Rahidə Baxışın evində 1 gün (FOTO)

ŞOU-BİZNES
09:12 20.02.2011
8108

 


Bir ildən çoxdur burada yaşayıram. Ümumiyyətlə, hündürmərtəbəli binalara qarşı həmişə qorxum olub. Amma rəfiqələrimin çoxu belə binalarda mənzil aldığından get-gedə mənim də buna sevgim yarandı. Keçmiş mənzilimi satdım və çox seçim etdim. Bu mənzil məni ilk baxışdan ovsunladı, çünki buranın mənzərəsi çox gözəldir. İnteryerin dizaynında xüsusi dizaynerə müraciət etməmişəm, zənnimcə ustalar öz işlərinin öhdəsindən layiqincə gəliblər. Divar kağızlarını öz zövqümə əsasən seçmişəm. Mətbəx mebelinin dizaynını özüm vermişəm, mebellərin seçimi mənə məxsusdur. Ümumiyyətlə, ev dizaynında ağ-qara rəngləri çox sevirəm. Fikir verirsinizsə, mətbəx mebelini də bu rənglərdə düzəltdirmişəm. Qonaq otağında da mebellər ağ-qaradır, yataq otağında da. Bilirsiniz, klassik qəhvəyi rəng artıq insanı yorur. Klassik üslubda olan mebellər də gözü yorub. Dizaynı ağ-qara rəngdə etdiyimdən hazırda serviz və ya hər hansı ev aksesuarının seçimində bu rəng prinsipinə riayət edirəm. Qonaq otağının pərdəsini alanda çox düşündüm, amma sonunda asılanda ondan heç xoşum gəlmədi. Pərdənin rəngi qızılı divar kağızına uyğunlaşdırılıb. Amma gələcəkdə pərdənin rəng və modelini dəyişdirəcəyəm. Otaqdakı çilçırağı kim görürsə, çox bəyənir, elə özüm də. 

Yataq otağı

Yataq otağını sahəsinə görə dizayn etmişəm. Əgər otaq iri olsaydı, orada vanna otağını da yerləşdirərdim. Bunu çox sevirəm. Əvvəl fikirləşirdim üç otaq mənə bəs edər. İndi isə düşünürəm ki, bir otağım da əlavə olsaydı geyimlərimi rahat yığardım. Paltarlarımın bəzisi yataq otağındakı şkafda, bəzisi dəhlizdəki şkafda asılıb. Uşaq otağının divar kağızı və pərdə rəngi isə çox ürəyimcədir. Artıq 8 yaşlı oğlum Fərid də otağının dizaynında öz ideyalarını deyir. Bildiyiniz kimi, adətən müğənnilər mənzildə fotolarını asmağı çox sevirlər. Bir şəklimi böyütdürsəm də ona yer fikirləşməmişəm. Amma bu ideyanı çox da bəyənmirəm. Allah göstərməsin, elə bilirəm ki, şəkli divardan asılan insan artıq həyatda yoxdur.

Mətbəx

Ən sevdiyim məkan mətbəxdir. Vaxtımın çoxunu orada keçirirəm. Demək olar ki, qonaq otağına çox az hallarda girirəm. Əvvəl mətbəxdə televizor yox idi, bütün gün qonaq otağında otururduq. İndi isə mətbəxdə də televizor olduğundan hər bir işimizi orada görürük. Yemək hazırlamağı xoşlayıram. Eyvandan gözəl mənzərə olduğundan yayda orada otururam. Evimi bəzəməyi, səliqəni, hər şeyin öz yerində olmasını çox sevirəm. Evimə, ailəmə bağlı insanam. Haraya gedirəmsə-gedim, evimə gələndə ürəyim açılır. Ola bilər bundan da gözəl evlərə qonaq gedirəm, amma evimin isti ocağı tamam başqadır.

OXŞAR XƏBƏRLƏR