Rauf Mərdiyev: 'Gündəmə gəlməyin ən qısa yolu isə gündəmdə olanlardan danışmaqdır' - MÜSAHİBƏ

GƏNCLİK
16:18 10.08.2012
2276

AZXEBER.COM “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevin Gun.Az-a müsahibəsini təqdim edir

- Rauf müəllim, bir neçə gün öncə mətbuatda “İrəli” İctimai Birliyinin ünvanına anonim mənbədən ittihamlarla dolu məqalə dərc olundu. “İrəli”nin sədri kimi bu barədə fikirlərinizi bilmək maraqlı olardı... - Adətən, belə yazılar ölkədə baş verən müsbət proseslərdən narahat olan qüvvələrin sifarişi ilə yazılır və müsbət proseslərin önündə duran təşkilat, qurum və şəxslər haqqında əsassız ittihamlar, absurd fikirlərdən ibarət olur.   Qeyd etdiyiniz məqalə də bu qəbildəndir. Dediyiniz yazıda anonim müəllif əsassız ittihamlar irəli sürür və səsləndirdiyi fikirlərə sübut kimi bircə fakt belə olsun gətirmir.   Sual olunur, nə üçün məqalənin müəllifi özünü gizlədir? Adətən özünə və dediyinə əmin olan şəxs ortaya çıxır, öz fikrini deyir və onları əsaslandıracaq faktlar göstərir. Bu halda isə nə fikri səsləndirən məlumdur, nə də onu əsaslandıracaq faktlar. Məhz bu səbəbdən də əminliklə deyirəm ki, bu yazıda heç bir fakt, həqiqət yoxdur.   - “İrəli” əleyhinə olan yazılarda həmçinin qeyd olunur ki, ireli.az saytında tərədaşlar bölməsi boşdur və bu təşkilatda maliyyə şəffaflığının olmaması deməkdir. Bu haqda nə deyə bilərsiniz?   -  Bu da tamailə əsassız ittihamdır. Çünki ireli.az saytında tərəfdaşlar (https://ireli.az/activity/partners) bölməsi 2008-ci ildən mövcuddur və mütəmadi olaraq yenilənir. Sadəcə həmin müəllif saytdan düzgün istifadə edə bilməyib.   Mən çox təəssüf edirəm ki, hələ də bəzi şəxslər kompüter savadsızlığını tam aradan qaldıra bilmir və bunun nəticəsidir ki, əsassız ittihamlar ortaya çıxır.   Bir daha qeyd edirəm ki, həmin məqalədə qeyd olunan bütün fikirlər absurddur. Biz bu çirkin oyunların kimlərin sifarişiylə yazıldığını və kimlər tərəfindən həyata keçirildiyin çox gözəl bilirik. Bu əməllərin arxasında dayanan motivlər də bizə məlumdur.   - Əminəm ki, bu şəxslərin kimliyi cəmiyyət üçün də çox maraqlıdır. Mümkünsə söyləyin kimlərdi bu şəxslər?   - Bu o insanlardır ki, ölkədə gedən müsbət dəyişiklikləri həzm edə bilmir, cənab Prezidentin yürütdüyü düzgün siyasət nəticəsində Azərbaycanın qazandığı nəaliyyətlərin ildən ilə artmasını qısqanclıqla qarşılayır.   Həmin şəxslər bütün sahələrdə olduğu kimi gənclər sahəsində də tətbiq edilən modern və düzgün yanaşma nəticəsində qazanılan uğurlardan qorxuya düşürlər. Bu o qruplardır ki, proqressiv Azərbaycan gənclərinin cənab Prezidentin ətrafında sıx birləşməsini öz maraqlarına təhdid kimi qəbul edirlər. Bu o insanlardır ki, onlar üçün şəxsi maraqları istənilən digər maraqlardan daha üstündür.   - Ölkədə bir çox gənclər təşkilatı, ictimai birliklər fəaliyyət göstərir. Sizcə bu tip məsələlərdə hədəf niyə “İrəli” olur?   - Çünki “İrəli” daima öz fəaliyyəti, təşəbbüs və yenilikləri ilə ölkə gündəmindədir. Təkcə bir faktı qeyd etmək istərdim ki, Şərqi Avropada ISO 9001 keyfiyyət idarəetmə sertifikatına malik öz profilimizdə ilk və yeganə təşkilat məhz “İrəli”dir. Bu gün mətbuatı izləyən hər kəs demək olar hər gün “İrəli”nin xəbərləriylə rastlaşır. Bu o deməkdir ki, “İrəli” daima gündəmdədir.     - Sözünüzdən belə çıxır ki, onlar özlərini reklam etmək üçün, gündəmə gəlmək üçün “İrəli”nin adından istifadə edirlər?   - Bəli. Həmin qrupların, şəxslərin, təşkilatların var olduqlarını göstərmək üçün çox sadə metodları var. Onların devizi budur: “Fəaliyyətsiz olduğumuza görə gündəmdə deyilik. Gündəmə gəlməyin ən qısa yolu isə gündəmdə olanlardan danışmaqdır”.   Bundan sonra isə onlar anonim müəlliflər, absurd fikirlər, böhtan və qarayaxmalar başlayırlar. Bu insanlar bizi gah hansısa qəzetdə debata çağırırlar, gah bizim maliyyə qaynaqlarımızı araşdırırlar, gah bizim saytımızda səhv axtarırlar, gah da bizi daima rəsmi geyinib, qalstuk taxmaqda ittiham edirlər. Mən təəccüb edirəm ki, hansısa debat üçün qəzet redaksiyası nəyə lazımdır və ya biz rəsmi geyiniriksə bu niyə onlara toxunur?   Bu insanların var olduqlarını göstərəcək başqa fəaliyyət növü yoxdur. Üstəlik, uzun illərdir Azərbaycan müxalifətinin böhran içində olduğunu nəzərə alsaq, heç bir ideoloji platformaya sahib olmayan, sosial bazadan  məhrum olan bu partiyaların gənclər qrupları və peyk təşkilatlarının da öz böyüklərindən gördükləri yalnız dağıdıcı fəaliyyətdir.   - Sizcə onların fəaliyyəti yalnız bundan ibarətdir?   Bəli,çünki bu şər, böhtan kampaniyası ilk dəfə deyil. Biz mütəmadi olaraq belə böhtanlarla üzləşirik. Qarşı tərəf mövzu qıtlığı ilə üzləşən kimi, ilk işi uğur hekayəsi olan digər təşkilat və şəxslərə palçıq atmaq olur.   Digər tərəfdən isə, il ərzində heç bir faydalı təşəbbüslə çıxış etməyən, ətrafında topladığı insanlar barmaq sayıdan artıq olmayan, müstəqil kimi qələmə verdikləri peyk təşkilatları partiya rəhbərlərinin qohum-qardaşları tərəfindən idarə olunan qruplardan sağlam rəqabət, faydalı fəaliyyət gözləmək sadəlövlük olar.   - Qeyd edirsiniz ki, onlar faydasız işlərlə məşğuldurlar və cəmiyyətə heç bir yararları yoxdur. Belə olan təqdirdə bəlkə siz onları əməkdaşlığa dəvət edəsiniz?   - Eyni qruplara dəfələrlə ümumi maraqlarımızla bağlı məsələlərdə iştirak etmək təklifi edilib. Bir müddət öncə erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən azyaşlı həmvətənlərimiz Aygun və Farizlə bağlı kampaniya başlatdıq, bir müxalifət təşkilaltı da qoşulmadı, İranda həbs olunan vətəndaşlarla bağlı imzatoplama kampaniyasına start verdik, onlardan dəstək gəlmədi. Bu insanlar üçün milli maraqların mövcud olmamasının isbatı üçün daha hansı fakt lazımdır?   - “İrəli” sədri olaraq həmin qruplara nə məsləhət görürsüz? Nə etsinlər onlar? - Bu insanlara məsləhətim odur ki, gecə-gündüz yuxularına haram qatıb bizim fəaliyyətimizdə nöqsan axtarmasınlar, öz daxillərində olan boşluqları doldursunlar. "Vahid namizəd" mövzusunda diskussiya keçirsinlər, başqalarını müzakirə etməkdənsə öz işləriylə məşğul olsunlar. Amma nə qədər ki, bu təşkilatlar öz şəhərində baş verən yanğına sevinən insanlar tərəfindən idarə olunur, mən vəziyyətin düzələcəyinə ümid etmirəm.   - Son olaraq nə demək istərdiz? - Düzünü deyim bu qrupların, təşkilaların indiki vəziyyəti mənə birinin quyuya daş atması ilə bağlı misalı xatırladır. Biz quyuya daş atana fikir verməməyə çalışırıq, amma bu onu quyuya daha çox daş atmağa həvəsləndirir. Amma mən ümid edirəm ki, həmin şəxs və şəxslər etdiklərinin onlara ziyan gətirəcəklərini anlayıb bu əməldən vaz keçəcəklər. 

OXŞAR XƏBƏRLƏR