"Həmişə aeroportda ailəmin və dostlarımın məni yola salması və məni qarşılamaqlarını xəyal etmişəm" "Bu gün Azərbaycanda da xaricdəki kimi əsl tələbə həyatı yaşamaq olar" "Xaricdə təhsil məni daha aktiv, daha hərəkətli və daha cəsur etdi" "Braziliyalı dostum cərgəmizə qoşulub ‘Qarabağ Bizimdir, Bizim Olacaq!’ deyə hayqırarkən həmvətənlərim çox təəccüb içində idilər" "Türkiyənin baş naziri Recep Tayyip Erdoğanla görüşdə iştirak edərək ASAIF-i təmsil etdim" "Oxucuların da əgər hər hansı sualları olarsa, həm vətəndə olan həm də xaricdə təhsil alan və ya bu barədə düşünən gənclərimiz mənə müraciət edə bilərlər" Müsahibimiz Dövlət proqramı ilə Böyük Britaniyanın York Universitetində Beynəlxalq Əlaqələr və Siyasət fakültəsində bakalavr təhsili almış, York Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, ASAİF-in fəal üzvü Ramin Həkimovdur.
- Ramin bəy, ilk olaraq özünüz haqda oxucularımıza geniş məlumat verərdiniz .- Ramin Həkimov 28 sentyabr 1989-cu ildə ildə dünyaya göz açmışam, 22 yaşım var. 4 ildir ki, Böyük Britaniyada təhsil alıram. 2008-2009-cu illərdə London İqtisadiyyat və Politologiya Məktəbində (LSE) Foundation hazırlıq kursunu fərqlənmə ilə bitirdikdən sonra York Universitetinə qəbul oldum və hal-hazırda Siyasət və Beynəlxalq Münasibətlər ixtisası üzrə Bakalavr təhsilini bitirərək Bakıya tətil üçün qayıtdım.
- Necə oldu ki, İngiltərədə təhsil almaq qərarına gəldiniz və dünyanın ən nüfuzlu universitetlərindən hesab olunan York universitetinə daxil oldunuz?- Səmimi desəm uşaqlıq arzum idi. Həmişə aeroportda ailəmin və dostlarımın məni yola salması və məni qarşılamaqlarını xəyal etmişəm və bunu məqsədə çevirmişəm. Daha sonra isə 2007-ci ildə qəbul imtahanlarında 626.250 bal toplayaraq Azərbaycan Dövlət İqtasad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin əyani şöbəsinə ödənişsiz əsaslarla daxil oldum. 1 illik təhsilimdə İngilis dili hazırlıqlarına önəm verdim və bir növ xaricdə təhsil almağı özümdə amal bildim. Və çox şükür bu gün artıq 4 il bitdi ki, mən Böyük Britaniyada təhsil alıram. İyul ayının 12-də məzun oluram. - Azərbaycandakı tələbə həyatıyla Böyük Britaniyadakı tələbə həyatının arasında hansı fərqlər var?- İlk öncə onu deyə bilərəm ki mən getdiyim il ilə indiki il arasında 4 il fərq var və bu 4 ildə Azərbaycan kifayət qədər dəyişib, xüsusilə təhsil sistemindəki yeniliklər baxımından. Yeni universitet açılıb, yeniləri inşa olunur və Azərbaycanda da xaricdəki kimi əsl tələbə həyatını artıq yaşamaq olur. Başqa sözlə desək, xaricdə tələbə həyatı dedikdə yataqxana və o illər ərzində yataqxanadakı yaşanılan çətin amma xoş olan günlər yada düşür. Əlavə olaraq, ilkin ağla gələ biləcək ünsürlərdən biri isə kitabxanadır. Demək olar ki, tələbə həyatımız kitabxanalarda keçir, xüsusilə bizləri imtahan vaxtları görməyə dəyər. Kitabxanalar bir növ bizim yaşayış məskənlərimizə çevrilir. Bundan əlavə, son 3 ildi mən evdə qalıram və ilk ili istisna olaraq qalan 2 ili xarici vətəndaşlara evi bölüşərək yaşayırdıq. Tələbə həyatının bizə bəşx etdiyi zənginlik elə burdan gəlir. Əldə olunan həyat təcrübəsi, müxtəlif millətlərin nümayəndələri ilə ünsiyyət və dostluq münasibətləri, onlarla aparılan fikir mübadiləsi və s. Bunlar Böyük Britaniya ilə Azərbaycandakı tələbə həyatının fərqləndirici xüsusiyyətləri müəyyən mənada ola bilər. Ancaq dediyim ki, son illərdə Azərbaycan təhsili və gəncliyi dəyişir. Xüsusilə, may ayında Bakıda olduğum və dissertasiyamı yazdığım zaman Azərbaycan Diplomatik Akademiyasının kitabxanasında oldum və gənclərin təhsilə olan meyllərinin, kitabxanada kitab oxumaq həvəsinin kifayət qədər artdığının şahidi oldum. - Xaricdə təhsil almaq, yaşamaq sizdə nələri dəyişib?