Ramin Deko istintaqın ədalətli olacağına inanmır

Bütün Xəbərlər
18:09 06.04.2011
1643

“Mənə hücumla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyəcəm. Hakimiyyətdən hakimiyyətə şikayət mənasız işdir”, - “Azadlıq” qəzetinin reportyoru Ramin Deko “Obyektiv TV”-yə (obyektiv.tv) müsahibəsində deyib.

Xatırladaq ki, aprelin 3-də səhər o, “Jiquli” (07) markalı avtomobildəki üç naməlum şəxs tərəfindən Rəsulzadə qəsəbəsindən Maştağa qəsəbəsinə tərəf aparılıb. Orada dağılmış birmərtəbəli evdə (mebelsiz və digər tanıdıcı əlamətləri olmayan) bir neçə saat ona psixoloji təzyiq göstərilib. Əsasən onun sosial şəbəkədə fəal olmasının, dövlət başçısını tənqid edən məqalələr yazmasının səbəbləri soruşulub. Ondan təkidlə tələb olunub ki, bu cür fəaliyyətinə son qoysun. Əks halda, başqa cür nəticələnə bilər. Saat 16.00-a yaxın Dekonu tünd rəngli xarici maşında Naxçıvan küçəsinə (keçmiş Karl Marksın abidəsinin yaxınlığı) gətirərək buraxıblar.

Aprelin 4-də axşam saat 21.10-a yaxın o, redaksiyadan evə qayıdarkən metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında döyülüb. Dalanda iki naməlum şəxs jurnalistə hücum edərək yerə yıxıblar və təpiklə başına, böyrəklərinə vurublar. Ondan etiraz aksiyalarında iştirak etməmək və müxalifət liderlərini dəstəkləməmək tələb olunub. Jurnalist güclə onların əlindən qurtulub və redaksiyaya qayıdıb.
Bu, son 10 gündə “Azadlıq” qəzetinin əməkdaşının oğurlanaraq döyülməsi ilə bağlı ikinci hadisədir. Belə ki, martın 26-na keçən gecə Seymur Həziyev oğurlanaraq döyülüb.

Mətbuat Şurasının Sədri Əflatun Amaşov bir daha daxili işlər naziri Ramil Usubova «Azadlıq» qəzetinin müxbiri Ramin Dekonun aprelin 3-də oğurlanması və aprelin 4-də döyülməsi faktını xüsusi nəzarət altına almaq çağırışı ilə müraciət edib. Bu gün Turan agentliyinin direktoru Mehman Əliyevlə birlikdə «Azadlıq» qəzetinin redaksiyasına baş çəkən Amaşov bu barədə qəzet kollektivinə məlumat verib.
Bu, son günlər Amaşovun nazirə ikinci müraciətidir. Bir müddət əvvəl martın 26-da «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyevin oğurlanması və döyülməsi ilə əlaqədar analoju müraciət olmuşdu. Həziyevin işi araşdırılır, amma hələlik nəticə yoxdur.

Mehman Əliyev Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu adından bildirib ki, fond zərər çəkmiş jurnalistlərin müalicəsi və gələcəkdə məhkəmədə müdafiəsi üçün maliyyə yardımı göstərməyə hazırdır.

mənbə: Turan

OXŞAR XƏBƏRLƏR