Rayonlara yay səyahəti planlayanların DİQQƏTİNƏ

Rayonlara yay səyahəti planlayanların DİQQƏTİNƏ
SOSİAL
22:38 12.06.2026
228
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi hal aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı qarşılanması üçün əlavə tədbirlər görür.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Belə ki, 13 iyun-31 avqust tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfərlər hər şənbə və bazar günləri olmaqla təşkil ediləcək. Eyni zamanda, 15 iyun - Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günü bu marşrutla əlavə qatar reysləri icra olunacaq.

Qatar Bakıdan şənbə günü saat 08:30-da, Ağstafadan isə bazar günü saat 17:15-də yola düşəcək.

ADY-nin digər sərnişindaşıma marşrutu olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə 6 iyun tarixindən başlayaraq şənbə və bazar günlərində hər iki istiqamətdə səfərlər həyata keçirilir. Sərnişin tələbatını təmin etmək məqsədilə 26 iyunda Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reys təyin ediləcək.

Bundan əlavə, 4 iyuldan etibarən bu marşrut üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək ki, bu da bölgə sakinlərinin və sərnişinlərin xidmətlərdən daha rahat istifadə etməsinə imkan yaradacaq.

Qatar Bakı-Qəbələ istiqamətində saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşür.

Daha bir yenilik 1 iyuldan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikində tətbiq ediləcək. Belə ki, Bakıdan saat 23:30-də (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.

Bundan əlavə, 12 və 13 iyun tarixlərində Bakıdan və Balakəndən hərəkət edəcək qatarların vaqon tərkibi artırılaraq 9-a çatdırılacaq və daha çox sərnişinin daşınması təmin ediləcək.

Xatırladaq ki, 6 iyundan başlayaraq rayonlararası istiqamətlər üzrə Dərnəgül stansiyasından da səfərlər təşkil olunur.

Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 15 İyun - Milli Qurtuluş Günü və 26 İyun - Silahlı Qüvvələr Günü qatarlar qeyri-iş günü qrafikinə uyğun hərəkət edəcək.

Sərnişinlərimizə səfərlərini öncədən planlaşdırmağı və biletləri vaxtında əldə etməyi tövsiyə edir, xoş səfərlər arzulayırıq.

Hərəkət cədvəlləri ilə saytımızda və ya "ADY Mobile" tətbiqində tanış ola bilərsiniz.
OXŞAR XƏBƏRLƏR