- Bu çox maraqlı sualdı. Hətta mənə az verilən suallardandır lakin fikrimcə ən önəmli suallardan biridir. Xaricdə təhsil həyatım hələ ki 18-22 yaşlarımı əhatə edib. Danılmazdır ki, bu illər insan həyatını ən çox formalaşdıran, insanın öz həyat istiqamətini müəyyənləşdirdiyi, yetkinləşdiyi və həyat təcrübəsini, yavaş-yavaş və ya sürətlə dəyişir, bu həyat dinamikasından asılıdır. Xüsusilə qeyd etmək istəyirəm ki mən Böyük Britaniyaya addımımı atarkən xaricdə təhsil almağa başlayarkən bircə azərbaycanlı həmyerlimi belə tanımırdım. İndi isə kifayək qədər geniş şəbəkəyə malik olan gənclərdən biriyəm. Əlavə olaraq, ailədən uzaq düşmək, valideynlərdən kənar və sanki tək, yalnız biri kimi həyatda mübarizəni aparmaq vaxtı gəlib çatdı. Çox şükür olsun ki, hələ ki bu mübarizənin qalibiyəm. Bir sözlə desəm, xaricdə təhsil mənim həyatımı, düşüncəmi, həyata baxış və təcrübəmi, dünya görüşümü, savadımı, intellektual səviyyəmi, insanlarla münasibəti və qısacası Ramin Həkimovu dəyişdi, həm də çox. Dediyim kimi bir çox şey dəyişib, sadəcə yuxarıda sadaladıqlarım deyil. Bəlkə də dəyişməyən bir şey var, o da həyatın dinamika, hərəkətdən ibarət olduğudu. Xaricdə təhsil məni daha aktiv, daha hərəkətli və daha cəsur etdi. - İngiltərənin təhsil sistemi ilə bağlı nə deyə bilərsiz? Oxumaq çətindir?- Maraqlı sualdı, çünki cavab fərdlərin subyektiv fikirlərinə görə dəyişir, ancaq onu deyə bilərəm ki, ümumiyyətlə Böyük Britaniyada Universitetlərin reytinq cədvəlindəki tutduğu yerlərə görə dərslərin çətinlik səviyyəsi dəyişir. Məsələn, Britaniyanın ən yaxşı 10 universitetində keçilən dərslərlə digər universitetlərdəki dərslər fərqlənə bilər. York universiteti də ilk 10-luqda olduğu üçün keçilən dərslər ağırdır. Sual bir başqa mənada da maraqlıdı çünki ümumi reytinqlə bərabər universitetlər ixtisaslara uyğun da müxtəlif reytinqlərdə olurlar. York universitetində sosial elmlər – siyasət, beynəlxalq münasibətlər, ictimai siyasət və idarəetmə yüksək səviyyədədir. Ona görə də təbii olaraq dəsrlər özü-özlüyündə ağırlaşır və çətinləşir. Dediyim kimi, vaxtımızın böyük hissəsi kitabxanada keçir. Nəzərə alsaq ki, mənim ixtisasımda dəsrliklər çoxdur və çox kitab, akademik jurnallar və elektron materiallar oxumaq tələb olunur, tələbə olaraq işimiz daha da çətinləşir, texniki fənnlərdən fərqli olaraq. Lakin nəticə olaraq onu deyə bilərəm ki, məqsəd oxumaqdırsa, oxumaq çətin olmamalıdır. - Problemləriniz olanda necə həll edirsiz? Kimə müraciət edirsiz?