Rauf Mərdiyev 2 Aprel aksiyasından yazdı (KÖŞƏ)

KÖŞƏ
12:14 06.04.2011
2312


BAŞSIZ PİYADALAR

Özümü aksiya iştirakçılarının yerində təsəvvür etmək istədim. Axı necə olur ki, insanlar inandıqlar, rəhbər saydıqları bir şəxs olmadan azadlıq və demokratiya kimi böyük dəyərlərdən danışırlar? Həmin an onların hansı hisslər keçirdiyini təxmin etmək istərdim.

Sosial şəbəkələrdə məsələ aydındır. Klaviatura qəhrəmanları hamısı xaricdədir. Cola, burqer və notbuk. Otur, ye, iç, yaz. Hərdən darıxanda vebkameranı qoş otağını göstərsin sonra da de dünyada ilk mobil TV və s. yaratdım.

Bəs hanı Sizin realda rəhbəriniz, lideriniz? Keçmişləri məlumdur, ən həlledici anda belə TV pultunu kütlənin qarşısına çıxmaqdan üstün tutarlar. Niyə insanları radikal çağırışla cinayətə belə çağırmağa hazır olan insanlar, özləri öz rahatlıqlarını pozmurlar? Niyə görə Facebook-da adamı diri-diri yeməyə hazır olan İsa Qəmbərin oğlu bu gün susur?

Twitter-də kimsə yazdı ki, “Nemət Pənahovu tutublar. Halal olsun ona! Nemət Pənahov İsa Qəmbərin səhra komandiridir.” Qardaşım, Nemət Pənahov İsa Qəmbərin ən uzağı piyadası ola bilər. Çünki, piyada hər zaman öndə olun və bəzi kombinasiyalarda qurban verilir.

Piyadalar, filləri və şahmat taxtası arxasında oturanları buraxıb növbəti məsələyə keçək.


FONTAN SEVGİSİ


Bəzi insanlar üçün hələ də sərbəst toplaşmaq hüququ “harada istəyirəm, nə istəyirəm edirəm” anlamını verir. Əvvəllər Dalğa və s. kimi gənclər təşkilatları aksiyalar keçirəndə xüsusi təkid etməzdilər. Yetər ki, polis gəlsin, tutub aparsın, biz də xarici təşkilatlara yazaq. Yer o qədər də önəmli deyildi.

Bir vaxtlar müxalifət də yola gəlmişdi – razılaşdırılmış mitinqlər keçirirdi. İnsanlar sərbəst şəkildə toplaşır, heç kimin hüququ tapdanmadan, heç kimin qarğışını qazanmadan tədbirlərini keçirirdilər. Yadımdadır, bir vaxtlar belə tədbirlər Qələbə meydanında baş tutrdu.

Hətta şəhər mərkəzindən kənarda olsa belə bu aksiyalar insanları narahat edir. Yaşadığımız və futbol oynadığımız yerə yaxın olduğundan məktəbli vaxtlarımızda bu problemlə çox qarşılaşmışıq.

İndiki müxalifətin də qanuni yolla deyil, illahi də fontanlar meydanında olmalıdır təkidi anlaşılmazdır. Nəyə görə sadə vətəndaş nahar vaxtı iş yerinə qayıda bilməməlidir? Nəyə görə ana iki uşağını qucağına alıb səs-küy gələn yerdən həyəcanla qaçmalıdır? Nəyə görə sahibkarların hüquqları pozulmalıdır? Mən xirda ticarətlə məşğul olan insanları demirəm.

Müxalifətin fontan sevgisi hələ də müəmma olaraq qalır. Belə getsə Ukrayna və Qələbə meydanlarında da fontanlar tikmək zərurəti yaranacaq.

