Ramiz Mehdiyevin yeni məqaləsi - TAM MƏTN

SİYASƏT
10:48 26.04.2013
5505

“Bu, yumşaq desək, absurd mühakimədir”

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev bir müddət əvvəl yazdığı “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinə verilən şərhlərdə məqaləyə qarşı irəli sürülən iradlara cavab verib. “Qafqazinfo” akademikin yeni yazdığı “Tarixi idrakın elmiliyi problemlərinə dair” məqaləsini təqdim edir: *** Mənim 2012-ci il noyabrın 29-da "Bakinski raboçi" qəzetində, sonra isə dekabrın 5-də "Azərbaycan" qəzetində dərc edilmiş "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı məqaləm milli tarixlə maraqlananların diqqətindən yan keçməmiş, cəmiyyətdə yaradıcı diskussiyalara səbəb olmuşdur. Məqalənin Azərbaycanın müxtəlif ənənəvi və elektron KİV-lərində dəfələrlə nəşr edilməsi, sosial şəbəkələrdə müzakirəyə çıxarılması bunu bir daha təsdiq edir. Gözlənildiyi kimi, məqaləyə rəylərin heç də hamısı peşəkar tarixçilər tərəfindən yazılmamışdır. Düzdür, hər bir fikrin mövcudluq hüququ var, lakin həmin rəylərin heç də hamısı elmiliyə və akademik meyarlara iddia etmək iqtidarında deyildi. Hisslərin təsiri altında olan təfəkkür obyektiv elmi araşdırmaya xidmət etmir. Bizim tariximizə dair ayrı-ayrı yazıların elmi-tənqidi təhlili məni tarix elminin nəzəri və fəlsəfi əsaslarının bəzi məsələlərinə müraciət etməyə sövq etdi. Müsbət fakt odur ki, Şah İsmayıl haqqında məqalənin dərc edilməsi ilə əlaqədar milli kütləvi informasiya vasitələrində diskussiyalar və rəylər əyani şəkildə göstərir ki, bizim tarix elminin ictimai dərkində müəyyən mənada yenidən qiymətləndirilmə baş vermişdir. Məqalə milli tarixə, Azərbaycan xalqının tarixi şəxsiyyətlərinə maraqlı münasibət yaranmasına bir növ təkan vermişdir. Mən bu marağı keçmişdə baş vermiş hadisələrin özünəməxsus interpretasiyası olan Azərbaycan tarixinin "mənasının dərk edilməsi" adlandırardım. Məsələ burasındadır ki, formalaşmaqda olan informasiya cəmiyyətində zaman gələcəyə istiqamətlənmişdir. Bizim gələcəklə maraqlanmağımızın əsas səbəbi budur. Lakin gələcəyi öncədən görmək üçün bu günümüz barədə aydın təsəvvürümüz olmalıdır, eyni zamanda, keçmişin dərslərini unutmamalıyıq. Biz bunu istəsək də, istəməsək də hər birimiz keçmiş dövrün yükünü daşıyırıq və bu yükdən yaxa qurtarmaq qeyri-mümkündür. Zaman isə insan şüuruna xas olan dəyişikliklərin - yaranma, təşəkkül, cərəyan etmə və yoxolma mərhələlərinin - qavranılması formasından başqa bir şey deyildir. Buna görə də deyə bilərik ki, insan həm təbiətdə, həm də bəşər tarixində baş vermiş hadisələrdən asılıdır. Deməli, bu günümüz özündə keçmişin izlərini daşıyır və öz növbəsində o özü də gələcəyin təşəkkülünə təsir göstərir. Zamanın keçmiş, indiki və gələcək dövrlərə bölünməsi anlayışının mahiyyəti də bundan ibarətdir. Buna görə də insanların öz keçmişinə marağını insan şüurunun təbii inikası kimi başa düşmək lazımdır. Müasir dünyada böyük dövlətlər özlərinin geosiyasi maraq zonalarında "ikili standartlar" siyasəti yeritdiklərinə baxmayaraq, milli tarix, onun məzmunu və mərhələləri barədə düşünəndə məndə sağlam nikbinlik, layiqli gələcəyimizə səmimi inam oyanır. Mənim fikrimcə, bizim vətəndaşlarda öz keçmişinə maraq yaranmasının bir səbəbi də məhz bundan ibarətdir. Bəli, bu gün biz müşahidə edə bilərik ki, Azərbaycan cəmiyyətində öz milli tarixini öyrənməyə tələbat tükənməmişdir. Bu dərk edilmiş tələbat Azərbaycan xalqının tarixinin sovet ideologiyası çərçivəsində müəyyən obyektiv və subyektiv səbəblər üzündən elmi metodologiyanın tələbləri nəzərə alınmadan tədqiq edilmiş səhifələrinin öyrənilməsi işində bizim alimlərin üzərinə çox böyük məsuliyyət qoyur. Həmin metodologiya elmi tədqiqatları istiqamətləndirməli və elmi bilikləri əsaslandırmalı olan rasional prinsip və proseslərin sistemli təhlilini nəzərdə tutur. X X X Lakin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı məqalənin davamı olaraq nəzərdə tutulan bu işin əsas mövzusunun şərhinə başlamazdan əvvəl həmin məqaləyə ayrı-ayrı rəylərdə səslənmiş bəzi fikirlərə qayıtmaq istərdim. Qeyd etmək lazımdır ki, həmin əsərə verilən müsbət qiymətlərlə yanaşı, bəzi məqalələrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Şah İsmayıl Səfəvinin şəxsiyyətlərinin müqayisəsi barədə şərhlər və rəylər, habelə Şah İsmayılı Azərbaycan tarixindən hər vasitə ilə ayırmaq və onu sırf İran sivilizasiyasına aid etmək arzusu nəzərə çarpır. Şah İsmayılın özünün şəxsi keyfiyyətlərini, prioritetlərini və həyati prinsiplərinin əhəmiyyətini azaltmaqla, onun siyasi və ideoloji ətrafını ucaltmaq üçün göstərilən bəzi cəhdləri də qeyd etməmək olmaz. Həmin şərhlərin cavabsız qoyulması bu cür yazıların müəlliflərinin səhv mövqeyi ilə razılaşmaq demək olardı, bu isə Şah İsmayıl Səfəvinin siyasi irsinin yeni, daha qərəzli və səthi şəkildə qiymətləndirilməsinə rəvac verərdi. Bəzi müəlliflərin "heyrətlənməsinə" səbəb olmuş məsələlərdən biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Şah İsmayıl Səfəvi arasında tarixi oxşarlıq məsələsidir. Açıq deyirəm, bununla əlaqədar söylənilən fikirlər öz məhdudluğu ilə fərqlənir və heç bir elmi tənqidə davam gətirmir, üstəlik, onlarda dərin və əsassız subyektivlik nəzərə çarpır. Bu məsələnin qeyri-obyektiv və səhv şərh olunduğunu yəqin etmək üçün belə məqalələrin müəlliflərinin məntiqi mühakimə zəncirini izləmək kifayətdir. Onların mühakimələri buna əsaslanır ki, Şah İsmayıl Səfəvi çoxsaylı işğallar nəticəsində imperiya yaratmışdı, Heydər Əliyevin başçılıq etdiyi dövlət isə vaxtilə çox böyük dövlətin yalnız bir vilayəti idi. Açıq deyirəm, məsələyə bu cür yanaşma sağlam düşüncəyə ziddir, çünki bu yanaşmada həm Şah İsmayıl, həm də Heydər Əliyev dövrünün tarixi reallıqları, xüsusiyyətləri, onlara qalmış miras nəzərə alınmır. Bu şəxsiyyətlərin ölkə rəhbərliyinə gəldiyi dövrün xüsusiyyətlərini, sosial-siyasi və iqtisadi şəraiti, cəmiyyətin xarakterini necə inkar etmək, daxili və xarici siyasi qüvvələrin nisbətini, habelə onların dövrünün digər tərkib hissələrini necə nəzərə almamaq olar? Bundan əlavə, məgər şəxsiyyətin böyüklüyü həmin liderin başçılıq etdiyi dövlətin ərazisinin ölçüsü ilə müəyyən edilir? Bu, yumşaq desək, absurd mühakimədir. Bir sıra dövlətlərin tarixi bu cür arqumentləri rədd edir. Əlbəttə, az-çox savadı olan hər bir insana aydındır ki, həmin iki dövrdə vəziyyət bir-birindən əsaslı şəkildə fərqlənirdi. Şah İsmayıl güclü imperiya yaradaraq Azərbaycan torpaqlarını birləşdirmiş, Ağqoyunlu dövlətinin keçmiş qüdrətinin artıq öz dövrünü başa vurmuş miskin qalıqlarını ləğv etmiş və ümumi Azərbaycan arealının bir hissəsi olan bəzi Azərbaycan vilayətlərinin separatist səylərini neytrallaşdırmışdır. Qacar, Əfşar, Rumlu və digər ən iri türk tayfaları mərkəzləşmiş vahid dövlət yaradılmasında və onun möhkəmləndirilməsində