Son günlər rayonlarda ev təsərrüfatlarında saxlanılan toyuqlar arasında müxtəlif xəstəliklərin yayıldığı bildirilir.
Xüsusilə həyətyanı təsərrüfatlarda quşların xəstələnməsi və tələf olması sakinlər arasında narahatlıq yaradır. Toyuqlar arasında xəstəliklərin yayılmasına düzgün qidalanmama, saxlanma şəraitinin uyğun olmaması, gigiyena qaydalarına əməl edilməməsi və infeksiyaların yayılması kimi müxtəlif amillər səbəb ola bilər.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, rayonlarda toyuqlar arasında xəstəlik hallarının artması müxtəlif səbəblərlə bağlı ola bilər:
"Son günlər rayonlarda toyuqlar arasında xəstəlik hallarının artması barədə məlumatlar müxtəlif səbəblərlə bağlı ola bilər. Amma konkret xəstəliyin adını laborator müayinə olmadan müəyyən etmək mümkün deyil. Bu, Nyukasl xəstəliyi, müxtəlif respirator və bakterial infeksiyalar, parazitar xəstəliklər və ya başqa səbəblər ola bilər. Xüsusilə kütləvi tələfat varsa, quş qripi də mütləq istisna edilməlidir”.
A. Nəsirlinin sözlərinə görə, hazırda hər bir xəstəlik halını avtomatik olaraq quş qripi kimi qiymətləndirmək düzgün deyil:
"Azərbaycanda 2026-cı ilin aprelində aparılan rəsmi monitorinq zamanı 34 sənaye quşçuluq müəssisəsi və 4 rayonun 72 ailə təsərrüfatından nümunələr götürülüb. Nəticədə quş qripinə və Nyukasl xəstəliyinə yoluxma şübhəsi aşkarlanmayıb. Buna görə hazırda rayonlardakı hər bir xəstəlik halını avtomatik olaraq quş qripi kimi qiymətləndirmək düzgün olmaz”.

Ekspert bildirib ki, sentyabr ayının sonundan etibarən mövsümi risk faktorlarına da diqqət yetirilməlidir:
"Sentyabrın sonundan etibarən mövsümi risk faktoruna da diqqət yetirmək lazımdır. Azərbaycan köçəri quşların yaz və payız miqrasiya marşrutlarının üzərində yerləşdiyinə görə quş qripi baxımından riskli ərazilərdən biri hesab olunur. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı da vəhşi quşların miqrasiyasını, xəstə quşların hərəkətini, çirklənmiş yem və suyu, həmçinin ayaqqabı, nəqliyyat vasitələri və avadanlıqları quş xəstəliklərinin yayılmasında əsas amillər sırasında göstərir”.
A. Nəsirli qeyd edib ki, rayonlardakı fərdi təsərrüfatlarda xəstəliklərin yayılması üçün risk yaradan amillər daha çox ola bilər:
"Rayonlardakı fərdi təsərrüfatlarda risk daha yüksək ola bilər. Çünki toyuqlar bəzən vəhşi quşlarla təmasda olur, müxtəlif təsərrüfatlardan quşlar bir-birinə qarışır, peyvəndləmə və dezinfeksiya qaydalarına tam əməl olunmur. Xüsusilə yeni quşların karantinsiz sürüyə əlavə edilməsi xəstəliyin yayılmasına səbəb ola bilər. Yem və suyun çirklənməsi, havalandırmanın zəif olması, sıxlıq, temperatur dəyişiklikləri və ümumi gigiyenanın aşağı səviyyədə olması da quşların immunitetini zəiflədərək xəstəliklərin yayılmasını sürətləndirə bilər”.
Ekspertin sözlərinə görə, bir neçə kənddə eyni vaxtda toyuq tələfatı müşahidə edilərsə, bu hal araşdırılmalıdır:
"Ona görə bir neçə kənddə eyni vaxtda toyuq tələfatı müşahidə edilirsə, bunu sadəcə "mövsümi xəstəlik” kimi qəbul etmək olmaz. Xəstə və tələf olmuş quşların başqa təsərrüfatlara aparılması dayandırılmalı, cəsədlərlə təmas məhdudlaşdırılmalı və baytarlıq xidmətinə məlumat verilməlidir. Quş qripi kimi xəstəliklərdə erkən aşkarlama və sürətli laborator diaqnostika xüsusilə vacibdir”.
Fəridə Əsədzadə









