DÖYÜŞƏ YALNIZ QOCALAR GEDİR

Sosial şəbəkələrdə yüzlərlə gənc gecə-gündüz asıb-kəsməsinə rəğmən kütlənin böyük əksəriyyəti stajlı və beyinlərinə müxalif fikirlər hopdurulmuş 35 yaşından yuxarı insanlar idi. Bəzən hərəkətləri ilə bu sahədə bir xeyli təcrübəyə malik olduqlarını göstərirdilər. Bir iştirakçının 5 dəqiqə fasilə ilə aşağıdakı ifadələrini eşitmək çox maraqlı idi:

“Azadlıq!”

“Vurma, xəstəyəm”

“Ay kişi, buraxın məni. Evimə gedirdim.”

Amma etiraz edənlər stajlı olduğu kimi, polislərimizin arasında da stajlılar var idi.

Facebook-da fake profillərlə hay-küy qaldırmaq, profil şəkilləri dəyişib kimlərəsə hansısa mesaji çatdırmaqla deyil. Bəs müxalifət cavanlaşmışdı? Bəs yeni super-puper iPod generation gəlirdi?

İnanmırsınıza araşdırın. Müxalifətin son son 3 aksiyasından 20 foto götürün və tutuşdurun. Əgər orada iştirak edənlərin yarısından çoxu yaşlı insan olmasa və hər 3 aksiyada iştirak edən eyni insan tapa bilməsəniz mən buradaca yazdıqlarımıgeri götürməyə hazıram.

Beləlikə, pultun kimdə olması, elanın qəzetdən ya Facebook-dan verilməsindən asılı olmayaraq döyüşə hər zaman qocalar gedir.


GÜNÜN QƏHRƏMANLARI

2 aprel tarixində ən çox təəssüf etdiyim peşə sahibləri polislər və junalistlər idilər. Hər iki qrup öz istirahət günlərini qaçhaqaç və gərginlikdə keçirdilər.

Polisin hərəkətlərini isə xüsusilə alqışlamaq lazımdır. Yalnız asayişi pozanlarla mübarizə deyil, eyni zamanda dinc insanlarının hüquqlarının və əmlakının qorunması üçün əllərindən gələni etdilər. Nə qədər mənfi danışılsa da mən bu gün Azərbaycan polisini bir daha kəşf etdim.

Peşəkarların dili ilə desək polis “təmiz” işlədi. Operativ və səliqəli. Bir nəfərin də olsun burnu qanamadı.

Düzdür, müxalitət propaqandası nəticəsində ayağı “sınan”, dizi “çatlayan”, çiyni “əzilən” yüzlərlə insan olacaq, bəlkə də Xədicə artıq həmin siyahını qafiyəli formada səsləndirir ya da hansısa local “Al-Kaeda” öz veb səhifəsində yerləşdirib. Həqiqət isə Azərbaycan polisinin davranış və peşəkarlığının əvvəlki illərə nisbətən bir xeyli irəlilədiyini göstərir.

Fotolar isə indi demokratiya etalonu kimi çıxış edən ölkələrdəki icazəsiz aksiyalarla Bakıdakı aksiya arasındakı fərqi göstərir.


QIRMIZI XƏTT

Polisin ayıq-sayıqlığına baxmayaraq bir neçə neqativ məqam oldu. Bu məqamlardan biri o qədər ciddi idi ki, hadisələrin sonrakı gedişinə həlledici təsir göstərə bilər.

Hiss olunurdu ki, bəzi aksiya iştirakçıları TV və Youtuba-a çox baxıblar. Təəssüf ki, yalnız baxıblar, anlamayıblar. 28 May metrostansiyası istiqamətində hərəkət edən bir qrup etirazçı Tunis, Misir hadisələrindən ruhlanaraq əllərinə daş, dəyənək alıb ətrafda olan mağazaların vitrinlərini, bankomatlara hücum etməyə başlayıblar. Nəticədə bir neçə obyektə o cümlədən Bank Standartın filiallarından birinə ciddi ziyan dəyib.

Şəxsi əmlakın dağıdılması yolverilməzdir və bu hərəkətlə müxalifətçilər özlərinin əleyhinə olan insanların sayını bir xeyli artırıblar. Amma bu da qorxuludur. Çünki, bizim müxalifət sayca azaldıqca daha dağıdıcı və azğın olur.

