Rəbiyyət Aslanova: Avroparlamentin belə bir mövqeyi qurumun nüfuzunun xeyli aşağı düşməsinə səbəb olacaq

SİYASƏT
17:20 24.10.2013
1134

9 oktyabr prezident seçkilərinin ədalətli, azad keçirildiyini, bu prosesdə demokratik prinsiplərin qorunduğunu Azərbaycanda olan müşahidəçilər, eləcə də bütün beynəlxalq müşahidəçilərin hər biri etiraf etdi.

Bu qədər beynəlxalq təşkilatların etirafından sonra Avropa Parlamentinin belə qərəzli mövqeyi yolverilməz haldır və hesab edirik ki, belə bir mövqe həmin qurumun siyasi məkanda nüfuzunun xeyli aşağı düşməsinə səbəb olacaq.

AZXEBER.COM xəbər verir ki, bunu mətbuata açıqlamasında hakim partiyadan olan millət vəkili, parlamentin komitə sədri Rəbiyyət Aslanova dilə gətirib.Onun sözlərinə görə, ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri Tana de Zuluetanın qərəzli mövqeyinə əsaslanaraq Avropa Parlamentinin bu cür mövqe bildirməsi hələ də mövcud olan Azərbaycana qarşı ikili standartlardan xəbər verir.

Komitə sədri deyib ki, beynəlxalq təşkilatların mövqeyinə yanaşarkən bir şeyi dəqiq bilməliyik ki, onların heç də hər biri ən ali prinsipləri rəhbər tutan və ikili standartlardan uzaq olan təşkilatlar deyil.

R.Aslanovanın dediyinə görə, bəzən belə bir qəribə təəssürat yaranır ki, əgər bu qurum doğrudan da beynəlxalq təşkilat statusuna malikdirsə, onun bütün fəaliyyəti, bütün ölkələrə münasibəti olduqca şəffaf, obyektiv olmalıdır, lakin bu, heç də belə deyil:“Nə üçün beynəlxalq status daşıdıqları halda, onlar qeyri-obyektiv mövqelər sərgiləyirlər” sualına cavabında millət vəkili bildirib ki, çünki orada toplaşan həmin üzv dövlətlər və onların nümayəndələrinin siyasi maraqları onların fəaliyyətini istiqamətləndirən şərtlərdir.

“Bu baxımdan, Azərbaycana münasibətdə belə bir mövqe tutmaları yolverilməzdir. Yenə də deyirəm ki, bu, ikili standartlardan doğan hallardır. Eyni zamanda qeyd edim ki, Azərbaycan beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür.

Bütün dövlətlərlə, təşkilatlarla əlaqəli şəkildə işləyir, istər Qərb, istərsə də Şərq dövlətləri ilə qarşılıqlı anlaşma, dostluq, bir-birinin işinə qarışmamaq, bir-birinin hüququna hörmət etmək əsasında öz fəaliyyətini davam etdirir və həmin təşkilatlara da məhz bu məqsədlə yanaşır.

Həmin beynəlxalq təşkilatlardan belə bir qərəzli mövqe gördükdə isə bu qurumla əlaqələrinin davamlı olmasına yenidən baxır. Lakin bu, o, demək deyil ki, onlar qarşısında təzyiq psixologiyasından qorxan bir dövlətik.

Biz ali prinsipləri əsas tutan, demokratiyanın gerçəkləşməsi yolunda birgə addımlamağı əsas götürən bir dövlətik. Əgər Azərbaycandakı bu uğurları, nailiyyətləri, görülən böyük işləri görmək istəmirlərsə, yaxud faktları təhrif etmək arzusundadırlarsa, o zaman Azərbaycanın da onlara deyiləsi qəti sözləri var və onların mövqeyinə qarşı etirazını bildirmək hüququ var.

Odur ki, biz Avropa Parlamentinin üzvlərinin seçki ilə əlaqədar mövqeyinə qəti etirazımızı bildiririk. Bu, həmin qurumun Azərbaycana qarşı çevrilmiş birinci qeyri-obyektiv mövqeyi deyil. Belə mövqelər dəfələrlə olub. Azərbaycan tərəfi öz mövqeyini bildirib, yenə də öz mövqeyimizi bildiririk.

Bildiririk ki, hər bir beynəlxalq təşkilat dünyada baş verən münasibətlərə obyektiv münasibət bildirməlidir.

Biz Avropa İttifaqının üzvü deyilik. Lakin bu, o, demək deyil ki, başqa bir dövlətin işinə bu cür müdaxilələr edilsin, bu dövlətdə olan uğurların təhrif olunmasına yol verilsin”- deyə, R.Aslanova mətbuata açıqlamasında qeyd edib.R.Aslanova mətbuata açıqlamasında eyni zamanda bildirib ki, Azərbaycan üzünü Qərbə tutub, çünki Qərbyönümlü inteqrasiya yolunu seçmiş bir dövlətdir:

“Bizim Avropa dövlətlərindən və beynəlxalq təşkilatlardan gözləntimiz demokratiyanın prinsiplərinə sadiqlikdir, insan hüquq və azadlıqlarının qorunması yolunda atılan addımlardır. Azərbaycanda seçkiləri təhrif edən insanlara sualımız budur:

