Bizdəki məlumata görə, İlham Əliyevin məxfi “Ramil əməliyyatı”ndakı “mühüm nazir” Kəmaləddin Heydərov olub. İş adamı isə geniş əlaqələrə sahib olan İlham Rəhimovdur Dünən günün birinci yarısı Azərbaycan ordusunun zabiti Ramil Səfərov Macarıstan həbsxanasından Azərbaycana gətirildi və ardınca ikinci möhtəşəm hadisə baş verdi. Ölkə prezidenti İlham Əliyev R.Səfərov təyyarədən hava limanına enən kimi onun əfv olunması barədə fərman verdi, ona Azərbaycan pasportu təqdim olundu və R.Səfərov hava limanından birbaşa ata evinə gəldi. R.Səfərovun azadlığa çıxmasını Azərbaycan xalqı sevinclə qarşıladı. Onun ata evi ziyarətgaha çevrildi. Dünən gecə saatlarınacan ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Evin hər yerində Azərbaycan bayraqları asılıb. Zabitimizin ata evində polis postu qurulub.
Günün ikinci yarısı R.Səfərov deputatlar Qənirə Paşayeva, Azay Quliyev və çoxlu sayda vətəndaşlarla birlikdə Şəhidlər Xiyabanını, Türk Şəhidliyini, Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Ziyarət zamanı çoxsaylı müşahidəçilər tərəfindən “Ramil”, “Qarabağ”, “Qarabağı azad edəcəyik!” şüarları səsləndirilib.Bu olaydan çox şad olduğunu, fikirlərini ifadə etməyə çətinlik çəkdiyini söyləyən R.Səfərov başda Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyev olmaqla, hər kəsə təşəkkür edib: “Bu, ədalətin bərpasıdır. Bu mənim üçün bir az gözlənilməz oldu. Bu səkkiz il yarım həbs həyatı mənim üçün çox ağır keçib. Həbsdə olmağıma baxmayaraq heç vaxt ümidimi itirməmişdim. Mənim üçün çalışan hər bir kəsə və bütün türk dünyasına öz təşəkkürümü bildirirəm. Mən Qarabağ problemi ilə bağlı aparılan işləri də hər zaman diqqətdə saxlamışam. Ali Baş Komandanın bu istiqamətdə apardığı fəaliyyəti düzgün qiymətləndirirəm”.R.Səfərov gələcəkdə hərbçi kimi fəaliyyətini davam etdirmək fikrində olduğunu da vurğulayıb.Ramilin atası Sahib Səfərov hadisənin onun üçün gözlənilməz olduğunu və hədsiz sevinc yaşadığını vurğulayıb. O, ölkə prezidentinə xüsusi minnətdarlığını bildirib.Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov APA-ya müsahibəsində bildirib ki, 2004-cü ildə Macarıstanda NATO-nin tədris kurslarında Azərbaycan bayrağını və xalqını təhqir edən Ermənistan zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün 2006-cı ildə Budapeşt paytaxt məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilən R.Səfərov avqustun 31-də saat 13.40-da “Azərbaycan Hava Yolları” Şirkətinin xüsusi reysi ilə Bakıya gətirilib. R.Səfərovun qaytarılması “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası əsasında həyata keçirilib: “Azərbaycan bu sənədə 2000-ci ildə qoşulub. Konvensiyada məhkum olunmuş şəxsin cəza çəkməsi üçün başqa ölkəyə verilməsinin şərtləri, bu hüquqi tədbirin həm hökm çıxarmış dövlət, həm də şəxsin verildiyi dövlət üçün nəticələri təsbit olunmuş, müvafiq sorğuların verilməsi və onların cavablandırılması qaydasını tənzimləyən müddəalar əksinin tapıb. Konvensiyanın müddəalarına əsasən Macarıstanın müvafiq dövlət orqanları ilə əlaqələr qurulub və Ramil Səfərovun vətənə qaytarılması ilə bağlı intensiv danışıqlar aparılıb. Uzun hazırlıq işinin nəticəsi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Macarıstanın Dövlət İdarəetmə və Ədliyyə Nazirliyinə Ramil Səfərovun ölkəmizə verilməsinin şərtlərini əks etdirən rəsmi sorğu göndərilib. Macarıstandan müsbət cavab alındıqdan dərhal sonra zabitimizin Bakıya gətirilməsinin texniki məsələlərinin həlli üçün işə başlanılıb.Ramil Səfərovun verilməsi ilə bağlı müəyyən problemlər vardı. Çünki proses elə əvvəldən siyasiləşdirilmişdi. Erməni lobbisi