Qlobal buğda bazarında qiymətlər artımı davam edir.
Çikaqo Əmtəə Birjasında (CBOT) ən aktiv buğda fyuçersləri təxminən 1% yüksəlib. Bazar iştirakçıları Rusiya və Ukrayna arasında davam edən qarşılıqlı hücumların dünyanın ən böyük buğda ixrac marşrutlarından biri olan Qara dəniz vasitəsilə daşınmalara risk yaratdığını qiymətləndirirlər. Nəticədə, iyul ayı ərzində buğda qiymətləri ümumilikdə 16% artıb.
"Commonwealth Bank of Australia”nın aqrar sektor üzrə iqtisadçısı Dennis Voznesenski bildirib ki, dünya buğda ixracının 25–30%-i Rusiya və Ukraynanın payına düşür. Onun sözlərinə görə, qarşıdakı məhsul yığımı mövsümündə ixrac zəncirində yarana biləcək fasilələr qlobal qiymətlər üçün mühüm dəstək amili olaraq qalır.
Qlobal bazarda baş verənlər ölkəmizdə çörəyin qiymətinə təsir edə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, son aylarda qlobal bazarda taxılın qiymətində bahalaşma var:
"Amma nəzərə alaq ki, Urkrayna-Rusiya müharibəsi başlayanda taxılın qiyməti bugünkündən xeyli baha idi. Hələ o zaman Azərbaycan höküməti müxtəlif alətlərdən- subsidiyalardan, dotasiyalardan istifadə edərək çörəyin qiymətinin bahalaşmasının qarşısını aldı.
Bu da təsadüfi deyil. Çünki taxıl strateji məhsuldur. Hökümət bu məsələdə çox həssasdır. Ona görə də indiki qiymət artımı müqabilində daxili bazarda çörəyin qiymətinin qalxma ehtimalı yoxdur. Zərurət yaranacağı təqdirdə hökümət yenə də məsələyə müdaxilə edə və vəziyyəti sabitləşdirə bilər.











































