Rafiq Əliyev cavab verdi: 'Siyavuş Novruzov heç vaxt döyüşdə olmayıb'
Bütün Xəbərlər
10:25 11.02.2012
2280
Rafiq Əliyev Siyavuş Novruzovun dediklərinə münasibət bildirib “Mən demişəm ki, ziyalı olan şəxs Əbdürrəhman Vəzirovla bir yerdə çalışmaz və onun ideoloji katibi olmaz. Əgər Rafiq Əliyev həqiqətən də ziyalı idisə, nə üçün Əbdürrəhman Vəzirovun Azərbaycanın milli-azadlıq hərəkatının dağıdılması, fövqəladə vəziyyətin, komendant saatının yaradılması istiqamətindəki fəaliyyətinə mane olmurdu, niyə öz təklifləri ilə bunun qarşısını almağa çalışmırdı?”Yuxarıdakı fikirlər YAP-çı deputat Siyavuş Novruzovun “Bizim Yol” qəzetinə müsahibəsindəndir. Bir neçə gün öncə Ziyalılar Forumunun üzvləri ilə bağlı ittihamlarını davam etdirən S.Novruzovun dediklərinə dünya şöhrətli alim Rafiq Əliyevin özünün münasibətini soruşduq. Yeri gəlmişkən, bu deyilənləri fevralın 10-da 70 yaşını tamamlayan R.Əliyevə “yubiley hədiyyəsi” də saymaq olar.Rafiq Əliyev öncə dedi ki, S.Novruzovun “səviyyəsinə düşüb ona cavab vermək istəmir”. Ancaq əlavə etdi ki, YAP-çı deputat bəzi faktları təhrif etdiyi üçün müəyyən məsələlərə reaksiya verməyə məcburdur: “Əvvəla, mən Vəzirovun yox, Kamran Bağırovun vaxtında vəzifəyə gəlmişəm. O, bunları bilmir. İkincisi, mən ideoloji katib olmamışam, onu da düz demir. Mən elm şöbəsinin müdiri olmuşam. İdeoloji katib postunu ayrı Rafiq müəllim var idi, o tuturdu. Məni onunla qarışdırır”. Xalq hərəkatına münasibətinə gəldikdə, R.Əliyev dedi ki, bunu bilmək üçün qəzet yazılarına baxmaq və AXC rəhbərliyinin münasibətini soruşmaq kifayətdir: “Bir ay öncə Qorxmaz İbrahimlinin ”Bizim Yol"da bir yazısı dərc olunmuşdu. Yazmışdı ki, Rafiq Əliyev yeganə insan idi ki, onunla danışmaq olardı. O, ürəyi, canı burda olan, AXC-yə rəğbət bəsləyən şəxs idi. Ondan sonra, Allah yolunu açsın, Nemət Pənahlı bir yazı yazmışdı ki, mən neçə rəhbərlərlə işləmişəm, xalqına söykənən, ayağı torpaqda olan bir adam görmüşdüm - Rafiq Əliyev. Xalq Cəbhəsinin üzvləri bu həqiqətləri çox yaxşı bilir. Amma o vaxt bu adam harada idi, bu, bilinmir".YAP-çı deputatın özünü müharibə veteranı adlandırmasına gəldikdə, R.Əliyev qeyd etdi ki, S.Novruzovun özü heç bir vaxt cəbhədə olmayıb. Professor bir məsələni də vurğuladı ki, bundan sonra ümumiyyətlə, S.Novruzovun dediklərinə reaksiya vermək niyyətində deyil: “Mən Eldar müəllimlə, Rüstəm müəllimlə danışanda da dedim ki, ümumiyyətlə, bundan sonra bu adama heç kim münasibət bildirməsin. Çünki bizim ona cavab verməyimizlə bu adam özü üçün piar yaradır. Sonra deyir ki, mən bu şəxslərlə polemikaya girmişəm”.Yeri gəlmişkən, R.Əliyev çoxsaylı təbriklər aldığını, ancaq ötən il həyat yoldaşının dünyadan köçməsi ilə əlaqədar yubiley tədbiri keçirmədiyini qeyd etdi. musavat.com