanlar, sevgiyə yanaşmaları, qorxuları, hardan və necə başlayıb hansı şəklə düşmələri… Tam və ətraflı olmasa da, bir az, səthi danışım.
Harda qalmışdıq? Kişilər qadınları niyə aldadır axı? Bəlkə, heç də aldatmırlar? Sadəcə, qadınlarda olan tərəddüd və müqavimət duyğuları onlarda da baş qaldırır? Bəli, kişini qadından ayıran içindəki qadın olur. Xüsusən də, əsas vaxtı qadınların çevrəsində keçən qadınlıq. Hələ, irsi qadınlıq da deyə bilərik. Hər qadında bir kişidən irsən keçən nəsə var, hər kişidə də bir qadından həmçinin.
İlk sevgi. Yaxşı şeydir. Oyanışdır, təkamüldür. Və özünüdərkdir. Bu, uşaqlıqdan kişilik dövrünə keçiddir. Elə ona görə də, çox vaxt uğursuz olur. Bir fikri də burda qeyd etmək istəyirəm, hərçənd mənə qədər çox filosof işlədib: Kişilər yalnız ilk sevgilərində insanı sevirlər, ondan sonra isə ancaq sevgini. Qadınlarda da belə olur, hətta deyərdim ki, daha kökatmış şəkildə. Amma qadınlar tezdəyişən və manevr edən “tayfa” olduqlarına görə, bu özünü instikt və ya davranış faktoru kimi çox qabartmır. Qabartsa da, daimi və uzunmüddətli olmur. Daha emosional olan kişi cinsində isə fəlakətlərə səbəb ola bilər. Xüsusən, o halda ki, hind filmlərində olduğu kimi, yadda qalan və ağrılı bir macəra yaşasın. Bir və ya dalbadal 2-3 dəfə zərbələr alsın.
Onda, sevgi və ya eşqbazlıq kişidə “xroniki xəstəliyə” çevriləcək. Fərqi yoxdur, kişi qadınlarla “fırlatmaq” üçün ünsiyyətdə olur, yoxsa yeni həyat başlamaq üçün… Onlarda daim bir qorxu hökm sürər. Təsir və təzyiq altına düşməkdən qorxarlar. Bəzən yeni sevgililərinin hansı tipdə və nə qədər duyğusal olduqlarını öyrənmək üçün (təcrübədən asılı olmayaraq, bu, kişilər üçün vazkeçilməz eksperimentdir), əvvəlki sevgililərindən söz salar, hətta vaxtaşırı qısqandırmağa da çalışarlar da. Onlar necə sevildiklərini bilmək istərlər. Sadəcə bura qədər. Ondan sonrası isə bezdirici və qorxuludur. Mütəmadi qısqanclıq darıxdırar, karıxdırar… Onların yaralarını, hətta hardasa dərinlikdə basdırdıqları xatirələri də çıxardıb dəhşətə gətirər.
Təcrübəli kişiləri davamlı qısqanmaq itirməyə hazırlaşmaq deməkdir. Belə münasibət bir ay çəksə, mən həmin kişiyə “qızıl səbr sahibi” deyərəm ancaq. Sərbəstlik lazımdır, sərbəstlik. O, özü sizə sədaqət göstərməyə çalışacaq, hətta qısqandırıcı nəsə göstərsə belə. Qısası, qadının qarşısında bir mətn canlanacaq: “Görürsən, məni sevən var, amma sən mənim üçün o qədər önəmlisən ki, səndən keçmirəm”. Çox zaman qadınlar acığa düşər, “sən mənim üçün o əqədər önəmlisən” hissəsini nəzərdən qaçırar…. Eyni cavab addımı isə heç də yaxşı olmaz.
Kişi təsəvvüründə iki tip qadın obrazı var: “Fahişə”, “Bakirə” (qərb psixoloqları “Məryəm” deyirlər). Birinci gəzmək, yatmaq və ayrılmaq üçündür. İkinci isə sevmək, yaşamaq, ailə qurmaq və qocalmaq üçündür. Və çox zaman da, “kazanova” kişilər öz analarını xatırladan xanımlara meyl edərlər. Burda həm görkəm, həm xasiyyət oxşarlığından da söz gedə bilər.
Kişinin “bakirə” sevgisi, qayğı-nəvazişinə və hərdən də, tövsiyə və məsləhətlərinə ehtiyacı var. Mənəvi ehtiyac daim qayğıkeş sevgili tələb edər. Əgər “bakirə” özünü uzaqlaşdırırsa və bununla özünü sevdirməyə çalışırsa, onu bilməlidir ki, təcrübəli kişi həm də ehtiyatlı kişidir. O bu soyuqluq və qaiblik zamanında dərhal başqa bir “bakirə” tapa bilər. Onsuz da, yanılma və atılma qorxusu olan kişilər hər münasibətin ortasında dərhal ehtiyata da arxayın olmağa çalışarlar. “potensial sevgili” olmadan, kiminsə ona marağını hiss etmədən, başqası ilə sevgi münasibətlərini ciddiləşdirməyə qalxmazlar.
Yox, onların daim qayğısında qalmaq, qulaqlarını incitmək də olmaz. Xüsusən də, “niyə elə etdin?”, “kimlə danışdın?”, “o kimdir?”, “o qız sənə niyə elə baxdı?” və sair suallarla vezdirərkən, “bakirə sevgili” dönər “ataman ana”ya. O zaman da, təcrübəli kişi “yelkənli gəmi” kimi üzüb uzaqlaşar. Çünki heç kim “mamaşa” basqısı altında qalmaq istəməz. Heç qadınlar da.
Bir yarımçıq romanımdan haşiyə:
“Mən özümü o qadına əbədiyyən həsr edərəm ki, məni özünün əvəzedilməz olduğuna inandıra bilsin. Amma vay o günə ki, özü buna inanar. O zaman əvəzlənər”.