Rasim Musabəyov: “Petrosyanın sözlərində həqiqət var"

Rasim Musabəyov: “Petrosyanın sözlərində həqiqət var"
Bütün Xəbərlər
08:52 01.06.2011
1505

"Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvonun saxlanılması resursları artıq tükənmək üzrədir". Bu sözləri dünən İrəvanda keçirilən mitinq zamanı Erməni Milli Konqresinin lideri, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bəyan edib.

Sabiq prezident qeyd edib ki, bunu ATƏT-in Minsk qrupu ölkələrinin Dovil bəyannaməsi və əldə etdikləri digər məlumatlar da təsdiqləyir. 

“Rusiyanın köməkliyi ilə Dağlıq Qarabağ məsələsinin həllinə yaxınlaşılıb. Amma digər tərəfdən bu proses iflasa uğraya bilər, bu halda müharibə təhlükəsi real olacaq. Ermənistanın hazırki hakimiyyəti çox çətin vəziyyətdədir. Onlar başa düşürlər ki, xalqın nifrəti altında güzəştlər yolu ilə məsələnin həllinə gedə bilməzlər. Digər tərəfdən güzəştlərə getmədən də onlar müharibəni apara bilməyəcəklərini də başa düşürlər. Məhz Dağlıq Qarabağ məsələsi hakimiyyətin güzəştlərə getməsinə səbəb olub”, - deyə Ter-Petrosyan bildirib. 

Ter-Petrosyanın bu bəyanatını şərh edən azərbaycanlı millət vəkili, politoloq Rasim Musabəyov ANS PRESS-ə açıqlamasında sabiq prezidentin sözlərində hardasa həqiqətin olduğunu bildirdi. 

“Hazırda vəziyyət belədir ki, Ermənistan qarşısına qoyulan güzəştləri qəbul etməlidir. Halbuki onlar buna meyilli deyillər, çünki həmişə “biz qalib gəlmişik və mütləq şəkildə istəyimizə nail olacağıq” kimi bəyanatlar veriblər, lakin indi bu mümkünsüz olub, yəni onlar istədiklərinə nail ola bilmirlər. Bir sözlə, prezident Serj Sarkisyan nə kompromisə gedə bilir, nə də Madrid Prinsiplərini qəbul edib torpaqlardan çıxmağa hazırdır”, - deyə R.Musabəyov qeyd etdi.

Politoloqun sözlərinə görə, hamı anlayır ki, bu baş verməsə, yəni rəsmi İrəvan razılaşmanı pozarsa, Qərb və Rusiya ondan əlini üzə bilər və bu zaman Ermənistan hərbi və iqtisadi cəhətdən güclənmiş Azərbaycan qarşısında tab gətirə bilməyəcək.

“Hər iki halda Ermənistanın vəziyyəti çətin olacaq. Levon Ter-Petrosyan baxmayaraq ki, müxalifətçidir, yəni müxalifət hər mənada çalışır ki, vəziyyəti bir qədər qabarıq şəkildə xalqa çatdırsın. Lakin onun sözlərində həqiqət var. Status-kvonun tükənmək üzrə olduğunu artıq həmsədrlər də deyirlər”, - deyə millət vəkili qeyd edib.

 

OXŞAR XƏBƏRLƏR