Şah İsmayılı silah və maddi resurslarla dəstəkləyirdi. Bununla bərabər, unutmaq olmaz ki, Şah İsmayıl Azərbaycanı birləşdirərkən hər halda başqa bir tarixi dövrün özünəməxsus çağırışlarını dəf edirdi. Tarixin hər bir mərhələsi onun üçün səciyyəvi olan ictimai-siyasi proseslərin, vəziyyətin və inkişaf dövrlərinin əvəzlənməsi ilə zəngindir. Heydər Əliyevin müstəqil dövlət qurmaq yoluna qədəm qoyduğu dövr geosiyasi baxımdan daha mürəkkəb idi. O, dünyanın aparıcı dövlətlərinin Cənubi Qafqazda nüfuz, Xəzərin nefti, boru kəmərləri və sair uğrunda genişlənməkdə olan sərt və kompromissiz çəkişmələri fonunda ölkənin ayrı-ayrı vilayətlərə bölünməsinə qarşı qətiyyətlə mübarizə aparmış, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması uğrunda çox cüzi resurslarla, necə deyərlər, "topsuz və əsgərsiz" rəşadətlə fədakarlıq nümayiş etdirmişdir. Ermənistanla müharibəni, siyasi hərc-mərcliyi, iqtisadiyyatın bərbad vəziyyətdə olmasını, ölkənin ayrı-ayrı hissələrə parçalanması, vətəndaş müharibəsi başlanması təhlükəsini nəzərə alsaq, 1993-cü ildə - Heydər Əliyev ölkəyə rəhbərliyi öz əlinə aldığı dövrdə Azərbaycanda yaranmış vəziyyəti təsəvvür etmək çətin deyil. Bu sözləri heç də Şah İsmayılın üstünlüklərini azaltmaq kimi qəbul etmək lazım deyil, əsla! Mənim məqsədim daha sadədir - bu şəxsiyyətlərin fəaliyyətinə tarixi kontekstdən yanaşmadan, həm Heydər Əliyevin, həm də Şah İsmayıl Səfəvinin müstəqil dövlət yaratmaq məsuliyyətini öz üzərinə götürdükləri dövrlərin xüsusiyyətlərini nəzərə almadan qiymətləndirən insanların səhvlərini göstərməkdir. Onlar öz dövrünün görkəmli şəxsiyyətləri olmuşlar. Şübhəsiz, onların formalaşdığı sosial-siyasi və iqtisadi şərait fərqli idi, hər ikisi müxtəlif təhdid və çağırışlara qarşı malik olduqları müqayisəyəgəlməz resurslarla mübarizə aparmağa məcbur idi. Onları birləşdirən yeganə cəhət isə Azərbaycan dövlətini yaratmaq və onu qoruyub saxlamaq ideyasıdır. Həm Şah İsmayılın, həm də Heydər Əliyevin siyasi xəttinin ən əsas vəzifəsi güclü və müstəqil Azərbaycan yaratmaq idi. Ona görə də bu böyük şəxsiyyətlərin Vətən qarşısında xidmətlərini qiymətləndirərkən əsas meyar onların öz qarşısına qoyduğu məqsəd və vəzifələr və həmin məqsəd və vəzifələrə nail olmağa yönəlmiş fəaliyyətləri olmalıdır. Mən Şah İsmayılın və Heydər Əliyevin xidmətlərini vurğulayarkən Azərbaycanın bu böyük oğullarına lazımi qiymət vermək istəyindən çıxış etmişəm. Xalqımız yeni dünya nizamının formalaşdığı şəraitdə özünün dünya tarix səhnəsində qalmasına görə onlara borcludur. Məhz bu səbəbdən, xalqımızın tarixində bu qeyri-adi şəxsiyyətlərin böyük roluna qara yaxmaq cəhdləri cəfəngiyat və ifrat dərəcədə qərəzli cəhdlər kimi görünür. Bəzi müəlliflərin Azərbaycan dövlətçiliyinin yaradılmasında həm Şah İsmayıl Xətainin, həm də Heydər Əliyevin rolunu kiçiltmək cəhdləri ya həmin müəlliflərdə dövlətçilik təfəkkürünün olmamasına dəlalət edir, ya da Azərbaycan tarixinin dərin reallıqlarını, onun qədim və zəngin mədəniyyətinin dəyərini anlamayanların, azərbaycanlıları öz nadir etnik tarixi olmayan insanlar kimi təqdim etməyə çalışanların həmin müəlliflərə təsirinin nəticəsidir. Heydər Əliyev doğma xalqının ən yaxşı ənənələri ruhunda tərbiyə almış insan idi. Azərbaycanın mədəniyyəti və tarixi, Azərbaycan xalqının taleyi onun bütün dövlətçilik fəaliyyətinin meyarı idi. Onun ana dilinə qayğıkeş münasibəti, Azərbaycanın çox zəngin mədəni irsinə qayğı ilə yanaşması, müstəqil müasir Azərbaycan dövlətinin yaradılmasına yönəlmiş səyləri - bütün bunlar əsrlər keçəndən sonra Heydər Əliyevi Şah İsmayıl Səfəvi ilə birləşdirən siyasi niyyətlərin vəhdəti haqqında danışmağa imkan verir. Azərbaycan dövlətinin bu gün gördüyümüz şəkildə formalaşması prosesində bir neçə mərhələ müşahidə olunur. Yalnız mərkəzləşdirilmiş unitar dövlət sayəsində siyasi millətin gələcəyini təmin etmək, onun üçün tarixi inkişaf perspektivini qoruyub saxlamaq mümkün ola bilərdi. Mənim məqaləmdə Azərbaycan xalqının böyük tarixi şəxsiyyətləri, onların cəmiyyətin daxili institusional quruluşuna və konsolidasiyasına, habelə Azərbaycan dilinin dövlət dili səviyyəsinə çatdırılmasına töhfələri ilə əlaqədar iki mühüm aspekt xüsusi qeyd edilmişdir. Məhz Azərbaycan dilinə dövlət dili statusu verilməsi müxtəlifdilli tayfa və etnosların dövlət ətrafında birləşməsinə kömək etmiş, bu isə dövlətin güclənməsi və xarici təhdidlərə davam gətirə bilməsi üçün möhkəm baza yaratmışdır. Səfəvilər imperiyası Dərbənddən Kabilə qədər geniş ərazidə müxtəlif mədəniyyətlərin, tayfaların və xalqların konqlomeratı idi. Onları bir dövlətdə birləşdirmək üçün dövlətçilik təfəkkürü, sərkərdə qabiliyyəti və siyasi istedad tələb olunurdu. Şah İsmayıl və onun ətrafındakılar başa düşürdülər ki, xarici təhdid və çağırışlara cavab verməyə qabil olan güclü dövlət yaratmaq ideyasını yalnız güclü sosial dəstək olduqda və hərbi-siyasi amillərdən istifadə etməklə həyata keçirmək olar. Bəli, Şah İsmayıl Azərbaycan türklərinin dövlətini yaratmışdır. Mənim fikrimcə, bu, onun tarixi fəaliyyətinin zirvəsidir. Şah İsmayılın siyasi bioqrafiyasının bu cəhəti tarixi baxımdan bizim üçün daha mühüm, daha əhəmiyyətlidir, çünki Azərbaycan türklərinin müstəqil etnik element kimi ümumi oğuz massivindən ayrılması həmin dövrdən başlanır. Azərbaycan milləti etnogenezin bütün fazalarından keçməklə formalaşır. Səfəvilərdən əvvəl də Ön Asiyada türklərin hökmranlıq etdiyi dövlətlər yaradılmışdır. Məsələn, Ağqoyunlu və Qaraqoyunlu imperiyaları Azərbaycan ərazisində dövlətçiliyin inkişafında mühüm rol oynamışlar. Azərbaycan türklərinin sıx birləşməsi prosesinin əsası məhz həmin imperiyalar dövründə qoyulmuşdur. Lakin onlar heç vaxt Şah İsmayıl dövründəki kimi təqdim olunmamışdı. Şah İsmayıl Azərbaycan türklərinin dövlətçilik ənənəsini daim yaşadan xalq olduğunu sübut edə bilmişdir. Səfəvilər imperiyası azərbaycanlıların siyasi və etnik tarixində parlaq səhifələrdən biridir və bu reallığı olduğu kimi qəbul etmək lazımdır. Azərbaycan türkləri dövlətin əsas dayağı statusunu saxlamaqla hərbi və siyasi elitanı təşkil edirdilər. Lakin məhz Şah İsmayıl Xətainin Azərbaycan dilində qanunverici fəaliyyətini aktiv tətbiq etməsi faktı orta əsrlərdə Azərbaycan türklərinin siyasi elitasının və savadlı təbəqəsinin formalaşmasına kömək etmişdir. Həmin dövrdə məhz vahid dövlət dili etnik şüurun təşəkkülünün əsası olmuşdur, əks halda nə sıx birləşmiş xalq ola bilər, nə də onun tarixi. Buna görə də bütün dövrlərdə assimilyasiya siyasətini yeridənlər, ilk növbədə, xalqı öz ana dilindən məhrum etməyə çalışırdılar. Şah İsmayıl Xətainin dövrü əhalinin vahid siyasi məkana və bir sıra sahələrdə dövlət dili ilə yanaşı, Səfəvilər dövlətində məskunlaşan digər etnosların və tayfaların dillərinin də tətbiq edildiyi polietnik dövlətə mənsub olmasını dərk etməsi ilə əlamətdar olsa da, milli dil ideyası yalnız XX əsrin əvvəlində daha konkret təcəssümünü tapmış, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyunun 27-də Azərbaycan dilini dövlət dili elan etmişdir. Lakin bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Azərbaycan dili də müvəqqəti olaraq dövlət dili statusunu itirmişdir. Həm də bu, Gürcüstanda və Ermənistanda müvafiq surətdə gürcü və erməni dillərinin rolunun artması fonunda baş verirdi. Keçən əsrin 50-ci illərinin ortalarında Azərbaycanda sübut etməyə çalışırdılar ki, hətta ən qəddar rejimlər, antimilli siyasət və cəza tədbirləri də xalqın şüurunda öz milli dilinin qorunub saxlanması və inkişaf etdirilməsi ideallarını məhv edə bilməmişdir. Lakin bu cəhdlər də boğulmuş, belə təşəbbüs göstərənlər isə N.Xrusşov və onun ətrafı tərəfindən repressiyalara məruz qalmışdır. