Rabitə Nazirliyi ermənilərin kosmik peykimizə yaratdığı problemi rəsmən təsdiqlədi

Rabitə Nazirliyi ermənilərin kosmik peykimizə yaratdığı problemi rəsmən təsdiqlədi
Bütün Xəbərlər
07:12 21.05.2011
1867
Yayılan məlumatlara görə, Amerikadakı erməni lobbisinin Azərbaycanın Kosmosa buraxmağa hazırlaşdığı milli peykinə qarşı kampaniyası Birləşmiş Ştatların "Eximbank"ının mövqeyinə ciddi təsir göstərib. Belə ki, "Eximbank" ABŞ-dakı erməni lobbisinin yaydığı dezinformasiya səbəbindən peykin buraxılması üçün Azərbaycana kredit ayrılmasını dayandırıb. Məsələnin aydınlaşdırılması üçün nazir Əli Abbasovun rəhbərliyi altında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bir qrup nümayəndə heyəti Vaşinqtona yollanıb. İnformasiyalara görə, mayın sonuna kimi tərəflər arasında kredit razılaşmasının imzalanması nəzərdə tutulur. 

Məsələyə münasibət bildirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov, həqiqətən də, belə bir problemin yarandığını dilə gətirdi: "Süni peykə kreditin ayrılmasının qarşısı alınıb. Bu və ya digər məsələlər barədə problemlər ortaya çıxıb. Cənab nazir Əli Abbasov Amerika Birləşmiş Ştatlarına yollanıb, amma sözügedən məsələ ilə əlaqədar getməyib. İndi ola bilsin ki, kredit problemilə də maraqlansın. Məsələ ilə bağlı sabah (bu gün-red.) geniş məlumat veriləcək". 

Ekspert Azər Həsrət məsələdə erməni faktorunun xüsusi qabardılmasının tərəfdarı deyil: "Ona görə ki, erməni faktoru bəzi Qərb dairələrinə lazım gələndə, bundan istifadə edirlər. Yəni Azərbaycanın inkişafını istəməyən qüvvələr lazım olanda erməni faktorunu ortaya atır. Guya ki, bir ovuc xalq bu boyda türk dünyası və Azərbaycanla baş edə bilir. Əslində erməniləri o qədər də şişirtməyək! İstər milli peykimizə kredit ayrılmasının əngəllənməsi, istərsə də buna oxşar digər məsələlər Qərbdən qaynaqlanır. Bəzi Qərb dairələri belə addım atmaqla Azərbaycanın hansısa güzəştə getməsini istəyir. Yəni söhbət Azərbaycanın milli mənafe məsələlərindən gedir. Hesab edirəm ki, biz bundan kədərlənməməliyik. Çünki Azərbaycan yetərincə qüdrətli dövlətdir. Həmin kredit olmasa belə, ölkəmizin özü krediti ödəmək gücündədir. Lakin bütün bunlarla bərabər, ölkəmizə qarşı atılan bu addıma cavab verilməlidir". 

Qeyd edək ki, bundan öncə ermənilər ABŞ Konqresi qarşısında Azərbaycanın süni peykinin hərbi məqsədlərə xidmət edəcəyilə bağlı iddia qaldırıb. Eyni zamanda, ABŞ-ın erməni lobbisi Azərbaycanın süni peyk əldə etməsini məhdudlaşdırmaq istiqamətində fəaliyyətə keçib. Hətta məsələ ilə əlaqədar süni peykin alışı üçün Azərbaycana kredit ayıran banka etirazlar dolu məktub da göndərilib. Bu arada, ermənilərin bəzi konqresmenlərə müəyyən qədər təzyiqlər də göstərdiyi də istisna edilmir. Konqres isə komitə səviyyəsində belə bir qərar çıxarıb ki, ABŞ-ın Azərbaycana süni peyki almaq üçün kredit təqdim edən bankı bu peykin hərbi məqsədlərlə istifadə olunmaması üçün öhdəlik götürməlidir. 

Qeyd edək ki, Azərbaycanın süni peyki əsasən telekommunikasiya xidmətləri, həmçinin radio-televiziya verilişləri, eləcə də fövqəladə hallar zamanı müəyyən operativ idarəetmə üçün rabitə növünü verəcək. 

Azərbaycan peykinin orbitə 2012-ci ilin sonlarında Fransanın "Arianspeys" şirkəti tərəfindən çıxarılacağı bildirilir. Xatırladaq ki, bu peyk Rabitə və İnformasiya Nazirliyinə məxsus olacaq. Həmin peykin buraxılmasından müəyyən müddət sonra Azərbaycan Kosmosa məsafədən zondlama peyki də buraxmağı planlaşdırır.

//Bakı-Xeber

 

OXŞAR XƏBƏRLƏR