Bu gün bu azğınlıq pik nöqtəsinə çatdı və onlar üçün müəəyyən olunan qırmızı xətt keçildi. Artıq neytral fikirli insanlar da onların əməllərinə haqq qazandırmayacaqlar.

YUMRU RADİO

Bizdə bəzi sözlər zaman və məkandan asılı olmayaraq daima dəbdədir. Məsələn, tərəfsiz. Biz tərəfsizik. Biz obyektivik.

Qəzəbindən mağaza vitrinləri sındıran 350 nəfərlik ”xalq”-ın aksiyasını çox media orqanları işiqlandırdı. Bunlar arasında xüsusilə birinə toxunmaq istərdim.

Özünü daima digərlərinə örnək, opeartiv, qərəzsiz sayan bir radio var – Azadlıq radiosu. Nə zaman, nə üçün yarandığı, müxtəlif vaxtlarda hansı məqsədlər üçün istifadə olunduğu hər kəsə məlumdur, toxunmayacağam.

Toxunacağım məsələ bu gün Azadlıq Radiosunun efirində eşitdiyim fikirlərlə bağlı olacaq. Bir müddət öncə radionu ən tərəfsiz, orada hansısa vəzifə tutmuş indi isə aparıcılıq edən Xədicə xanımı da ən tərəfsiz jurnalist adlandırmışdılar. Qulaq asdım və danışılan “tərəfsizliyin” canlı şahidi oldum.

Özünə obyektiv deyən qurum heç olmasa adına hörmət edib aparıcısından azacıq da olsa “tərəfsiz” görünməsini tələb edə bilər. Amma bir halda ki, “tərəfsiz” radionun “tərəfsiz” aparıcısı onun istəmədiyini demədiyinə görə onu təhqir edirsə bu artıq dəhşətdir. Sizin iki yolunuz var: ya Siz də “tərəfsiz” münasibət bildirməli və arzulanan istiqamətdə danışmalı və ya təhqir olunmalısınız. İnanın, digər topa-tüfəngə tutulan TV və radiolar bundan daha abırlı iş görürlər.

Azadlıq radiosunun HR-ı hara baxır? Niyə öz kadrlarının peşəkar, etik davranışlarını təkmilləşdirmirlər?

Həndəsədən dairənin (halqa) də tərəfsiz olduğunu bilirik. Belə getsə “tərəfsiz” radioya YUMRU RADİO deyəcəyik, “tərəfsiz” aparıcı isə… HR-a inanırıq.

SON SÖZ ƏVƏZİ

Yaşananları gördük. Bunlar deyil, bunların yarısı belə sağlam düşünən insanlar üçün nəyin pis, nəyin yaxşı olduğunu müəyyən etmək üçün kifayətdir. Əsində sual, pis və yaxşını müəyyən etmək deyil. Xalq öz seçimini edib. Sual pis yola düşənləri necə xilas edəcəyimizdədir. Çünki, 350 nəfərdən 50-si “atıntı” olsa da, digərləri cəmiyyət və dövlətə yararlı ola bilərlər. Çünki, onlar da Azərbaycanlılardır. Çünki, sabah onlar da əllərinə silah alıb Vətəni qorumağa gedəcəklər (qəlbimin dərinliklərində buna inanıram).

Həmin insanlarla daim işləməli, onları xəyanətkarların, siyasi klounların, dezertirlərin, klaviatura cəngavərlərinin, şəxsiyyətini itirmiş amma hələ də özünü Azərbaycan gənci kimi qələmə verənlərin, Facebook-da Xocalı adından istifadə edib şəxsi mənafə güdən şərəfsizlərin təsir dairəsindən qurtarmalıyıq.

Allah bu yolda hər birimizə yardımçı olsun.

HÖRMƏTLƏ: RAUF MƏRDİYEV

P.S. AZXEBER.COM portalı yazıda adıçəkilən şəxslərin da fikirlərini yayımlamağa hazırdır. 

OXŞAR XƏBƏRLƏR