Regionların sosial-iqtisadi inkişafı - Dövlətin inkişaf proqramı rayonlara nə vəd edir?

MANŞET
11:56 08.09.2021
741
Azərbaycanda paytaxt Bakı ilə yanaşı regionlarda da yeni iş yerləri artırlır, əhalinin sosial rifahı yaxşılaşdırılır. Ölkə başçısı regionların inkişafı üçün dövlət proqramı qəbul edib, regionlara mütəmadi olaraq vəsaitlər ayrılır.

Bu gün Azərbaycanın regionları 15-20 il əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Regionlardakı iri zavodlar, fabriklər yerli əhalinin xeyli hissəsinin işlə təmin olunmasına səbəb olub ki, bu da bir çox rayonun ölkə büdcəsi ilə deyil, öz özünü təmin etməsinə gətirib çıxarıb. Hazırda ölkə üzrə xeyli şəhər və rayon büdcədən maliyyələşmir. Bu siyahının illər keçdikcə daha da genişlənməsi ölkənin sürətlə inkişafının göstəricisidir.

Regionların inkişafını hər zaman diqqətdə saxlayan Prezident İlham Əliyev prezidentlik fəaliyyətinin ilk dövründə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərman vermişdir. Bu fərmanın icrası müxtəlif proqramlar əsasında həyata keçirilmiş və hər proqramın nəticəsi olduqca uğurlu alınmışdır. Hər proqramın yekununda xüsusi hesabatla çıxış edən ölkə başçısı görülən işlərin icrası və nəticələr haqqında ölkə ictimaiyyətini məlumatlandırır.

Ötən il "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident öz nitqində söyləyib:

"Bu gün biz Azərbaycan regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. Proqram bir il bundan əvvəl qəbul edildi. Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır.

Keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub. Ancaq bəzi məsələlərdə müəyyən ləngimələr var. Ona görə bu məsələlərin həllinə xüsusi diqqət göstərilməlidir. Hesab edirəm ki, proqramın bu il icra ediləcək bütün tədbirləri həyatda öz əksini tapacaq"

Onu da diqqətə çatdıraq ki, dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün zəmin yaratmışdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında Milli Məclisin regionların sosial-iqtisadi inkişafının hansı mərhələdə olmasından danışıb.

 

Deputat qeyd edib ki, dövlət proqramlarının əsas hədəflərindən biri regionla Bakı arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılmasıdır:

"Regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas hədəfləri məhz regionla Bakı arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılması və xüsusən də bölgələrə daha çox investisiyanın cəlb edilməsindən ibarət idi. Ötən müddətdə regionlarda infrastrukturun qurulması və bunun fonunda, xüsusən də kommunal xidmətlərin əlçatanlılığının təmin edilməsi reallaşdı və nəticə etibarı ilə rəsmi statistikada regionlarla Bakı arasında iqtisadi fərqin mərhələli şəkildə azalmasını hiss edirik. Bu, zaman tələb edən bir prosesdir və növbəti illərdə proses davam edəcək”. 

Vüqar Bayramovun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması ilə regionların inkişafı yeni mərhələyə keçdi:

"Artıq yeni mərhələdir. Bir tərəfdən torpaqlarımızın işğaldan azad olunması regionların inkişafı ilə bağlı yeni modelin tətbiqini gündəmə gətirdi. Bu istiqamətdə də işlər davam edir. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizdə idarəetmə forması yenidir. Eyni zamanda "Ağıllı kənd”, "Ağıllı şəhər” prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin salınması həyata keçirilir ki, bu da artıq Azərbaycan üçün regionların inkişafı baxımından yenin bir yanaşmadır. 

Əsas hədəflərdən biri də regionlarda formalaşmış infrastrukturun dəyərə çevrilməsidir. Bu istiqamətdə də həm yerli, həm xarici investisiyanın cəlb edilməsi prosesinin təşfiq edilməsi həyata keçirilir. Bu baxımdan gözlənilir ki, regionlarla paytaxt arasındakı fərq azalacaq. Regionlarda ixtisaslı kadrların işlə təmin olunması ilə bağlı dövlət proqramlarının, eləcə də investisiya layihələrinin sayında artımlar var ki, bu da, xüsusən də bölgələrimizin inkişafı baxımından vacib hesab olunur”. 

Bildiyimiz kimi, ötən il Azərbaycan 44 günlük Vətən Müharibəsində əldə etdiyi şanlı qələbə sayəsində işğal altında olan torpaqlarını da yenidən geri qaytardı. 30 il ərzində diqqətdən kənarda qalan, düşmən tərəfindən talanan torpaqlarımız artıq bundan sonra inkişaf edən regionlarımız sırasında olacaq. Torpaqlarımız azad edildikdən sonra qısa müddət ərzində həmin ərzilərdə sürətli quruculuq işləri aparıldı. Yeni yollar, körpülər, hava limanları qısa müddətdə görülən işlərin nəticəsidir. Qarşıdakı illərdə həmin ərazilər xeyli inkişaf edərək dünyanın inkişaf etmiş şəhərləri sırasında olacağı da şübhəsizdir. 

