Ramiz Mehdiyev İslam Partiyası üzvlərinin həbsindən danışdı
Bütün Xəbərlər
02:05 24.09.2011
1458
“Qafqazda dini, daha dəqiq desək, dini-siyasi ekstremizm də getdikcə genişlənməyə başlayır”. Bunu Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündəki çıxışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev deyib. Onun sözlərinə görə. bu gün müxtəlif ekstremist qruplar öz məqsədləri üçün radikal dini ideyalardan istifadə etməklə dünyəvi və demokratik dövlət quruluşunu dəyişməyə yönəlmiş fəaliyyəti həyata keçirməyə çalışırlar: “Onlar cəmiyyətdə sabitliyi pozmağa, dini və sosial vəziyyəti kəskinləşdirməyə çalışırlar. Dini ekstremistlərin fəaliyyəti nəticəsində yaranan təhlükəni artıra biləcək bəzi risk amillərini qeyd etmək lazımdır”. Ramiz Mehdiyev bildirib ki, sovet dövründə dini təhsil sahəsində boşluq yaranıb, dini ənənələrin və baxışların nəsildən-nəslə keçməsində əlaqə kəsilib: “Bu, nəticə etibarilə əhali arasında dini savadsızlığın artmasına gətirib çıxarıb. Keçən əsrin 90-cı illərindən başlayaraq bu boşluq sürətlə dolmağa başlayıb. Ekstremist təmayüllü çoxsaylı dini qruplar və təşkilatlar da bundan istifadə etməyə çalışırlar. Onlar çox vaxt bu məsələdə marağı olan xarici dövlətlərin xüsusi xidmətləri tərəfindən maliyyələşdirilir. Bu qruplar öz tərəfdarları sırasına ənənəvi din haqqında ən adi təsəvvürü olmayan insanları cəlb edir, onları yabançı və məhdud dini mədəniyyət bazasında öyrədir və ölkədə vəziyyətin sabitliyini pozmağa göndərirlər. Çox vaxt bu adamları xaricdə öyrədir, bu halda müəyyən dini ideyaların zorla qəbul etdirilməsi ilə kifayətlənməyib, döyüş vərdişlərinin öyrədilməsi də nəzərdə tutulur”. “Dini ekstremistlər öz ideyalarını yaymaq və təsirini gücləndirmək üçün əhalinin müəyyən təbəqələrinin, xüsusən qaçqınların və məcburi köçkünlərin ağır sosial-iqtisadi vəziyyətindən də istifadə edir, müəyyən maddi nemətlər təklif olunması müqabilində tərəfdarlar cəlb edirlər. Dini ekstremist qruplar öz baxışlarını sadəcə yaymırlar, onlar terror aktlarından, təxribatlardan və digər zorakı hərəkətlərdən istifadə etməklə məqsədlərinə çatmağa çalışırlar. Ölkəmizdə hüquq mühafizə orqanları bu cür fəaliyyətin qarşısını almaq üçün bütün zəruri tədbirləri görürlər. Məsələn, son illərdə Pakistanda Şimali Vəziristan ərazisində “Əl-Qaidə” düşərgələrində hazırlıq keçmiş qanunsuz silahlı dəstənin üzvləri məhkum edilib, “Sumqayıt camaatı” terror qrupu zərərsizləşdirilib. Bundan əlavə, dini təmayüllü “Ceyşulla”, “Hizbut-Təhrir”, “Əl-Qaidə Qafqaz”, “İmam Mehdinin şimal ordusu” və başqa terror təşkilatlarının özəkləri ləğv edilib, həmin təşkilatların 189 üzvü cinayət məsuliyyətinə cəlb olunub”, - Prezident Administrasiyasının rəhbəri bildirib. Ramiz Mehdiyev deyib ki, xüsusi xidmətlər tərəfindən ölkədə beynəlxalq humanitar təşkilatlar adı altında fəaliyyət göstərən yeddi dini-ekstremist qrupun hüquqazidd fəaliyyətinin sübutları toplanıb. Nəticədə həmin təşkilatların dövlət qeydiyyatı ləğv edilib, onların fəaliyyəti qadağan olunub. O, Azərbaycan İslam Partiyası fəallarının həbsinə də toxunub: “Dini ekstremist fəaliyyətin qarşısının alınması ilə əlaqədar son hadisələr arasında rəsmi qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının və bu partiya ilə əlaqədar şəriət qanunları ilə idarə olunan dövlət yaratmağa açıq çağırışlar edən dini icmaların üzvlərinin həbsini də qeyd etmək olar. Bu təşkilatın üzvləri həbs edilərkən onlardan silah və sursat götürülüb. Hazırda onların fəaliyyəti diqqətlə araşdırılır”.