onun Azərbaycana verilməsinə ciddi mane olurdu. Qeyd etmək istərdim ki, bu müddət ərzində Ramil Səfərovun ölkəmizə verilməsi məsələsi daim Azərbaycan prezidentinin şəxsi nəzarətində olmuşdur. Bununla bağlı cənab prezident tərəfindən yüksək səviyyəli danışıqlar aparılıb, onun göstərişinə əsasən məsələnin həlli üçün bütün zəruri tədbirlər görülüb. Son nəticədə zabitimizin vətənə dönməsi yalnız Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunmasında hər zaman prinsipiallıq nümayiş etdirən dövlət başçısının siyasi iradəsi və beynəlxalq arenada şəxsi nüfuzu sayəsində mümkün olub".Fuad Ələsgərov deyib ki, “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının müddəalarına görə bu müqavilənin iştirakçısı olan istənilən dövlət öz Konstitusiyasına, yaxud digər hüquqi aktlarına uyğun olaraq verilmiş şəxsi əfv edə bilər, onun barəsində amnistiya tətbiq edə və cəzasını azalda bilər: “Ramil Səfərov artıq cəzasının səkkiz ildən çoxunu çəkib. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən onun əfv edilməsi dövlət başçısının müstəsna səlahiyyətidir və cənab Prezident böyük humanistlik göstərərək bu səlahiyyətindən istifadə edib.Bu, həm də düşmən qarşısında bütün Azərbaycan xalqının həmrəyliyi üçün bir çağırışdır".Müsavat Partiyasının başqanı İsa Qəmbər də Ramil Səfərovun Azərbaycana ekstradisiyasına və dərhal prezident İlham Əliyev tərəfindən əfv edilməsinə münasibət bildirib. “Yeni Müsavat”a açıqlamasında İsa Qəmbər bu hadisəni çox müsbət hadisə adlandırdı: “Ramil Səfərov vətənə qaytarılıb və elə həmin gün əfv edilib. Hesab edirəm önəmli bir hadisədir ki, Macarıstanla Azərbaycan arasında bu problem həll olunub və bu problemin həllində səy göstərənləri də təqdir etmək lazımdır. Ramil Səfərov öz əməlinə görə, çox ciddi bir səhvinə görə kifayət qədər ciddi şəkildə cəzalanıb və Macarıstanda həbsdə olduğu uzun müddətdə də özünü çox yüksək səviyyədə aparıb, dil öyrənib, kitablar tərcümə eləyib. Onun vətəndə olması, azadlığa qovuşması çox müsbət hadisədir, ailəsinə, yaxınlarına, sevənlərinə göz aydınlığı verirəm”.AXCP sədri Əli Kərimli də “Yeni Müsavat”a açıqlamasında R.Səfərovun ekstradisiyasını və əfv olunmasını müsbət hadisə adlandırdı: “Ramil Səfərova qarşı Macarıstanda çıxarılmış hökm çox sərt olmuşdu. Onun məlum əməli törədən zaman üzləşdiyi situasiya, yaxın qohumlarının erməni işğalçıları tərəfindən qətl edilməsi, ölən erməni zabitinin Ramili bu əmələ təhrik eləməsi nəzərə alınmamışdı. Ramil Səfərova ən ağır cəza verilmişdi və o xeyli müddət idi həbsdəydi. Onun azad olunması tamamilə normal bir haldır. Məğlubiyyətdən, işğaldan, qələbəsizlikdən boğaza yığılmış Azərbaycan xalqı haqlı olaraq bu hadisəni kiçik də olsa, bir uğur hesab edir və sevinir. Xeyirlə şər əkizdir. Bu gün biz səhər tezdən çox ağır xəbər aldıq. Avtobusla qatarın toqquşması nəticəsində dünyasını dəyişmiş vətəndaşlarımızın ailələrinə, yaxınlarına başsağlığı verirəm. Bu hadisənin kədərini hamılıqla yaşadığımız məqamda Ramillə bağlı xoş xəbər gəldi”.Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirdi ki, R.Səfərovun gəlişinə bir azərbaycanlı kimi sevinir. Deputat qeyd etdi ki, heç kim törətdiyi cinayətə görə daimi olaraq öz iş yerini və peşəsini itirməməlidir. Səlahiyyətli orqanlar Ramil Səfərovun öz peşəsi ilə bağlı iş yerinə bərpa olunması üçün müraciətini araşdıra bilərlər.R.Səfərovun hüquqlarının müdafiəsi işi ilə bağlı yaradılmış komitənin koordinatoru, deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında R.Səfərovun ölkəyə gətirilməsini milli hadisə adlandırdı: “Buna görə xalqımıza göz aydınlığı