- Ümumiyyətlə problemlər olarkən ilkin mərhələdə çalışıram ki, özüm həll edim. Ona görə bəzən paylaşmağa belə üstünlük vermirəm. Amma onu da deyim ki, problemlərin olması çox normaldı və bu kimi hadisələr insanın daha da təkmilləşməsinə, ümumilikdə özünü inkişafa gətirib çıxarır. Olar bilər ki, çətinliyə üstünlük verdiyim üçün belə düşünürəm. Ümumiyyətlə belə bir fakt var və həmişə bunu yadda saxlayaraq mübarizəmi aparıram. Əgər həyatında hər şey tam olaraq öz axarındadırsa, heç bir problem yoxdursa, o zaman nəsə yanlışdır və nəsə problem var. Və bir də onu unutmaq lazım deyil ki, gözəl olan göy qurşaqları yağışdan sonra özünü səmada göstərir. Ona görə də çətinliyə düşməkdən və problemlərlə üzləşməkdən qorxmaq lazım deyil. - Bu 4 il ərzində Azərbaycanla bağlı nə kimi tədbirlər, görüşlər keçirmisiz? - Bu sualı verdiyinizə görə öncəliklə minnətdaram. Bu suala verdiyimiz cavablar vasitəsilə oxucular, ümumiklə Azərbaycan ictimaiyyəti gənclərimizin hansı fəaliyyətlə məşğul olduqlarını və Azərbaycanı kimlərin necə təmsil etdiklərini öyrənə bilirlər. Bu suala veriləcək cavab doğurdan da uzundur və çoxdur lakin mən ən yadda qalanlarını sadalamaq istərdim. Britaniyada iştirak etdiyim ilk tədbir 2008-ci ildə Londondakı Xocalı Aksiyası idi, hardasa 25-30 adam var idi. Lakin, sonrakı illərdə təşəbbüsü təcrübəli dostlarımızla ələ aldıq və aksiyanın həm effektivliyini, həm də əhatə dairəsini kifayət qədər genişləndirdik. Buna ən son misalı bu ilki 25 fevralda Britaniyanın paytaxtı London şəhərində mənim və başqa universitetlərdə təhsil alan iki dostumun təşkilatçılığı ilə indiyə qədər Britaniya tarixindəki bizlərdən ibarət ən böyük Xocalıya Ədalət aksiyasını təşkil etdik. Aksiya 300 nəfərin iştirakı ilə baş tutdu. Aksiyanın ən önəmli cəhətlərindən biri isə yenə də ilk dəfə olaraq beynəlxalq, yəni əcnəbi dostlarımızın iştirakı və bizə öz bayraqları ilə verdikləri dəstək idi. Bunlar arasında təbii ki, türk qardaşlarımızla bərabər, fələstinli, macarıstanlı, gürcüstanlı, braziliyalı, livanlı, bosniyalı, israilli, kosovalı, rusiyalı və qazaxstanlı dostlarımız iştirak etdi. Hətta mənimlə bir evdə yaşayan, Erasmus tələbəsi olan və York şəhərindən Londona bizə dəstək üçün gələn braziliyalı dostum bayrağını çıxarıb cərgəmizə qoşulanda, ‘Qarabağ Bizimdir, Bizim Olacaq!’ deyə hayqırarkən həmvətənlərim çox təəccüb içində idilər. Bundan əlavə, mən 25 yanvar 2010-cu ildə əsası qoyulan York Azərbaycan Cəmiyyətinin təsisçisi və sədriyəm və Xaricdə Təhsil Alan və Məzun olan Gənclərin Beynəlxalq Forumunun (ASAİF) də Böyük Britaniya üzrə kordinatoru və İdarə Heyətinin üzvüyəm. York Azərbaycan Cəmiyyəti ASAİF in dəstəyi ilə bir çox tədbirlərin keçirilməsinə imzasını atmışdır. Onu da deyim ki, son “Xocalı Ədalət” aksiyasının da təşkilatçısı və dəstəkçisi ASAIF idi. Cəmiyyətimizin uğurlarından bəhs etməzdən öncə bir uğurumu qeyd etmək istərdim. York Universitetində 12000 tələbə var və bunların 4000-ni özündə birləşdirən Beynəlxalq Tələbələr Assosiasiyası var. Keçən il mən bu assosiasiyanın səsvermə yolu ilə keçirilən seçkilərində 50 ölkə üzrə Avropa Nümayəndə Heyətinin sədri seçildim. Bir azərbaycanlının bütün Avropa üzrə nümayəndə heyətini idarə etməsi həqiqətən də çox qürurverici hal idi. Bundan əlavə, keçən il həmçinin hər il keçirilən millətlər arası mədəniyyət müsabiqəsində 1000 nəfərlik bir auditoriya qarşısında keçirilən yarışda Azərbaycan və Türkiyə birlikdə çıxış edərək Çindən sonra 17 səs fərqi ilə ikinci yerə layiq görüldü. Diplomlarımız və kubokumuz hələ də mənə o anları xatırladır. Başqa bir uğurlu tədbir isə Böyük Britaniyadakı səfirliyimizin və ASAIF- in dəstəyi ilə York Universitetində