Qətlə yetirilən tanınmış yazıçı-publisist Rafiq Tağının ailəsi onun ölümü ilə bağlı cinayət işini araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini məhkəməyə verib. Vəkil Elçin SadıqovunAPA-ya verdiyi xəbərə görə, şikayət ərizəsi Nəsimi rayon Məhkəməsinə təqdim olunub: “Biz şikayətdə qətlin ətraflı şəkildə araşdırılmadığını və digər məsələləri qeyd etmişik. Çünki bir neçə məsələ ilə bağlı istintaqa vəsatət versək də, həmin vəsatətlərə cavab verilməyib”. Qeyd edək ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı ilk əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.