verirəm, cənab prezidenti təbrik edirəm... İlk gündən bu işin içində olan insanlardan biri kimi millət vəkili Azay Quliyevlə mən məhz dövlət rəhbərinin razılığı ilə Ramilin hüquqi müdafiə işinə qoşulmuşduq. Bu dövr ərzində ermənilərin, erməniçiliyin Ramil Səfərovu ömürlük orada çürütmək üçün nələr elədiyini çox yaxşı bilirdik... Məhz İlham Əliyevin qərarı ilə Macarıstandakı səfirlik Ramil Səfərova görə açıldı. Ondan sonrakı dövrdə ən müxtəlif səviyyədə dövlət əlaqələri ilə bu işin reallaşması üçün cəhdlər olmuşdu. İki dəfə Ramil Səfərovun ölkəyə gətirilməsi yüz faiz həllini tapmışdı. Amma son anda əngəllənmişdi. Birində Macarıstanda siyasi böhran baş vermişdi, digərində isə Ədliyyə Nazirliyi istefaya getmişdi və proses yarımçıq qalmışdı. Ramilin ölkəyə gətirilməsi və əfv edilməsi dövlət rəhbərliyinin Ermənistana və Qarabağ uğrunda savaşa bir münasibətidir. Bu gün Azərbaycan cəmiyyətində bir qalxınmaya səbəb olan hadisə baş verib. Bu cür hadisələr proses avtomatik qarşı tərəfə təsir göstərir”.R.Səfərovun hüquqlarının müdafiəsi işi ilə bağlı yaradılmış komitənin digər koordinatoru, deputat Azay Quliyev zabitimizin azad edilməsində yalnız və yalnız Azərbaycan prezidentinin əməyi olduğunu qeyd edib: “Ramil Səfərov həbs olunandan bu günə qədər Azərbaycan Prezidenti bütün strukturlara göstəriş verib. Onun azad olunması üçün mümkün olan bütün işlər görüldü. Ona görə də bu, yalnız Azərbaycan prezidentinin adına yazılmalıdır. Prezidentimizin rəhbərliyi ilə Qarabağ da tezliklə azad olunacaq”.Ölkənin, demək olar ki, bütün siyasi partiyaları bu hadisə ilə bağlı təqdir mətnləri yayınlayıblar.Millət vəkili Qənirə Paşayeva isə deyib: “Ramil Səfərovun azadlığa çıxması Azərbaycan prezidentinin böyük xidmətləridir... Ramil Səfərov yeni həbs olunanda onu ziyarət etmək üçün Macarıstana, həbsxanaya getmişdim. Onu ziyarət edən zaman demişdi ki, bayraq və Vətən bizim şərəfimizdir. Biz icazə verməməliyik ki, kimsə onu təhqir etsin. Ramil Səfərov Azərbaycanın layiqli övladlarından biridir. O, elə millətini sevən insandır ki, həbsxanada olanda da milləti üçün yararlı işlər görürdü... Cənab prezidentin bu addımı gənclər üçün örnəkdir ki, Vətəni, milləti, dövləti üçün mübarizə aparan, onun uğrunda ölümdən belə keçməyə hazır olan insanların hər zaman dövlət arxasında olacaq”.Tərəfimizdən onu qeyd edək ki, Ramil Səfərov uğrunda ermənilərlə beynəlxalq səviyyədə gedən savaş qəzetimizə ən azı bir il əvvəldən məlum idi. Bu prosesin içərisində olan mühüm simalardan biri “Yeni Müsavat”ın rəhbərliyinə bildirmişdi ki, Azərbaycan iqtidarı özəl bir kanalla Ramili xilas planı üzərində işləyir. Ramildən başqa o xəbərdə daha 3 persona vardı - prezident İlham Əliyev, “mühüm bir nazir”, tanınan, irimiqyaslı bir iş adamı... Bu barədə yalnız iki gün əvvəl yazdıq - artıq Ramil Səfərovla bağlı proses geriyədönməz şəkildə həll olandan sonra. Orada göstərmişdik ki, proses o dərəcədə məxfi aparılır ki, bunu İlham Əliyev bütün komandası ilə deyil, komandasından bir adamla, - üstəlik dünya çapında əlaqələri olan Azərbaycan əsilli iş adamını da qataraq, - aparır...Bizdəki məlumata görə, İlham Əliyevin məxfi “Ramil əməliyyatı”ndakı “mühüm nazir” Kəmaləddin Heydərov olub. İş adamı isə geniş əlaqələrə sahib olan İlham Rəhimovdur. Onlar erməni lobbisinin müqavimətini qıraraq, üstəlik də, Macarıstana iri sərmayə sözü də verərək, Azərbaycan zabitini Bakıya gətirdilər. Erməni lobbisi Ramili türmədə çürütməkdə, öldürtməkdə israrlı idi. Ancaq şükür ki, xilas planı baş tutdu - Ramil vətəndədir, Azərbaycan onu ermənilərin əlindən alıb, vətənə qaytara bildi.