keçirilən ictimai leksiya idi. Müzahirəçi isə 40 ildən artıq Qafqaz regionu üzrə mütəxəssis olan Tamara Draqadze idi. Leksiyanın mövzusu ‘Sovet İttifaqının dağılması, Azərbaycanın Müstəqillik Mübarizəsi: Qarabağ və Xocalı’ idi. Leksiyada 100 tələbə və akademik heyət iştirak etdi və tədbir sual-cavab bölümü ilə sona çatdı. Bundan əlavə öz cəmiyyətimizi və təbii ki, ASAİF-i bir çox tədbirdə, rəsmilərlə görüşdə, konfranslarda təmsil etmişəm. Bunlara misal olaraq Böyük Britaniya Parlamentində həm Lordlar, həm də İcmalar Palatasındakı konfransları, Xocalı ilə bağlı keçirilən dəyirmi masaları, müxtəlif tədbirləri göstərmək olar. Bunlara aid ola biləcək ən son misallardan biri isə mənim 27 fevral 2012-ci ildə Londonda Türkiyənin Avropa İttifaqı münasibətləri üzrə nazir və baş məsləhətçi Egemen Bağışla Londondakı 30 türk arasında keçirilən görüşdə yeganə Azərbaycanlı olaraq çıxış etməm və ASAIF-i təmsil etməmdir. 10-16 May 2012-ci il tarixlərində ASAIF İstanbul və Ankarada keçirilən rəsmi görüşlərdə mənim təfərimdən təmsil olundu. Bu 6 günlük müddətdə mən Yeditepe, Sabancı və OTTÜ universitetlərinin rektor müavinləri, beynəlxalq münasibətlər department müdirləri, akademik heyət və gənclər şurasının idarə heyəti ilə görüşlərdə iştirak etdim. Daha sonra isə Türkiyənin bir çox millət vəkili, Fatih bələdiyyə sədr müavini ilə, Türkiyə Böyük Millət Məclisi İnformasiya Texnologiyaları və Elmi İşləmlər şöbəsinin müdiri-başqan doktor Zeki Çiftçi, bir çox millət vəkilləri, Gənclər və İdman Naziri Suat Kılıç, Energetika və Təbii Sərvətlər Naziri Taner Yıldız və nəhayət Baş Nazir Recep Tayyip Erdoğanla olan görüşlərdə iştirak edərək ASAIF-i təmsil etdim. - Ramin bəy, bəzi gənclər var ki, Avropada təhsil alandan sonra Azərbaycana dönmək istəmirlər? Sizcə bu nəylə bağlıdır?- Bu sualın cavabı əksər hallarda xaricdə təhsil alan gənclərimizin geriyə qayıtdıqdan sonrakı işlə təminatı məsələsi üzərində qurulur. Bu suallara keçirilən ASAIF forumlarında da rast gəlmək mümkün olur. Məsələn, ASAIF-in bu ilki Budapeşt forumunda əmək yarmarkası keçirilərək özəl sektordan şirkətlər dəvət olunmuşdu və onlar xaricdə təhsil alan ve öz keyfiyyətləri ilə seçilən hazır 200 tələbə ilə bir platformada tanış olmaq şansı əldə etdilər və bu tələbələrin CV ləri toplandı. Yarmarkada iştirak edən özəl sektor nümayəndələri onlar üçün potensial iş yerləri idi və bu özündə stimuldur ki, xaricdə təhsil alan gənclərimiz vətənə qayıtmağa üstünlük versinlər. Bundan əlavə, bilirsiniz ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramı ilə xaricdə təhsil alan gənclərimiz çoxdur. Onlar artıq qayıdarkən iş yerlərinə qəbul üçün keçirilən test imtahanlarından azad olunurlar və sadəcə müsahibədən keçdikləri halda işlə asanlıqla təmin oluna bilirlər. Bu proseslərdən uğurla keçən şəxsən mənim bir çox dostum var. Lakin unutmamaq lazımdır ki, xaricdə öz hesabına və ya universitetlərin ayırdığı təqaüdlərlə də təhsil alan gənclərimiz var və onlar kiyafət qədər çoxdur. Düşünürəm ki, eyni prosesi bu gənclərimiz üçün də tətbiq etmək olar və bu onların vətənə qayıtmaqları üçün böyük stimul olar. Sonda onu deyim ki, məsələ əslində tam Azərbaycana qayıtmaq qayıtmamaq məsələsi deyil, məsələ Azərbaycana olduğumuz hər yerdə fayda və yarar vermək məsələsidi. Bir çox gəncimiz da xaricdə qalıb vətən üçün bir çox iş görə bilərlər və mən bu kimi işlərdə bacarıqlı olan gənclərimizin dəstəkçisiyəm. - Özünüz Azərbaycanda çalışacaqsız?