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycanın rəhbəri olandan sonra Azərbaycanın SSRİ-də ən qabaqcıl respublikalardan birinə çevrilməsi üçün mürəkkəb şəraitdə geniş islahat proqramları həyata keçirməyə başlamışdır. Onun ilk addımlarından biri ədalətin bərpa edilməsi, o cümlədən Azərbaycan dilinin dövlət dili kimi istifadə edilməsi məsələsini qaldırdıqlarına görə nahaq yerə zərər çəkən Azərbaycan xadimlərinin reabilitasiyası tədbirləri olmuşdur. Məhz Heydər Əliyevin yorulmaz səyləri, onun zəkası və istedadı, həyata keçirdiyi çevik dövlət siyasəti sayəsində 1970-80-ci illər Azərbaycan tarixinə milli dirçəliş illəri kimi daxil olmuş, XX əsrin sonu və XXI əsrin əvvəli isə müstəqil dövlətçiliyin qazanılması və bərqərar edilməsi illəri olmuş, Azərbaycanın çiçəklənən müasir dövlət kimi inkişafının əsasını qoymuşdur. Bu tarixi hadisələr Azərbaycan xalqında həyatsevər dünyagörüşü, həqiqi vətənpərvərlik, öz milli ərazisinin müdafiəsi uğrunda qəhrəmanlıq nümunələri doğurmuşdur. Məgər Heydər Əliyevin və Şah İsmayıl Səfəvinin Azərbaycan qarşısında bu və digər xidmətləri onları oxşar tarixi şəxsiyyətlər, həqiqi vətənpərvərlər, öz dövrünün siyasi dühaları hesab etmək üçün bizə mənəvi haqq vermirmi? Onlar müstəqil Azərbaycan dövlətinin yaradılması uğrunda yorulmadan mübarizə aparır, iqtisadi tərəqqinin, elmin, mədəniyyətin, Azərbaycan dilinin və s. qeydinə qalırdılar. Professor Nizami Cəfərov yazır: "Şah İsmayıl dövründən başlanan müstəqil Azərbaycan dövlətçiliyinin tarixində Heydər Əliyev yaratdığı ideologiyanın miqyasına və onun həyata keçirilməsi imkanlarına görə bir siyasi lider (və milli dövlətin qurucusu) kimi, ikinci şəxsiyyətdir" (bax: "Yeni Azərbaycan" qəzeti, 6 fevral 2007-ci il). Etiraf edək ki, subyektiv mülahizələrin rudimentar xarakterini nəzərə alsaq, ictimaiyyətin bəzi nümayəndələrinin, o cümlədən yüksək elmi rütbələri və dərəcələri olan ziyalıların təfəkkür səviyyəsi məni təəccübləndirir. Bizim tariximizə bu cür münasibət qeyri-kamilliyin, daha geniş miqyasda, dövlətçilik mövqeyindən düşünmək qabiliyyəti olmamasının, bəlkə də primitivizm təzahürlərinin göstəricisidir. Əksər hallarda məhz bu cür mövqe bizim tarixşünaslığı qiymətli əsərlər və tədqiqatlarla zənginləşdirməyə mane olur. Bu, izsiz ötüb keçmir. Əgər bu gün bizim vətəndaşların bir qismində müəyyən xarici dairələrin dövlətimizə, onun tarixinə qarşı qərəzli siyasətinə biganəlik, laqeydlik müşahidə ediriksə, bu, müəyyən dərəcədə, onlarda tarixi şüur formalaşdıra bilməmiş milli tarix elminin öyrədilməsindəki ciddi boşluqların nəticəsidir. Zənnimcə, bu barədə ciddi düşünməyə dəyər. Mənim toxunmaq istədiyim daha bir mövzu Şah İsmayıl Səfəvini məxsusi Azərbaycan hökmdarı hesab etməyə şübhə ilə yanaşmaq məsələsidir. Mən öz məqaləmdə bu məsələnin birmənalı və yetərincə ətraflı izahını vermişəm. Təkcə bunu əlavə etmək olar ki, Şah İsmayılın hansı din altında fəaliyyət göstərməsindən asılı olmayaraq, həm o özü, həm də onun məsləkdaşları Azərbaycan türkləri idi. Səfəvilər dövləti Azərbaycan ərazisində yaradılmışdı, onun mərkəzləri Azərbaycan şəhərləri Ərdəbil və Təbriz idi. Orduda və sarayda Azərbaycan dili əsrlər boyu hakim mövqe tutmuşdur. Şah İsmayıl öz ədəbi əsərlərini məhz Azərbaycan dilində yazır, dövlət fərmanlarını bu dildə verirdi. Əgər V.V.Bartold, İ.P.Petruşevski və V.F.Minorski kimi görkəmli şərqşünaslar Şah İsmayılı Azərbaycan türkü kimi qəbul etməkdən imtina edənlər üçün avtoritet deyildirsə, onda bir sıra başqa Qərb tədqiqatçılarının fikirlərinə də istinad etmək olar. Onların elmi əsərləri bəzi "başabəla alimlərin" belə bir yanlış fikrini təkzib edir ki, guya Qərb şərqşünasları İsmayılı və bütövlükdə səfəviləri Azərbaycan türkləri kimi qəbul etməkdən birmənalı şəkildə vaz keçir, guya Qərb yekdilliklə onları fars və ya kürd sülaləsi hesab edir. Fransız iranisti, İran və Orta Asiya tarixinə dair bir sıra maraqlı əsərlərin müəllifi Jan-Pol Ru özünün "İranın və iranlıların tarixi" kitabında Şah İsmayıl Səfəvinin mənşəyi haqqında yazır: "Şah İsmayıl Azərbaycana mənsub olan Ərdəbildə anadan olmuşdur və onun ailəsi əsası Şeyx Səfiəddin tərəfindən qoyulmuş və əyalətin sərhədlərindən kənarda çoxdan geniş şöhrət tapmış Səfəviyyə və ya Səfəvilər dini ordeninə mənsub idi. ...Onu (Səfəvilər dövlətini) iranlılar deyil, türklər yaratmışdılar və idarə edirdilər, onlar hələ uzun müddət onun hökmdarları olacaqlar. Hətta, bu gün bəzilərinin inandırıcı arqumentlər göstərmədən dedikləri kimi, Şah İsmayıl kürd doğulmuş olsa belə, o, türkə oxşamaq üçün yetərincə türkləşmişdi. Onun xarakterinin çox cizgiləri, əməllərinin çoxu Mərkəzi Asiya çöllərindən olanlara xas idi. Şah İsmayıl ərəb dilində də, fars dilində də danışmağı və yazmağı bacarırdı, buna baxmayaraq, özünün əsas ədəbi əsərlərini məhz türk dilində yazırdı və yeri gəlmişkən, heç də zəif olmayan bu əsərlər onu Xətai təxəllüslü böyük şair kimi tanıtmışdı. O, türkdilli qızılbaşlar mühitində yaşayır, şeirlərini və təbliğat xarakterli bir sıra namələrini coğrafi baxımdan ondan uzaq olanlar üçün yazırdı (Bax: Жан-Пол Ру. "История Ирана и иранцев. От истоков до наших дней". Пер. с французского: Некрасов М.Ю. Москва, 2012, стр. 302, 305). Digər məşhur fransız tarixçi və türkoloq Jan-Lui Bake-Qramontun dəlilləri də az inandırıcı deyildir. O da Şah İsmayılı türk hökmdarı hesab edərək yazır: "İsmayıl, hətta fars dilini tamamilə inkar etməsə də, şübhəsiz, türk kimi düşünür və türklər haqqında fikirləşirdi. Yarımköçəri türk tayfalarına yaxın və aydın dildə danışan və Azərbaycanda ideal türk dövləti yaratmış İsmayıl onların nəzərində ilahiləşmişdi. Həmin tayfalar bu ideal türk dövlətini Osmanlı Türkiyəsindən üstün tuturdular, Osmanlı Türkiyəsinin təbəəsi olmağı özləri üçün qəbuledilməz sayırdılar. ...Şah İsmayıl yarımköçəri qızılbaş tayfalarının hamılıqla qəbul edilmiş rəhbəri idi, onu taxt-taca bu tayfalar gətirmişdi (Жан-Луи Бакэ-Грамонт. "Взлёт могущества Османской империи: События (1512-1606)". (На французском языке), в книге "История Османской империи". Под ред.: Р.