***
Ramil Səfərovun qəfil və gözlənilməz bir halda Bakıya gəlməsi və dərhal da əfv olunması erməniləri şoka salıb. Dünən günortadan sonra erməni saytları gərginlikdən çatlayacaq hala gəlmişdi. Ermənistan qaynayırdı - XİN bəyan edib ki, Macarıstanla əlaqələr kəsilə bilər, Budapeştdəki erməni səfiri geri çağırılacaq. Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsi və İlham Əliyev tərəfindən dərhal əfv fərmanıyla azad olunması barədə xəbəri şərh edərkən deyib ki, Macarıstan hakimiyyətinin bu addımı ən azı çaşqınlıq və hiddət doğurur: “Çünki Azərbaycanda qatili nə gözlədiyi bilinirdi”.İ.Əliyevin R.Səfərovu əfv etməsinə gəlincə, Şarmazanov deyib: “Bu, növbəti dəfə Azərbaycanın dövlət səviyyəsində ermənilərə nifrət siyasətinin və faşizmin həyata keçirildiyini göstərir”. “Hesab edirəm ki, Azərbaycanın qatili üzrə sarsıdıcı addımı reaksiyasız qalmamalıdır və dünya birliyi tərəfindən mühakimə olunmalıdır ”.APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə isə, sentyabrın 1-də saat 12.00-da Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriləcək. Aksiyadan sonra Macarıstan konsulluğunun binasına doğru yürüş olacaq. “Ayazn” ittifaqı tərəfindən təşkil olunacaq aksiyada R.Səfərovun buraxılmasına etiraz bildiriləcək. İttifaq hesab edir ki, R.Səfərovun Azərbaycana qaytarılmasında Ermənistan rəhbərliyi günahkardır, çünki onlar illər boyu bu məsləyə lazımi diqqət göstərməyiblər.Dünən axşam saatlarında Cəbhə xəttindən də həyəcanlı xəbərlər gəlməkdəydi. Teleqraf.com-un Panarmenian.net-ə istinadən xəbərinə görə, Ermənistan prezidenti Serj Sərkisyan Təhlükəsizlik Şurasının iclasını çağırıb, ardınca isə xarici səfirlərlə fövqəladə toplantı keçirib.Bir sözlə, bütün xəbərlər göstərir ki, zabitimizin azadlığa çıxması erməni cəmiyyətində ciddi məyusluq yaradıb. Son gələn bilgilərə görə, Ermənistan hakimiyyəti cəmiyyətdəki əhval-ruhiyyədən qorxuya düşərək, orduya cəbhə boyu Azərbaycanın mövqelərinə hücuma keçmək əmri verib.Dünən axşam saatlarında elektron KİV-lər məlumat yaydılar ki, cəbhə boyunca atəşkəs rejimi pozulub.
***
Macarıstan Ədliyyə Nazirliyi erməni tərəfinin qaldırdığı hay-küydən sonra Ramil Səfərovun Azərbyacana ekstradisiyası ilə bağlı rəsmi məlumat açıqlayıb.Modern. az saytının məlumatına görə, Macarıstan Ədliyyə Nazirliyi bəyan edib ki, 1983-cü ildə qəbul olunmuş “Məhkumların təhvil verilməsi barədə” Konvensiyaya qoşulan ölkələrdən biri məhbusu öz ölkəsində cəza çəkmək üçün digərinə ekstradisiya edə bilər.Məhbusu qəbul edən tərəf cəzanın çəkilməsini təmin edə, yaxud cəzanı həmin ölkənin daxili hüquqi prosedurları çərçivəsində dəyişdirə bilər.“Azərbaycan həmin Konvensiyanı qəbul etdiyinə görə, Macarıstan Ədliyyə Nazirliyi Ramil Səfərovun ekstradisiyasını həyata keçirib. Konvensiyaya görə, cəza həmin ölkənin qanunvericiliyinə əsasən tənzimlənə bilər”-deyə, Macarıstan Ədliyyə Nazirliyinin bəyanatında bildirilib. /// Yeni Müsavat