- Dediyim ki, zaman-zaman harada tələb olunarsa, harada Azərbaycanımıza daha çox fayda verəcəyimə və daha çox uğur gətirəcəyimə inanıramsa orada da çalışa bilərəm və təbii ki, könül istər ki, Azərbaycanda da qalım və vətəndə millətçiliyimiz və dövlətçiliyimizə xidmət edim. - ASAİF-in sədri Orxan Əkbərov vəzifədən gedəcəyini deyib. Yaxın aylarda sizi ASAİF-in sədri kimi görə bilərikmi? - Bilirsiniz, Orxan Əkbərovun getmək qərarı ASAIF-çilər tərəfindən həm sürpriz kimi, həm də normal bir proses kimi qəbul olunmalıdır. Səbəb olaraq onu göstərmək kifayətdir ki, 2 il ərzində Orxan Əkbərov sadəcə ASAIF təşkilatı deyil, həm də ASAIF ailəsi yaratmışdır. ASAIF-in yarandığı və nizamnaməsinin qəbul olunduğu gündən etibarən mən bu təşkilatdayam və özümü fərdi, səmimi münasibətlər üzərində qurulmuş bir ailə kimi hiss edirəm. Nəticə etibarilə Orxan Əkbərovun getmək qərarı da normal bir prosesdir, yüksəlmə yoludur və əminəm ki Orxan Əkbərov çox qısa zamanda öz işlərinə daha yüksək vəzifələrdə davam etdirəcək və Azərbaycanı layiqincə həmişə olduğu kimi təmsil edəcəkdir. Başqa bir sözlə, artıq Orxan Əkbərov öz yerini daha gənc insanlara verir, onlara şans verərək onlara dəstək olaraq daha gənc fəallarımızın ASAIF liderliyinə yüksəlməsinə öz töhfəsini verir. Sualın mənə aid olan hissəsini isə belə cavablandırardım. Hal-hazırda ASAIF-in sədri, ASAIF ailəsinin lideri, böyüyü Orxan Əkbərovdur. ASAIF-in avqust forumu olacaq və bu forumda yeni seçkilər baş tutacaq. Orxan Əkbərov da namizəd olmadığını burada açıqlayacaq. Artıq sosial şəbəkələrdə xüsusilə facebookda sorğular keçirilir ki, kimləri namizəd olaraq görmək istərdiniz ASAIF sədrliyinə. Çox sağ olsun ASAIF ailəsi, dostlarımız məni də namizədlər arasında görür və dəstəkləyir. Bu çox yaxşı mənada təəccüblü və gözlənilməz haldır, ona görə də bütün ASAIF ailəsi üzvlərinə, bütün dostlara, məni namizəd olaraq bilən və dəstəkləyən hər kəsə çox minnətdaram ancaq dediyim ki, ASAIF-in sədri Orxan Əkbərovdur və rəsmi seçkilər elan olunmayana qədər bu barədə danışmaq məncə çox tezdir. Ona qədər yenə biz tələbələr və məzunlar olaraq öz işlərimizi görməli, avqusta qədər yenə Azərbaycanı təmsilən tədbirlər keçirməli və keçirilən tədbirlərdə aktiv iştirak etməliyik. Rəsmi seçkilər elan olunarkən isə artıq o zaman namizədlik barəsində düşünmək olar. - Ramin bəy, son olaraq oxucularımıza nə demək istərdiz?- Oxuculara ilk növbədə müsahibəmi oxuduqlarına görə minnətdaram. Oxucuların da əgər hər hansı sualları olarsa, həm vətəndə olan həm də xaricdə təhsil alan və ya bu barədə düşünən gənclərimiz mənə müraciət edə bilərlər, fikir mübadiləsində çox asanlıqla iştirak edə bilərik. Oxucularımız içində xaricdə təhsil almaq istəyən gənclərimiz varsa, və bu hazırlıq mərhələsindədirlərsə məsləhətim daim öz işlərinə, xüsusilə təhsillərinə çox məsuliyyətlə yanaşmalarıdır, xaricdə təhsilin rahatlıq olmadığı, əksinə əziyyətə qatlanmağın gərəkli olduğunu dərk etmələri və bu yöndə hər cür hazırlıqlı olmaları və təbii ki ASAIF-in fəaliyyətini izləmələri və bu fəaliyyətin aktivlərindən olmalarıdır. Hacıbəy HEYDƏRLİ