Мантрана. Париж, 1989, стр. 142). Lakin Səfəvilər imperiyasının türk tayfalarının şücaəti sayəsində yaradılmasına və genişlənməsinə baxmayaraq, Jan-Pol Ru bu imperiyanın hökmdarlarının çox müxtəlif mədəniyyətlərin və xalqların mövcud olduğu böyük bir məkanda vahid millət yaratmaq və vahid siyasi-ideoloji dəyərlər sistemi formalaşdırmaq sahəsində hətta qeyri-ardıcıl cəhdlərini yüksək qiymətləndirməyi zəruri hesab edir. O yazır: "Türklərin əldə etdiyi geniş hakimiyyətə baxmayaraq, (yeri gəlmişkən, sonradan onları məhdudlaşdırmağa çalışırdılar), tədricən millət və ya ona xeyli oxşar birlik formalaşmışdır. Bu sülalənin banisi, eləcə də onun varisləri labüd böhranlara baxmayaraq, əvvəllər çox vaxt müxtəlif hakimiyyətlərə tabe olan, öz aralarında vuruşan, müxtəlif dialektlərdə və dillərdə danışan, müxtəlif dinlərə etiqad edən, inkişafın müxtəlif mərhələlərində olan və şəhərli, kəndli, yaxud köçəri olmalarından asılı olaraq tamamilə fərqli həyat tərzi keçirən insanları bir dövlətdə birgə həyat sürməyə dahiyanə şəkildə öyrədə bilmişdilər" (Bax: Жан-Пол Ру. Там же, cтр. 306). Bütün orta əsrlər boyu Azərbaycanın məhz Səfəvilər dövründə İran ilə Azərbaycanı birləşdirmiş imperiyanın siyasi mərkəzi kimi rəsmi status qazanması faktı bu sülalənin Azərbaycan dövlətçiliyi ilə birbaşa və ayrılmaz qarşılıqlı əlaqəsini də təsdiq edir. 1590-cı ildə Şah Abbas (1587-1629) osmanlılarla sülh müqaviləsi bağlayır. Şah Abbas onun əlində qalmış ərazini müstəqil inzibati vahid kimi "Azərbaycan" adlandırır. XVI əsrdə yaşamış məşhur Azərbaycan tarixçisi İsgəndər Münşi yazır: "Şah Abbas Səfəvilərdən miras qalmış ərazinin qürurla səslənən "Azərbaycan" adını saxlamışdır. Ərdəbil Azərbaycanın paytaxtı elan edilir. 1592-ci ildə Zülfüqar xan Qaramanlı ilk Azərbaycan bəylərbəyi təyin edilir (Bax: Ч.Каджар. "Выдающиеся сыны древнего и средневекового Азербайджана". Баку, 1995, стр. 298). Azərbaycanın Səfəvilərdən miras qalmış ərazi elan edilməsi Şah İsmayılın Azərbaycanı imperiyanın mərkəzinə, özəyinə, siyasi və ideoloji dayağına çevirmək üzrə fəaliyyətinin məntiqi yekunu olmuşdur. Yəni, Şah İsmayılın dövründə de facto yaradılan Şah Abbasın dövründə de jure oldu. Azərbaycanın paytaxtı kimi nə üçün Ərdəbil şəhərinin elan edilməsinin səbəbi də aydındır. Vaxtilə Səfəvilər sülaləsi məhz bu şəhərdə yaranmış, həmin sülalənin nümayəndələri Azərbaycanın pərakəndə ərazilərini birləşdirməyə buradan başlamışlar. Onu da qeyd etməliyəm ki, bu dövrdə Azərbaycanın bəzi əyalətləri müvəqqəti də olsa Osmanlılar tərəfindən işğal edilmişdi. Bu ənənə İranda türk sülaləsi Qacarlar (1795-1925) devrilənə qədər qorunub saxlanmış, dövlət çevrilişi nəticəsində hakimiyyət mənşə etibarilə etnik farslar olan Pəhləvilərin əlinə keçmişdir. Mənim fikrimcə, İsmayılın Azərbaycan tarixində böyük şəxsiyyət olmasını etiraf etmək üçün bu sübutlar sağlam düşüncəli hər bir insan üçün kifayətdir. Mən daha bir aspektin şərh edilməsini zəruri sayıram. Bu, İsmayılın "formal siyasi fiqur" olması barədə ittihamlardır. Bəziləri heç bir ciddi dəlilə malik olmadıqları halda iddia edirlər ki, 14 yaşlı gənc İsmayıl Səfəvilər imperiyası kimi qüdrətli dövləti heç cür yarada və idarə edə bilməzdi. Onun əvəzinə bu məsələni ətrafındakılar həll etmiş, o isə yalnız görüntü olmuşdur. Bəli, İsmayılın Səfəvilər imperiyasını təkbaşına yaratmasını və bütün hərbi uğurların yalnız onun igidliyi sayəsində qazanılmasını iddia etmək məntiqsiz olardı. Bu, real deyildir. O da həqiqətdir ki, İsmayılın çox möhkəm və mütəşəkkil ətrafı vardı, buradakı insanlar da mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə aparır, ona məsləhətlər verir, onu istiqamətləndirirdilər. Hadisələrin sonrakı gedişi də göstərdi ki, bu insanların niyyəti İsmayılı nominal siyasi fiqura çevirmək və hakimiyyət sükanını öz əllərinə almaq deyildi. Onun məsləkdaşları hərb işində peşəkarlar, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə yoluna qədəm qoymuş vətənpərvərlər idi. Vahid Azərbaycan dövlətinin yaradılması uğrunda İsmayılın əcdadları tərəfindən başlanmış siyasi mübarizənin davamçıları və tərəfdarları olan bu adamlar Şah İsmayılın dövründə öz rollarını son ana qədər ləyaqətlə yerinə yetirmiş və öz ideallarına sadiq qalmışlar. Şah İsmayılın dövrü barədə danışarkən müxtəlif mərhələlərdə hər bir yürüşün strateji və taktiki vəzifələrini və dəyişən məqsədlərini aydınlaşdırmaq, işğalçılıq siyasətinin mahiyyətini və mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövləti yaratmaqdan ibarət olan dərin mənasını başa düşmək lazımdır. Şah İsmayıl Səfəvinin tərcümeyi-halı təkcə döyüşlərin siyahısı deyil, həm də Ön Asiyanın bir sıra xalqlarının həyatında böyük rol oynamış çoxşaxəli siyasi fəaliyyətinin təzahürüdür. Şah İsmayılın çox gənc olmasına baxmayaraq, onun sərkərdə istedadı, döyüşçü cəsarəti və hökmdar zəkası Şərqdə və Qərbdə hökmdarları, o dövrün görkəmli adamlarını həmişə heyran etmişdir və bu gün də heyran edir. Şah İsmayıl Səfəvinin dövlətin siyasi-hüquqi quruluşuna baxışları onun uşaqlıq illərindən, Qızılbaşlar hərəkatının başçısı kimi fəaliyyətə hazırlandığı və bu ruhda tərbiyə edildiyi dövrdən formalaşmışdır. Onun şəxsi və siyasi keyfiyyətlərinin formalaşması üçün Səfəvi əmirləri və digər türk tayfalarının başçıları da səy göstərmiş, lakin bu keyfiyyətlər əsasən çoxsaylı daxili siyasi amillərin təsiri altında yaranmışdır. Təsadüfi deyildir ki, görkəmli ingilis filosofu və dövlət xadimi F.Bekon (1561-1626) İsmayılın məziyyətlərinə heyran qalmış və onu Avropa tarixinin görkəmli siyasi xadimləri sırasına aid etmişdir. Jan-Pol Ru isə cəsarətlə daha irəli gedərək İsmayılı vunderkind adlandırmış, bununla bərabər, ətrafındakı insanların böyük xidmətlərini inkar etməmişdir (Bax: Жан-Пол Ру. Там же, cтр. 304). Lakin unutmamalıyıq ki, dünya tarixində Şah İsmayıl dövlət başçısı səlahiyyətlərinin istər kollegial şəkildə (regent şurası), istərsə də təkbaşına (regent) həyata keçirilməsinin öz ətrafına etibar edildiyi yeganə nümunə deyildir. Regentlik (latın dilində regere - idarə etmək, şahlıq etmək) dövlət hüququ institutu kimi varis azyaşlı olduqda elə həmin Türkiyədə, Avropada və Şərqdə geniş yayılmışdı. Belə hallarda varis idarəetmə sükanını öz əlinə almağa hazır olana qədər onun ətrafındakılar və ya konkret kişi, yaxud qadın regent ölkəni idarə edirdi. Artıq qeyd etdiyim kimi, Güntay Gəncalp özünün "Səfəvilər" kitabında (Bakı, 2012) belə hesab edir ki, Şah İsmayıl Azərbaycan türklərinə son 500 il ərzində yalnız fəlakətlər və həlledilməz problemlər gətirmişdir. Şah İsmayıl hakimiyyəti ələ keçirmək və onu əldə saxlamaq üçün türkləri parçalamış, şiəliyə dövlət ideologiyası xarakteri vermiş, fars