İqtisadçı-ekspert Pərviz Heydərov AZXEBER.COM-a açıqlamasında bu sahədə görülən işlərlə bağlı fikirlərini bölüşüb.

Ekspertin sözlərinə görə, bu proqramlar sayəsində bölgələrdə sosial-iqtisadi cəhətdən çox böyük irəliləyiş əldə edilib:

"Ölkəmizin ümumi iqtisadi inkişafında regionların sosial-iqtisadi həyatında görülən işlər böyük rol oynayır. Bilavasitə, regionların sosial-iqtisadi inkişafına dair ardıcıl surətdə qəbul olunaraq icra edilən Dövlət Proqramlarının və o cümlədən, dövlətin və hökumətin ayrıca olaraq həyata keçirdiyi tədbirlər nəticəsində bölgələrdə sosial-iqtisadi cəhətdən çox böyük irəliləyiş əldə edilib. Bu, özünü ölkə üzrə ÜDM istehsalında, sənaye və kənd təsərrüfatı sahəsində, işsizliyin azalması və yoxsulluq səviyyəsi kimi göstəricilərdə büruzə verir”.


Ekspert bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqramda qarşıya qoyulan əsas hədəf kənd təsərrüfatı ilə sənayeni inkişaf etdirməkdir:

"Regionların inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olub və olaraq da qalır. Regionların inkişafı sahəsində qəbul edilən, həyata keçirilən proqramlarda, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının yüksəlməsinə, sahibkarlıq mühitinin yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun genişlənməsinə, yoxsulluq səviyyəsinin azalmasına təkan verib.

Lakin bunlar kifayət deyil, hələ görüləsi işlər çoxdur. Hazırda, regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icra edilir. Bu, dördüncüdür, dördüncü proqramdan əvvəlki üç proqram çərçivəsində böyük işlər görülüb. Amma iş bundadır ki, tələblər yerində donub qalmayıb, yeni çağırışlar və yeni problemlər ortaya çıxır. Ən birincisi də odur ki, ölkə əhalisinin sayı artır, tələbat genişlənir, yeni-yeni ehtiyaclar meydana gəlir. Bütün bunları da qarşılamaq zərurəti yaranır. Regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqramda qarşıya qoyulan əsas hədəf kənd təsərrüfatı ilə sənayeni inkişaf etdirməkdir. Ötən üç proqram nəticəsində bölgələrdə böyük və müasir infrastruktur yaranıb. Bu, vacib məsələ idi. İqtisadiyyatın istənilən sahəsində inkişafa nail olmaq, emal və istehsal müəssisələri yaratmaq üçün müvafiq infrastruktur təşkil olunması vacib məsələ idi. Bu baxımdan, indiyədək regionların qaz, elektrik enerjisi, avtomobil yolları və sair təminatı sahəsində böyük işlər görülüb, turizmin inkişafı üçün hər cür şərait yaradılıb”.

Pərviz Heydərov onu da qeyd edib ki, işğaldan azad edilən bölgələrin yenidən qurulması digər bölgələrimizin bir müddət diqqətdən kənar qalmasına zəmin yaratmır:

"İşğaldan azad olunan ərazilərimizdə ilin əvvəlindən start götürən və günü-gündən geniş vüsət alan hazırki bərpa işləri bəzilərində elə təəsürat və fikir yaradıb ki, guya, indiyədək böyük işlər görülmüş digər rayon və bölgələrimiz bundan sonra diqqətdən bir müddət kənarda qalacaq, yeni layihələrin icrası təxirə düşərək, işlər zəifləyəcək. Ancaq bu, belə deyil. Bütün bölgələr hər zaman diqqət altındadır”.

Hazırda da sürətlə davam edən regionların sosial-iqtisadi inkişafı qarşıdakı illərdə də davam etdirilərək ən yüksək səviyyəyə çatdırılacaq. Dövlətin bu sahədə gördüyü işlərin nəticələrinə nəzər salsaq, deyə bilərik ki, qarşıdakı yaxın 10 il ərzində Azərbaycanın inkişafı ötən illərin nəticələri ilə müqayisədə daha daha yaxşı olacaq. Çünki bu, artan tendensiya ilə davam etməkdədir.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Regionların sosial-iqtisadi inkişafının təşfiq edilməsi" mövzusu üzrə dərc olunub.

 



OXŞAR XƏBƏRLƏR