Azərbaycan seçkilərin keçirilməsi ilə əlaqədar mövqeyini bildirərkən bir suala da cavab verin. Nəyə görə bu gün şuşalı Şuşada, kəlbəcərli Kəlbəcərdə, laçınlı Laçında, ümumiyyətlə, qaçqın və köçkün həyatı yaşayan insanlar öz doğma yurdunda seçkilərini keçirə bilmir?Bununla bağlı mövqeyinizi niyə açıqlamırsınız? Axı, bu insanların hüquqlarının pozulması ilə əlaqədar mövqeyinizi ortaya niyə qoymursunuz? Çox ciddi məqamlar var. Bu baxımdan, Azərbaycan vətəndaşı, insanı, siyasətçisi Azərbaycana qarşı yönəlmiş hər cür qərəzli mövqeyin qarşısını almaq iqtidarındadır. Həmçinin, qeyri-obyektiv münasibətlərə qarşı etirazımı bildirmək iqtidarındayıq”.“Avroparlamentin bu cür mövqe dəyişməsini həmin quruma, yaxud, onun üzvlərinə qarşı hansısa təzyiqlərin edilməsi kimi başa düşmək olarmı” sualına cavab olaraq isə komitə sədri qeyd edib ki, onların içində çox sıx bağlantılar, özlərinin ilk baxışda üzdə görünməyən ciddi maraqları var:

“Bunu da nəzərə almaq lazımdır. Onlar adları müxtəlif olsa belə eyni məqsədə xidmət edən ayrı-ayrı qurumlardır və eyni mərkəzdən idarə olunurlar. Avropa mənşəli bu qurumlar bir-biri ilə əlaqəsi və məqsəd eyniliyi məlum məsələdir. Bu baxımdan hesab edirik ki, onların Azərbaycanla əlaqədar mövqeyi təzyiq vasitəsidir. Biz belə söyləyəndə bəzən deyirlər ki, hər dəfə eyni sözü söyləyirsiniz. Qətiyyən!

Onlar öz məqsədlərinə çatmaq üçün bir qrup ölkələr bir cür yanaşırlar, digər bir qrup ölkələrə başqa cür. Azərbaycanla əlaqədar olaraq, belə mövqe ilk dəfə deyil. Avropa Parlamenti üzvlərinin qəbul etdiyi bir sıra qətnamələr var ki, onlara kəskin etiraz etmişik. Digər tərəfdən, Avropa Parlamenti üzvlərinin Dağlıq Qarabağa səfəri də var. Bununla bağlı da öz mövqeyimizi bildirmişik. Yəni, bu cür hallar ilk dəfə deyil.Biz onlardan dostcasına münasibət hələ ki görməmişik. Bu, birmənalı belədir. Bu, bir Avropa sentrizminin bariz nümunəsidir. Ancaq bir şeyi anlamalıdırlar ki, bu gün dünyada məsələlərə tolerantlıq, dözümlülük hissi ilə yanaşmaq ilk növbədə beynəlxalq təşkilatlara aid olmalıdır. Onlar həm üzvlərinə, həm gələcəkdə üzvü olacaq dövlətlərə yanaşmada dözümlülük prinsipini, tolerantlığı, qarşılıqlı anlaşma, dostluq, əməkdaşlıq prinsipini rəhbər tutmalıdırlar”.Komitə sədri mətbuata açıqlamasında həmçinin qeyd edib ki, digər beynəlxalq təşkilatlarda da birinci dərəcəli və ikinci dərəcəli dövlətlər prinsipi var:

“Ona görə Azərbaycanın beynəlxalq təşkilatlarda özünütəsdiqi çox çətin mərhələlərdən, sınaqlardan keçdi. Bu gün Azərbaycan istər ATƏT-də, istər Avropa Şurasında güclü söz sahibidir. Bu da asan əldə olunmayıb. Bu, dövlət başçımızın apardığı siyasət nəticəsində əldə olunub. İnanıram ki, Avropa Birliyi də Azərbaycan adlı güclü dövlətin, böyük gələcəyə malik olan dövlətin uğurlarını etiraf etməli olacaq.

Çünki Azərbaycanın həm sürətli iqtisadi inkişafı, həyata keçirilən islahatlar, hüquqi islahatlar, yaranmış böyük mənəvi məkan hamısı göstərir ki, Azərbaycan demokratik inkişaf yolunda addımlamasında universal dəyərlərə sadiqdir və bu göz qabağındadır. İstəsələr də, istəməsələr də, öz maraqlarına çıxış edərək səhv mövqe tutsalar da, gec-tez anlayacaqlar ki, bu dövlətlə hesablaşmalıdırlar, bu dövlətin hüquqlarına hörmət etməlidirlər və qərəzli mövqelərindən əl çəkməlidirlər.

Möhtərəm prezidentimiz and içmə mərasimində çox gözəl söz söylədi: “Azərbaycan heç kimin qarşısında əyilməyib, Azərbaycan tanıyırlar etiraf edirlər, bundan sonra da etiraf edəcəklər. Azərbaycan bu gün heç vaxt olmadığı qədər güclüdür”. Bunu etiraf etməlidirlər. Güclü dövlətlə hesablaşmanın vaxtı çatıb və hesablaşacaqlar da”

OXŞAR XƏBƏRLƏR