dilini ucaltmaqla türk dilinin funksiyalarını məhdudlaşdırmış, bununla da İranda Azərbaycan türklərinin öz milli mənlik şüurunu itirməsinin təməlini qoymuşdur. Onun fikrincə, Səfəvilərin Azərbaycan tarixində rolu belə olmuşdur. O, Səfəvilərin kimliyi məsələsinə özünün fərqli baxışı olmasını gizlətmir. G.Gəncalpın çoxsaylı mənbələr əsasında yazdığı kitab müəllifin türk etnosunun taleyi haqqında düşüncələrinin nəticəsidir. Ancaq bununla belə, müəllif oxucunu inandırmağa çalışır ki, onun tədqiqatı tarix fəlsəfəsi prinsiplərinə əsaslanır, lakin bu kitab konkret tarixi mərhələnin dərk edilməsinə səhv yanaşma prinsipindən məhrum deyildir. Əgər bu işi məhz onun mövqeyindən təhlil etsək, asanlıqla görmək olar ki, burada subyektivizm də az deyildir. Amma müəllifi bunda günahlandırmaq olmaz. Çünki emosional tərkib hissə ölkə tarixinin Şah İsmayıldan sonrakı dövrünün müəllif tərəfindən qavranılmasının və dərk edilməsinin nəticəsidir. Şübhə yoxdur ki, Şah İsmayıl islamda əsas cərəyanlardan biri olan şiəlikdən özünün başlıca məqsədinə çatmaq - mərkəzləşdirilmiş dövlət yaratmaq üçün istifadə etmişdir. Lakin bu, onun təqsiri deyildir ki, sonralar şiəliyin məzmunu xeyli siyasiləşdirilmiş və yeni əlavələrlə dəyişdirilmiş, bunlar da Şah İsmayıl irsinə G.Gəncalp tərəfindən bu cür sərt tənqidi münasibət üçün əsas olmuşdur. Yuxarıda deyilənlərə onu da əlavə etmək olar ki, 1979-cu il İslam İnqilabına qədər İranın dövlət idarəçiliyində dinin rolu Osmanlı İmperiyasında dinin tutduğu yerdən fərqlənirdi. İranda Məhəmməd Rza Şah Pəhləvi devrilənə qədər dinin təşkilati-siyasi statusu olmamışdır. Ümumiyyətlə, islamda ruhanilərin, məsələn, papa taxt-tacının birləşdirdiyi katolisizmə oxşar ciddi institusional təşkilatı yoxdur. Əslində dünya ölkələrinin əksəriyyətində dini funksionerlər sıx birləşmiş ruhani ictimai institutu yaratmırdılar. İran şahından fərqli olaraq, Türkiyə sultanları 1517-ci ildən sonra islam dünyasının formal başçısı kimi həm sultan, həm də xəlifə titullarına malik idilər. Bu, islam dünyasında imperiya istilalarına, həmçinin müsəlman ölkələri - Səfəvilər, Misirdə Məmlüklər dövləti və başqa dövlətlərlə qanlı müharibələrə əsas verirdi. İ.Fadeyevanın yazdığı kimi, "Osmanlı imperiyasında dövlət konsepsiyası yalnız dini kontekstdə məna kəsb edirdi. Din həm siyasi rəhbərliyin mövcudluğunu, həm də onun sabitliyini təmin edir, bu isə hökumətə güvəncin minimuma endirilməsi yolu ilə əldə olunurdu" (Фадеева И. "Концепция власти на Ближнем Востоке". М. 1993 г., стр. 63). Bundan əlavə, bütün yerli hakimiyyətin islam ruhanilərinin himayəsi və sayıq nəzarəti altında olduğu Osmanlı imperiyasında din mərkəzlə ucqarlar arasında əlaqələndirici vasitə idi. Şah İsmayıl haqqında məqaləmə şərhləri və rəyləri ümumiləşdirərək istərdim ki, biz milli tarixə baxışımızı və münasibətimizi dəyişək, şəxsiyyətlər haqqında mühakimə yürüdərkən öz subyektiv baxışlarımızdan və ya ideoloji mülahizələrdən çıxış etməyək. Bu şəxsiyyətlərin böyük məqsədə nail olmaq yolunda az əhəmiyyətli faktlara gəldikdə isə, bunu onların təqsiri hesab etmək olmaz. Şah İsmayıl və Heydər Əliyev kimi tarixi şəxsiyyətlər öz zəkaları ilə həm bu günümüzü görmək, həm də gələcəyə nüfuz etmək qabiliyyətinə malikdirlər. Məhz strateji uzaqgörənlik keyfiyyətləri onların siyasi qərarlarının dinamikasını təmin edirdi. Hətta tarixçilərin əsərlərində rast gəlinən sənədlərin əsli də bu gün başqa şəkildə interpretasiya edilir, çünki vaxtilə həmin sənədlər öz dövrünün vəzifələrindən və tələbatından irəli gələn konkret siyasi maraqları qorumaq məqsədilə yaradılmışdır. Şübhəsiz, Şah İsmayıl Səfəvi mövzusuna müraciət edən tarixçilərin əsərlərinə siyasət və zaman da öz təsirini göstərmişdir. Lakin əvvəlki səhvlərin təkrarlanmaması və tarixi ədalətin bərpa edilməsi naminə, Azərbaycan tarixinin öyrənilməsinin lap əvvəldən idrak nəzəriyyəsini, tarix fəlsəfəsinin bu və ya digər tarixi fenomeni kompleks yanaşma yolu ilə, onu doğurmuş bütün hallar nəzərə alınmaqla qiymətləndirməyə imkan verən müddəalarını istisna edən, daha çox faktoqrafiyaya, hadisələrin təsvirinə əsaslanan metodologiyası kökündən dəyişməlidir. Ciddi tədqiqatçı tarixi dövrün hüdudlarından kənara çıxa bilməz, çünki zaman onun fikirlərinə sirayət etməlidir. Hər hansı tarixi şəxsiyyətin fəaliyyətini və ya prosesin mahiyyətini real, obyektiv və korrekt şəkildə qiymətləndirmək üçün ilk növbədə, onların meydana gəlməsi şəraitini, təşəkkülünə əlverişli mühit yaradan amilləri, əvvəlki dövrlərin oxşar hadisələri ilə müqayisədə onun əhəmiyyətini öyrənmək və yalnız bundan sonra xronologiyanın təfərrüatına varmaq lazımdır. Əks halda biz əcdadlarımızın fəaliyyəti sayəsində malik olduğumuz zəngin tarixi irsi tamamilə itirərik. Daim yadda saxlamaq lazımdır ki, bədxahlarımız həqiqətən bizə məxsus olanları mənimsəməyə çalışırlar və təəssüf ki, biz onların əhatəsindəyik. Böyük şəxsiyyətlər, bir qayda olaraq, müəyyən tarixi fazanı və ya epoxanı əks etdirirlər. Makedoniyalı İsgəndərin fəthləri o dövrdə yaranmış tarixi şəraitə uyğun idi. Lakin tarixin heç də bütün dövrlərində zamanın irəli sürdüyü məsələləri reallaşdırmağa qabil olan şəxsiyyətlər yaranmır. Digər tərəfdən, əgər Makedoniyalı İsgəndərin və ya Çingiz xanın fəthləri üçün müvafiq tarixi şərait olmasaydı, yeni hərbi doktrina işlənib hazırlanmasaydı və texniki üstünlük yaranmasaydı, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün təkcə dahilik kifayət etməzdi. Deməli, tarixi məsələnin həll edilməsi üçün müvafiq tarixi şərait, insan potensialı, hərbi-texniki potensial və bunun üçün zəruri keyfiyyətlərə malik olan şəxsiyyət yetişməlidir. Tarixçilərimiz tarixi faktların şərhi və onların nəzəri cəhətdən dərk edilməsi metodları barədə ciddi düşünməlidirlər, əks halda milli tarixşünaslıq, məşhur ingilis filosofu Robin Corc Kollinqvudun (1889-1943) təbirincə desək, "qayçı və yapışqan" mexanizminə, faktların cansıxıcı təsvirinə çevrilər. Azərbaycan xalqının tarixi rəngarəngdir, nadir xarakterli epoxa və cəmiyyətlərin ardıcıllığı əvəzedilməzdir. Buna görə də tarixçinin vəzifəsi xalqın siyasi və mənəvi mədəniyyətini təşkil edən tarixi bütövlüyü gerçəkliyin özündə tapmaqdır. Azərbaycanlılar vaxtilə onu özünün vətəni hesab edən müxtəlif etnosların birləşdiyi böyük dövlətin varisləridir. Sələflərimizdən bizə bənzərsiz tarix, xalqımızın yaşadığı areal, zəngin mədəniyyət və tolerantlıq ənənələri miras qalmışdır. Atalarımız, babalarımız və ulu babalarımız Azərbaycan dövlətçiliyinin gələcək nəsillər üçün təməlini kərpic-kərpic qurmuşlar. Bütün bu qiymətli sərvət Azərbaycan xalqına mənsubdur. Bu yerdə Avraam Linkolnun məşhur "of the people, for the people, by the people" ("xalqa məxsusdur, xalq üçündür və xalq tərəfindən rəhbərlik edilir") kəlamı yada düşür. Bununla bərabər, biz müsəlman Şərqi tarixində ilk demokratik cümhuriyyətin varisləriyik. 