Rafiq Əliyev: "Ömür yoldaşım Aidə xanımın əziz xatirəsinə"
KÖŞƏ
06:27 31.05.2011
2845
Bu şəkli mən seçdim, yüzlərlə şəklin içindən. Dünyanın Amerika, Almaniya, Fransa, İspaniya, Avstriya, Belçika, Türkiyə, Kipr, Rusiya, Finlandiya, Çexiya, Təbriz və Şuşasında, doğma Ağdamda – nə sadalayım, yüzlərlə, minlərlə şəkil çəkdirmişik. Bu sənin zahirini, daxili dünyanı bütün çalarları, özəllik və gözəllikləriylə əks etdirən şəklindi – mənim seçdiyim şəkil. 47 il birgə yaşanan ömrün acılı-şirinli anlarını, xatirələrini əks etdirən şəkil. Bu gün başdaşına həkk etdirdiyim şəkil.
Bu, 47 il əvvəl qəlbimə gömdüyüm şəklinin eynidi, sanki. O vaxtkı kimi fikirlisən, dərin düşüncələrdəsən, gözlərin yol çəkir, üzündə gülüşdən çox hüzn var. Narahatsan!
Qarabağdan, ilahi nizamı pozulmuş, böyük bir hüzursuzluq yaşayan dünyamızdan narahat idin. Deyirdin, bu gün dünyamız ədalətə hamilədi, özü də yarımçıq ədalətə yox! Bəlkə, elə o nigaran qaldığın dünyanın kölgəsidi, üzündə əksini tapıb?!
Əzizim, hələ gənc vaxtlarımda sənə bir şeir yazmışdım: “Gözlər”. Mən nə deyim o gözlərə, Ulduz deyim... Yox, ulduzlar Göydə yanır, O gözlərsə ürəyimin Lap içində alovlanır...
O, sentimental gənclik qığılcımlarından törəyən alov idi. İndi isə mənə baxan o gözlər bir köz parçası kimi qəlbimi yandırır.
Əzizim Aidə, səni hər gün, hər an düşünürəm, düşünəcəm də. Lakin mənim bütün rahatlığımı alan sənin məzar daşındakı şəklindən baxan, yol çəkən, ürəyimdə dilim-dilim alovlanan, közərən, yandıran nisgilli gözlərindi. Hansı səmtdən şəklinə baxıramsa gözlərin mənimlədi.
... Hava qaralır, şəklinə baxa-baxa qəbiristanlıqdan çıxmaq istəyirəm. Gözlərin buraxmır məni.
Qulağıma səs gəlir! Novruz qabağı razılaşdıq ki, bir müddət Kiprdə qalıb müalicə alasan, mən də bir neçə günlüyə Bakıya gedib yarımçıq işlərimi bitirib qayıdım. Vida anında “Məni tək qoyub getmə!..”, dedin. Getmədim, yanında qaldım. Oğlun da, gəlinin də, nəvələrin də - hamımız yanında idik. İndi qulağıma gələn həmin səsin əks-sədasıdı: “Məni tək qoyub getmə!”
Yarı ciddi, yarı zarafat deyirdin ki, haqq dünyasına qovuşanda məkanlarımız yan-yana olsun, əlin əlimdə. Həmişəki kimi bu istəyinə də əməl etməyə çalışdım.
Jurnalist dostum İlqar Rəsul “Azadlıq” radiosundakı verilişində bədahətən məndən soruşmuşdu: “Ölüm nədir?” “Ölüm borcdu, bir də ölümsüzlüyün başlanğıcı” - demişdim. Sən borc sevən deyildin... bizdən tez qaytardın borcunu. Allahın izniynən, mən də bu borcu qaytaranda əlim əlində olacaq.