Onun sözlərinə görə, Müsavat başqanının inqilab çağırışları ölkədə mövcud olan daxili sabitliyi pozmağa yönəlib və bu dəfə də nəticəsiz qalacaq: “Müsavat funksionerləri bəyan edirlər ki, İsa Qəmbərlə görüşə 400-500 gənc qatılıb. Amma tədbirdən yayımlanan fotoşəkilərə baxdıqda bu rəqəmin 200-ü keçmədiyi aydın görünür. Digər tərəfdən İctimai Palatanın keçirdiyi icazəli aksiyalara ən yaxşı halda 1200 iştirakçı qatılır ki, bu da ölkənin səs hüquqlu vətəndaşlarının 0,02 faizini təşkil edir. Əgər İsa Qəmbər düşünürsə ki, 0,02 faiz səslə seçkilərdə qalib gəlmək olar, yanılır. Biz ilk dəfə deyil ki, ənənəvi müxalifət liderlərindən bu cür açıqlamalar eşidirik. Onların verdiyi proqnozlar heç zaman öz təsdiqini tapmayıb. Çünki Azərbaycan gəncliyi praqmatikdir və ağı qaradan seçməyi bacarır. Bu gün ölkə gəncliyinin inkişafı üçün ciddi addımlar atılır. Gənclər təhsil almaq, uğurlu karyera qurmaq imkanına malikdirlər. Bütün bu uğurlara qısqanclıqla yanaşan müxalif düşərgə isə özünü hər vəchlə gündəmə gətirmək istəyir. İstənilən halda onlar başa düşməlidirlər ki, şişirtməçiliyə yol verməklə siyasi uğur əldə etmək olmaz. Bu mənada mən müxalifət liderlərini daha ciddi işlərlə məşğul olmağa, Azərbaycan gəncliyini öz təxribatçı əməllərinə alət etməməyə çağırıram”.