1918-ci ilin mayı Azərbaycan milli ideyasının ilk dəfə həyata keçməsinin rəmzinə çevrilmişdir. Gənc dövlətin baniləri Azərbaycanın beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınması uğrunda kəskin mübarizə aparmalı olmuşlar. Lakin böyük dövlətlərin maraqları, siyasi şərait Azərbaycan dövlətinin qorunub saxlanması yolunda ciddi maneəyə çevrilmişdir. XX əsrin əvvəlində müstəqil Azərbaycan dövlətinin amansızcasına məhv edilməsinə baxmayaraq, 70 ildən sonra xalqımız əcdadlarımızın vəsiyyətlərini həyata keçirmişdir. 1970-80-ci illərdə (özü də mərkəzi hakimiyyət tərəfindən total nəzarət şəraitində!) milli mənafelərin savadlı və ardıcıl surətdə reallaşdırılması 1980-ci illərin axırlarında ölkədə xalq hərəkatının genişlənməsinin bünövrəsini hazırlamış, 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsi üçün platforma yaratmışdır. XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycanın nurlu zəka sahibləri tərəfindən xalqın Azərbaycan dövlətinin bərpa edilməsi ideyasının həyata keçirilməsi uğrunda mürəkkəb mübarizə dövrü olmuşdur. 1969-cu ildə bu ideya-siyasi estafeti Heydər Əliyev qəbul etmişdir. Məhz o, 1991-ci il noyabrın 17-də Naxçıvanda azad Azərbaycanın bayrağını qaldırmış, məhz o, bizə vəsiyyət etmişdir ki, bu bayraq heç vaxt enməsin. Heydər Əliyev 1993-cü ilin ortalarından başlayaraq müasir tipli müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla əcdadlarımızın çoxəsrlik arzusunu həyata keçirmişdir. O, ölkəyə sabitlik gətirmiş, onu ağır siyasi və iqtisadi böhrandan çıxarmış, ölkənin dağılmasının qarşısını almağa, vətəndaş müharibəsinə son qoymağa nail olmuş, cəmiyyəti sıx birləşdirmişdir. Bu gün malik olduqlarımızın hamısı onun siyasi uzaqgörənliyi, sarsılmaz iradəsi və güclü xarakteri sayəsində mümkün olmuşdur. Heydər Əliyev müasir Azərbaycanın memarı kimi tarixə düşmüşdür. X X X Məlum olduğu kimi, tarix elmdir. Lakin bəşəriyyətin keçmişini konkret müxtəliflikləri nəzərə almaqla öyrənən məxsusi elmdir. Onun vəzifəsi bizim müşahidəmiz üçün əlçatmaz olan hadisələri öyrənməkdir. Bu hadisələr məntiqi yolla öyrənilir, nəticədə tarixçi bizim üçün əlyetərli mənbələri təhlil edərək öz idraki maraqlarına aid nəticələr çıxarır. Alman filosofu Georq Zimmel (1858-1918) yazırdı ki, tarixin vəzifəsi "təkcə dərk edilmişi deyil, həm də arzu ediləni və hiss olunanı dərk etməkdir. Bu məsələ isə yalnız o halda həll edilə bilər ki, hər hansı psixi şəraitdə fəaliyyətdə olan şəxsin arzu etdiyi həm də yazan tərəfindən arzu olunsun, hiss edilmişləri o da təzədən hiss etsin" (Bax: Георг Зиммель "Философия истории". М. Книжное дело. 1898, стр. 18). Tarix elmi hadisələrin ardıcıllığını bərpa etməyə çalışır. O, elmi qanunlardan tarixi bütövlüyün öyrənilməsi üçün bir vasitə kimi istifadə edir. Lakin bəzi tədqiqatçılar tarixi prosesin qanunauyğunluqlarını inkar edirlər. Tarixi qanunların mövcudluğunun əleyhdarlarının fikrincə, tarix vahid qanuna uyğunlaşdırılması mümkün olmayan nadir hadisələrdən və proseslərdən ibarətdir. Hər bir tarixi hadisənin öz spesifikası, asılılıqları və qarşılıqlı əlaqələri vardır. Lakin qeyd etmək lazımdır ki, tarixi prosesin qanunauyğunluqlarını inkar edənlərin mövqeyi qüsursuz deyildir. Tarixdə obyektiv və subyektiv amillər arasında əlaqə vardır. Tarixi hadisələrin səbəblərinin məzmununu yalnız bu iki amilin qarşılıqlı təsiri nəticəsində açıqlamaq mümkündür. Məhz bu səbəbdən tarixi prosesin qanunauyğunluğu problemlərinə aydınlıq gətirən yeni yanaşmalar axtarışı vacibdir. Hər bir tarix, istər konkret dövrün tarixi olsun, istərsə də böyük hadisələrin tarixi - bu, həmişə müəyyən bütövlüyün tarixidir. Tarix elmi bu bütövün mənasını dərk etməyə çalışanda o, fəlsəfəyə çevrilir. Tarix elmi faktların ardıcıl şərhi ilə kifayətlənmir, təfəkkür qanunlarına əsaslanaraq onları bir-biri ilə əlaqələndirir. Tarixi hadisələrdə heç vaxt səbəb bir olmur. Buna görə də tarixin ən mühüm problemi anlama problemidir, yəni tədqiqatın predmetini qarşılıqlı əlaqəli şəkildə dərk etməkdir. Anlama yalnız o halda mümkündür ki, onun yönəldiyi obyektə məna verilsin. Tarixi anlama prosesində müəyyən dəyərə malik olanın və müəyyən maraq doğuranın dərk edilməsi baş verir. Anlamaq - hadisələrin əlaqəsini aşkar müəyyən etmək, idrakın predmeti və keçmiş hadisənin inikası ilə bağlı müəyyən psixi prosesi canlandırmaq deməkdir. İstənilən tarixi hadisələr yalnız o şərtlə anlaşıla və düzgün qiymətləndirilə bilər ki, onlar konkret tarixi şəraitdə və əlaqəli şəkildə nəzərdən keçirilsin. Hər bir hadisəyə tarixi mövqedən, başqa hadisələrlə, tarixin konkret təcrübəsi ilə əlaqəli şəkildə yanaşmaq lazımdır. Məsələn, Makedoniyalı İsgəndər Şərqə istilaçı yürüşlərini təkcə dünyanın hökmdarı olmaq istədiyinə görə yox, həm də o səbəbdən başlamışdı ki, İran imperiyası analoji məqsədlər güdərək yunan dünyasını təhdid edirdi. Tarix elmi yalnız təsviri xarakter kəsb edə bilməz. O, cəmiyyətin elementlərini, əlaqələrini, strukturlarını, tarixi prosesin mexanizmlərini aşkar etməlidir. Faktların toplanması, onların sistemləşdirilməsi və bir-biri ilə əlaqəli şəkildə təhlil edilməsi - bütün bunlar tarix elminin daxili əsasıdır. Hətta bu halda da tarix elmi cəmiyyətin inkişafının faktoqrafik mənzərəsini yaradır. Bu prosedur bir elm kimi tarixin yalnız bir cəhətidir. Nəticədə təhkiyə və təsvir tarixdə mühüm yer tutur. Lakin tarix elminin dəyəri hadisələrin mahiyyətini anlamağa və izah etməyə cəhd göstərmədən, yalnız onları söyləməkdən ibarət deyildir. Tarixçi toplanmış faktlar əsasında cəmiyyətin həyatında ayrı-ayrı hadisələrin və proseslərin mahiyyətini, ayrı-ayrı ölkələrin və xalqların tarixi inkişafında başqaları ilə müqayisəli xüsusiyyətlərini anlayır. Toplanmış və bir-birindən asılı olaraq tədqiq edilmiş faktlar və nəticələr məcmusunun nəzəri ümumiləşdirilməsi, onların dərk edilməsi bir elm kimi tarixin ikinci tərəfidir. Tarix elminin bu iki tərəfinin vəhdəti və qarşılıqlı əlaqəsi ayrılmazdır. Bu prinsipin pozulması bu və ya digər cəmiyyətin tarixinin dərk edilməsinə yanlış yanaşmaya gətirib çıxarır. Tarixi idrakın elmiliyi heç də həmişə tarix elminin mahiyyəti ilə müəyyən edilmir. Tarix elminin inkişafında tarixin predmetinin, vəzifələrinin dəyişməsi və anlayışı ilə bərabər, həm də tarixi hadisələrin dərk edilməsi və başa düşülməsi metodu dəyişmiş, tarixin elmi idrak metodu yaranmışdır. "Tarix bir elm kimi ən inandırıcı şəkildə göstərir ki, elmin məqsədi təkcə öyrənilən hadisələri izah etmək deyil, həm də onları anlamaqdır... Hər bir elmin məqsədi izah etməkdir. İzahdan tarixdə də istifadə edilir. Lakin bu izah bir qədər qeyri-adi tipli, "rasional izahdır"... İzah ilə anlamanın nisbəti elmin metodologiyasının real problemi olub, diqqəti getdikcə daha çox cəlb edir" (Bax: Ивин А.