Rəbiyyət Aslanova Hilari Klintonun cavabını verdi: "Bu cür münasibət dövlət siyasətçisinə yaraşan hal deyil”
Bütün Xəbərlər
11:53 14.12.2011
2199
Bu gün super dövlətlər, ilk növbədə, onu fikirləşməlidirlər ki, əgər dünyada Zimbabve kimi ölkə varsa, onun çox ağır iqtisadi durumu varsa, qızıl milyard adlanan dövlətlər qrupu onlara kömək etməlidirlər Merkez.az-a açıqlamasında bu sözləri Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova Beynəlxalq İnsan Hüquqları Günündə ABŞ-ın Dövlət katibi Hillari Klintonun “AZƏRBAYCANDAN TUTMUŞ ZİMBABVEYƏ QƏDƏR SİYASİ MƏHBUSLAR HƏLƏ DƏ HƏBSXANALARDA SAXLANIR” fikrinə münasibət bildirərkən deyib: “Onların ağır iqtisadi durumuna yardım etməkdənsə, onları bir az da aşağılayıb insan haqları olmaması və digər məsələlərlə əlaqədar tənqid atəşinə tuturlar. Zimbabve hər halda dövlətdir, ağır iqtisadi durumda olan dövlətdir. O dövlətə bu cür münasibət dövlət siyasətçisinə yaraşan hal deyil”. Azərbaycana gəldikdə isə deputat əlavə edib ki, bu artıq birinci hal deyil: “Azərbaycanı həm iqtisadi cəhətədən aşağı olan, həm sosial durumu çətin olan ölkələrlə eyniləşdirirlər. Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar çox yanlış, həqiqətdən uzaq olan belə məlumatlar yaymağa çalışırlar, bəyanatlarla çıxış edirlər. Özünü demokratiyanın beşiyi sayan, insan haqlarının qorunmasını özü üçün ali prioritet sayan bir dövlət başqa dövlətlərə münasibətdə mütləq obyektivlik hissini rəhbər tutmalıdır”. R. Aslanova qeyd edib ki, bu gün Azərbaycanda insan haqları qorunması və əsas azadlıqların təmin olunması ilə əlaqədar problemin olmaması faktdır. “Amnesty İnternational” və “Human Right Watch” və digər təşkilatların verdikləri və həqiqətdən çox uzaq olan məlumatları yoxlamadan, dövlətin bugünkü durumunu, dövlətin əldə etdiyi siyasi, iqtisadi, sosial, mədəni nailyyətləri etiraf və analiz etmədən belə bəyanatlar verməsi böyük dövlətlər və onun rəsmisi üçün yaraşan hal deyil: “Azərbaycan xalqı demokratiya yolunu seçib və bu yolla da çox qətiyyətlə irəliləyir. Azərbaycanda insan haqlarının qorunmamasını deyən insan, ilk növbədə, Quvantanama həbsxanasında əziyyətlər içərisində yaşayan əsirlər haqqında danışmalıdır. Başqa ölkələrdə insan haqları yoxdur deyən dövlət rəsmisi İraqda törətdikləri o acınacaqlı hallarla əlaqədar, milyondan çox uşaq ölümünə bais olmuş Amerikanın İraqa müdaxiləsindən danışmalıdır. Azərbaycanda insan haqları yoxdur demək cəsarətində olan dövlət rəsmisi Əfqanıstan və digər dövlətlər, nəhayət İrana olan təhdidlərdən danışmalıdır” “Yəni bu gün insan alveri ifadəsini spiktuliasiyaya çevirmiş rəsmilərin dedikləri sözü heç cür ciddi qəbul edə bilmərik. Bu gün ABŞ dövlət siyasətində insan haqlarının qorunması obyektivlikdən çox uzaq olub siyasi alver metoduna çevrilib”, – deyə R. Aslanova qeyd edib.