А. "Современная философия науки. М. 2005, стр. 428, 430, 457). Başqa sözlə desək, söhbət ondan gedir ki, tarix bir elm olaraq təkcə hansısa hadisələri və ya prosesləri izah etməyə yox, həm də onların mahiyyətini anlamağa çalışır. Belə ki, tarixçi müəyyən tarixi şəxsiyyətin hərəkətlərini izah edərkən bu şəxsin rəhbər tutduğu motivləri açıqlamalı, bu və ya digər hərəkətlərin nə dərəcədə məqsədəuyğun olduğunu nümayiş etdirməlidir. Keçmişdə tarixçi müəyyən xronoloji dövr və ölkə ilə məşğul idisə, müasir tarixçi öz araşdırmalarını nəzəri tarix əsasında qurur. Onu təkcə hadisələrin qarşılıqlı əlaqəsi deyil, həm də müəyyən sosial-iqtisadi və psixi strukturların, proseslərin və münasibətlərin təkamülü maraqlandırır. Tarix təsviri metod hüdudlarından çıxmış və müqayisəli metoda qapanıb qalmamışdır. O, daha artıq dərəcədə nəzəri elmə çevrilmişdir. Bu, onun nəticəsidir ki, "tarix elmi öz metodlarını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Burada həm ciddi kəmiyyət analizi, həm struktur metodlar, həm semiotika, həm də bəzi başqa yanaşmalardan istifadə edilir" (Философия и методология истории, Сб. статей. Под ред. И.С.Кона. Изд. "Прогресс", М. 1977, стр. 15). Tarixçilərdə nəzəriyyəyə maraq oyanması onu göstərir ki, müasir tarix elmi çoxsaylı müxtəlif strukturların - iqtisadi, sosial, şüur, mədəniyyət, mif və digər strukturların öyrənilməsi ilə məşğuldur. Lakin "insanların birgə fəaliyyətinin strukturu və nəticələri ilə ayrılıqda götürülmüş hər bir insanın fərdi metodları və hərəkətləri arasında fərq qoymaq lazımdır. Tarixi inkişafın obyektiv qanunauyğunluğu haqqında tezis o deməkdir ki, insanların hər yeni nəslinin fəaliyyəti keçmişdən miras qalmış şəraitdə baş verir. Lakin bizim bugünkü fəaliyyətimiz ... növbəti nəslin fəaliyyət imkanlarını və istiqamətini müəyyən etdiyi kimi, həmin "şərtlər" və ya "strukturlar" da əvvəlki nəsillərin obyektivləşmiş fəaliyyətidir (Bax: yenə orada, s. 29). Tarixin obyekti keçmişə mənsubdur, lakin tarixi keçmişin heç də bütün hadisələri bizə çatmır. Yaddaş yalnız xalqın həyatını dəyişmiş hadisələri saxlayır. Əgər mən öz vətəndaşlarımı başa düşürəmsə, bu yalnız ona görə belədir ki, biz eyni mahiyyəti təmsil edirik, eyni dildə danışırıq, eyni dəyərlərdən istifadə edirik, eyni mədəniyyətə mənsubuq. Biz özümüzü ümumi tariximiz sayəsində dərk edirik. Hər bir elm toplanmış təcrübə əsasında inkişaf edir. Tarix elmi də əvvəlki nəsillərin tarixi təfəkkürünün ən əhəmiyyətli inikası kimi təsəvvür edilir. Yeni bilik isə həm özündən bilavasitə əvvəlki biliyin, həm də tədqiq edilən tarixi problemə aid daha əvvəlki biliklərin hamısının dəyərli məzmununu ehtiva edir. Tarixçi təkcə faktların aşkar edilməsi ilə kifayətlənməməlidir. Tarixə aid elmi əsərin məqsədi öyrənilən keçmiş hadisələri bərpa etməkdir. Axı keçmiş də reallığa malikdir. Tarixi reallığın inikası elə tarixin bərpa edilməsidir. Alim tarixi bərpa etməklə hadisənin təsvirini və təhlilini gerçəklikdə mövcud olanlara yaxınlaşdırmağa çalışır. Tarixi idrakın vəzifəsi reallığın mümkün qədər düzgün surətini verməkdir, hərçənd, tarixdə biliyin relyativlik (nisbilik) dərəcəsi hər hansı başqa sahədə olduğundan çoxdur. Keçmişdən əxz olunmuş biliklər müasir dövrə məxsusdur. Onları elmi şəkildə dərk etmədən irəli getmək mümkün deyil. Keçmiş yaradılmış mədəniyyətdə, sabitləşmiş sosial əlaqələrdə və ənənələrdə, hətta sosial-siyasi quruluşda da yaşayır. Tarixçi konkret tarixi məsələnin öyrənilməsinə başlamazdan əvvəl hökmən yadda saxlamalıdır ki, tarixi tədqiqatda elmi irs aşağıdakı qaydada ifadə olunmuşdur: tarixçi başqa tədqiqatçıların irəli sürdüyü məsələləri toplanmış biliklərdən çıxış edərək həll etməyə çalışır; yeni faktlarla köhnə bilik arasında ziddiyyətlər aşkar edildikdə bunlardan sonuncusu elmi tənqidə məruz qalır, yeni anlayış həmişə əvvəlki tarixi fikrin tənqidi və elmi şəkildə yenidən işlənməsi prosesində yaranır. Buna görə də tarixi hadisələrin ciddi səbəb-nəticə əlaqələrinin aşkar edilməsi elmi cəhətdən çox vacibdir. İdrak prosesini insanların keçmişdəki praktiki fəaliyyətindən ayırmaq olmaz. Düşünən zəka sahibi faktlar arasında vəhdət və fərq olmasını görür, buna görə də ən əhəmiyyətli faktlar üzərində diqqətini cəmləşdirir. Tarixçi keçmişi öyrənərkən hadisələrin mahiyyətinə getdikcə daha dərindən nüfuz edir. Öyrənilən dövrün təsviri tarixi hadisənin məzmununa adekvat olana qədər bu idrak prosesi davam etməlidir. Buna görə də tarixi tədqiqatın vəzifəsi bizə gəlib çatmış tarixi hadisələr məcmusundan yalnız ciddi əhəmiyyət kəsb edənləri və elmi nəzəriyyəyə uyğun olanları seçməkdən, onların köməyi ilə tarixi mənzərəni yaratmaqdan, onların arasında mövcud əlaqələri aşkar etməkdən ibarətdir. Tarixin dərk edilməsi tarixçinin öyrənilən tarixi dövr haqqında mötəbər biliklər əldə edilməsinə yönəlmiş yaradıcı fəaliyyətidir. Buna görə də tarixçi obyektiv tarixi biliyə can atmalı və bu bilik ayrı-ayrı tarixi faktların və ya hadisələrin birləşdirilməsi deyil, elmi nəzəriyyə olmalıdır. Bu nəzəriyyə məntiqi baxımdan ardıcıl olmalıdır. Elmi tarixi bilik həmişə elmi nəzəriyyə, yəni, tarixin öyrənilən sahəsinin mühüm əlaqələri barədə dolğun təsəvvür yaradan elmi müddəalar sistemi forması kəsb etməyə çalışır. Sırf məntiqi mənada nəzəriyyə məntiqi araşdırma baxımından qapalı fikirlərin məcmusudur. Məntiqi mövqedən çıxış etsək, hətta ayrıca bir təklif məntiqi nəticə ilə birlikdə götürüldükdə nəzəriyyə ola bilər. Nəzəriyyə tarixi faktları və hadisələri maksimum dolğun izah etməli, onları özlərinin əsası kimi müəyyən edilən əlaqələr sisteminə uyğunlaşdırmalıdır. "Metodoloji baxımdan hər bir nəzəriyyə öz müddəalarının təsvirinin maksimum dolğunluğuna və adekvatlığına, tamlığına və onların bir-birindən nəticə kimi çıxarılmasına, onların arasında daxili ziddiyyət olmamasına çalışmalıdır" (Bax: Всемирная Энциклопедия. Философия. М. АСТ Минск, 2001, стр. 1069). Peşəkar tarixçi təkcə tarixi faktları dəyərlərə aid etməyə çalışmaqla kifayətlənməyib, həm də onların barəsində dəyərli mühakimələrə malik olmalıdır. O, pisləməli və tərifləməli deyil. Əks halda o özü subyektivizm yoluna düşür. Obyektiv tədqiqatçı həmişə özünün öyrəndiyi dövrə xas olan dəyərlər tapmağa çalışır. "Tarixçi mənbələri öyrənərkən aşkar etdiyi motivasiya komplekslərini ixtiyari şəkildə birləşdirə bilməz; o, həmin komplekslərin düzgün nisbətlərini tapmalı, motivasiya üfüqlərinin həqiqi mənzərəsini, bununla da bütün tarixi gerçəkliyin mənzərəsini bərpa etmək üçün onların bir-birinə nisbətini müəyyən etməlidir" (Bax: Философия и методология истории, cтр. 195). Bəzi tarixçilərin yol verdiyi qüsur ondan ibarətdir ki, onlar mənbələr haqqında məsələni həqiqilik məsələsindən aydın fərqləndirə bilmirlər. Hər hansı tarixi hökmün həqiqiliyi problemi "yalnız və ya əsasən müəyyən mənbələrin mənşəyi baxımından həll edilə bilər. Lakin ümumiyyətlə, bu məsələ fərqlidir və biz müəyyən hökmün və ya müəyyən informasiyanın həqiqiliyini, bir qayda olaraq, informasiyanın mənbəyinə və ya mənşəyinə müraciət etməklə deyil, daha qısa yolla - iddia edilən faktların özlərini tənqidi şəkildə yoxlamaq vasitəsilə müəyyən edirik" (Поппер Карл, Предположения и опровержения, М. 2008, стр. 49). Tarixi faktların seçilməsi problemləri həm tarixçilər, həm də filosoflar tərəfindən öyrənilir. Tarixçilər faktların seçilməsinin zəruriliyini praktiki fəaliyyətdə etiraf edirlər. Çünki bu faktların heç də hamısından ümumiləşdirmə üçün istifadə edilə bilməz. Filosoflar isə nəzəri baxımdan həm zəruri, həm də ixtiyari şəkildə ola biləcək bu seçimə haqq qazandırmağa çalışırlar. Burada hər şey tarixçinin elmi vicdanından asılıdır. Tarix elmi qavranılanın fotoşəkli deyildir. O, dərin təhlil və dərketmə əsasında yaranır. Tarix elmi bəşəriyyətin tarixi haqqında sistemli şəkildə təşkil olunmuş və əsaslandırılmış obyektiv biliklər yaradılmasına yönəlmiş idraki fəaliyyətin xüsusi bir növü, tarixi reallığın nəzəri cəhətdən dərk edilməsidir. Tarixçi tarixi hadisələrin mahiyyətinə vararkən nəticədən həmin hadisələri doğurmuş səbəblərə doğru getməlidir. Alman filosofu Georq Zimmel bununla əlaqədar yazır: "Əgər biz bir mürəkkəb tarixi hadisənin (umfassend) başqa bir hadisəyə səbəb olduğunu, yəni, qanunauyğun şəkildə onu doğurduğunu deyiriksə, bu, o deməkdir ki, birinci hadisəni doğurmuş xüsusi qüvvələr sonradan elə inkişaf etmişlər ki, onlar ikinci hadisəni doğurmuşlar. Lakin eyni ardıcıl hadisələr çox müxtəlif səbəblər qrupu üzündən baş verə bilər. Həqiqətdə tarixin qüvvələri bizim üçün yalnız nəticədən səbəbə qədər olanları ehtiva etdiyindən həmişə əlyetərli olur, ona görə də bunun bütün şübhəliliyini özündə cəmləşdirir. Bu səbəbdən tamamilə eyni şəkildə təzahür edən iki vəziyyət və ya iki hadisə tamamilə fərqli nəticələr doğura bilər; hətta daha artıq, iki hadisə öz inkişafında tamamilə paralel olaraq çoxsaylı pillələrdən keçə bilər, buna görə də onların səbəb kimi doğurduğu hadisələr də hökmən paralel hesab edilməlidir. Bununla belə, müəyyən nöqtədə onlar bir-birindən ayrılır və bu da onu göstərir ki, fəaliyyətdə olan qüvvələr bütövlükdə hadisələrə deyil, onlardan daha dərində yerləşən elementlərə tətbiq edilir. Bu səbəbdən, çox vaxt mürəkkəb hadisələrin birinin digərini doğurması hələ bu nəticəyə gəlməyə əsas vermir ki, onları əlaqələndirən qanunun məzmunu birinin digərindən əmələ gəlməsidir" (Зиммель Г. Проблемы философии истории. Этюды по теории познания, М. "Книжное дело", 1898, стр. 55). Tarix nə məqsədlə öyrənilir? İngilis tarixçisi, Kembric Universitetinin professoru Piter Laslett bu sualın cavabında deyir: "Tarixi yazanlar ən müxtəlif məqsədlər güdür. Həmin məqsədlər özlüyündə elmi tədqiqatın tamamilə qanuni mövzusu ola bilərdi... Keçmişin rekonstruksiyaları və interpretasiyaları müəyyən cəmiyyəti (və ya müəyyən qrupu) onun keçmişi ilə və onun indisinin həmin keçmişdən fərqli cəhəti ilə barışdırmaq üçün qurulur. Onlar hər bir yeni nəslin zamanda ona ayrılan yeri anlaması üçün lazımdır. Onlar dini etiqadlara və ayinlərə haqq qazandırmaq, siyasi fəaliyyətləri əsaslandırmaq, estetik və intellektual təcrübəni zənginləşdirmək və sadəcə öz marağını təmin etmək üçün lazımdır" (Bax: Философия и методология истории, cтр. 199-200). Alman filosofu və maarifçisi, "Bəşər tarixinin fəlsəfəsi haqda ideyalar" əsərinin müəllifi İohann Hörder (1744-1803) yazırdı ki, dünya tarixinin gedişində saysız-hesabsız insan birlikləri yaşadıqları məkandakı fiziki və iqlim şəraitinin təsiri altında bir-birindən təcrid edilmiş şəkildə formalaşır. Onların hər biri özünün bənzərsiz üsulu ilə heç bir başqa xalqın yarada bilməyəcəyi hissi qavrayışların müəyyən fərdi balansını yaratmışdır. Bu "xalq dühası" lap əvvəldən mifologiyada, dində, poeziyada, sözün qısası, "xalq mədəniyyətində" təcəssüm olunmuşdur və bu xalqın heç bir nümayəndəsi həmin mədəniyyətin hüdudlarından kənara çıxa bilməz. Mədəniyyətin sonrakı inkişafında rasional elementlər də yarana bilər, lakin onun mövcudluğunun bütün mərhələlərində istənilən ədəbiyyat, incəsənət və musiqi əsəri mahiyyət etibarilə effektiv "xalq ruhu"nun inikasıdır (Философия и методология истории, стр. 265). Onun fikrincə, tarixi hadisələrin təbiəti insan kollektivlərinin emosional fərqliliklərində gizlənir. Tarix aşağıdakı elementlərdən ibarətdir: tarixi gerçəklik, tarixi bilik, tarixi tədqiqat, tarixi metod, tarixi təcrübə. Mürəkkəb sistem olan tarix məhz sistemli təhlil aparılmasını nəzərdə tutur, bu təhlil tarixə tarixi bilikdə adekvat əks olunmuş real tarixi proses kimi ən dolğun tərif verməyə kömək edir. Beləliklə, tarix elminin predmeti tarixi hadisələr və faktlardır. Tarix elmi idrak nəzəriyyəsinə əsaslandıqda tarixin ən dərin mahiyyətinə varır. Odur ki, tarixi idrakın elmiliyi problemi bu gün bizim üçün son dərəcə vacibdir. Bu, həm də onunla şərtlənir ki, biz uzun əsrlər boyu bu və ya digər iri dövlətlərin tərkibinə daxil olmuşuq, nəhayət, XX əsrin axırlarında dövlət müstəqilliyi qazanmışıq. Bu da bizə milli tariximizə kənar diktat olmadan, müstəqil surətdə nəzər salmağa imkan verir. Nəticədə bu gün tarixi idrakda bütünlükdə tariximizin, həmçinin ayrı-ayrı tarixi hadisələrin ənənəvi təhlili və izahı metodologiyasının yeni tənqidi qiymətləndirilməsi baş verir. Tarix elmində böyük irəliləyiş gözlənilir, qədim və orta əsr Azərbaycan tarixinə maraq açıq-aşkar artmışdır; tarix elmi xarici ölkələrin muzey və kitabxanalarından yeni məxəzlərlə zənginləşir; orijinal tarixi mətnlərin dilini bilən gənc mütəxəssislərdən ibarət yeni elmi korpus formalaşır və s. Lakin sosial-humanitar elmdə baş verənləri müsbət qiymətləndirməklə yanaşı, qeyd etmək vacibdir ki, tarix elmimiz hələ faktoqrafiyadan, eləcə də təsvirçilik metodundan tam xilas ola bilməmişdir. Qnoseoloji nihilizm, faktoloji materiala aludə olmaq milli tarixi proseslərin məhsuldar elmi təhlilinin qabağını kəsir. Tariximizin empirik-faktoloji və məntiqi-rasional səviyyələrinin qarşılıqlı əlaqəsinin dərk edilməsi problemi elmi metod kimi tədqiqatlarda bütövlükdə tətbiqini hələ kifayət qədər tapmamışdır. Tarixi idrakın metodoloji problemlərinin Azərbaycan tarixinin təhlilinə yeni yanaşmaların, keçmişdəki hadisələrin izah olunmasının mühüm şərtinə çevrildiyi bir şəraitdə, tarixçilərimiz metodoloji problematika ilə məqsədyönlü məşğul olmaq üçün özlərinə əziyyət vermirlər. Halbuki metodologiya amili tarixi idrakın dərin elmiliyində əsas rol oynayır. Tarixi hadisələr haqqında elmdən sosial və tarixi proseslər, münasibətlər və strukturlar haqqında elmə çevirmək meyli Azərbaycan istorioqrafiyasında hələ lazımınca təmsil olunmamışdır.

OXŞAR XƏBƏRLƏR