Reket jurnalistlərdən necə qurtulaq? - Azərbaycanda yeni media dövrü başlayır

Reket jurnalistlərdən necə qurtulaq? - Azərbaycanda yeni media dövrü başlayır
MANŞET
15:34 13.07.2021
1612
Kütləvi İnformasiya Vasitələri (KİV) bütün dünyada qanunverici, icraedici hakimiyyət qolları və məhkəmələr kimi zəruri və mütləqdir. KİV-lər cəmiyyətdə əvəzolunmaz roluna görə "dördüncü hakimiyyət" kimi dəyərləndirilir. KİV özünün xarakteri və funksiyalarına görə nəzarətedici funksiya da daşıyır. 

Təəssüflər olsun ki, ölkəmizdə jurnalist adından istifadə edən, özlərini jurnalist kimi qələmə verən "reket” jurnalistlər də az deyil. Onlar bu peşənin adına ləkə gətirən, pul qazanmaq üçün qanunsuz yollara əl atıb vətəndaşları aldadan şəxslərdir. Son günlər ən çox müzakirə olunan mövzulardan biri də çəkiliş etmək adı ilə şəhid ailələrindən pul alan "jurnalistlər” oldu. 

Belə ki, araşdırmalarla "jurnalistlər" Azər Kazımovun Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək, Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adı ilə şəhid analarından cəmi 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib televiziya yayımlarını həyata keçirmədikləri müəyyən edilib. 

Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilmiş və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçilib. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu kimi həssas hallardan sui-istifadə edərək qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunacaqları ilə bağlı xəbərdarlıq edir.
 
Bundan başqa "www.sheffaf.az” xəbər portalının baş redaktorunun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rəsmi açıqlama yayılıb. 

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü "www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanmış, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Medianın İnkişafı Agentliyinin yaradılması mediada bu kimi neqativ halların qarşısının almasına hesablanıb. Medianın inkişafına dəstək, media sahəsində mütəxəssislərin hazırlanmasında başlıca səbəbdir. MEDİA baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, obyektiv və qərəzsiz işıqlandırılması, jurnalistlərin peşəkarlığını artırmaq üçün müsbət təşəbbüsdür.

Bəs görəsən, jurnalistika sahəsində neqativ halların qarşısını almaq üçün daha hansı işlər aparılmalıdır? 

Millət vəkili Arzu Nağıyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, reketlik edən adamlara jurnalist demək düzgün deyil: 

"Ümumiyyətlə, reket məsələsi kimisə nəyəsə məcbur etməkdir, yəni jurnalistin adına yaraşmır ki, ona reket desinlər. Gedib şəhid ailəsindən bu adla pul tələb edən heç jurnalist də deyil. Bunu jurnalistlər kimi qələmə vermək olmaz. Burada həssas təbəqənin özü də diqqətli olmalı, gələn adamdan sənəd tələb etməlidir. Kimdir, nəyə görə çəkiliş etmək istəyir. Onları başa düşmək olar, istəyirlər ki, geniş məlumat yayılsın, lakin tanımadıqları, şəxsiyyətini bilmədikləri adama hansısa vəsait vermək düzgün deyil. Əvvəlcə onun kimliyini və harada işləməsi ilə bağlı sənədlər tələb olunmalıdır”.



Arzu Nağıyev onu da qeyd edib ki, bu cür şəxslər ciddi şəkildə cəzalandırılmalıdır:

Peşəsinin adına şərəf və ləyaqət gətirməyən şəxslər birmənalı şəkildə cəzalandırılmalıdır. Düşünürəm ki, Baş Prokrorluq bununla bağlı ciddi addımlar atdı. Onlara həbs cəzası verildi və bu məsələ öz məntiqi sonluğunu tapdı. Bu səbəbdən hər kəs öz peşəsinə hörmətlə yanaşmalıdır”.
 


Tanınmış media eksperti Zeynal Məmmədli isə AZXEBER.COM-a açıqlamasında bildirib ki, jurnalistikanı reketlərdən qurtarmaq lazımdır: 

"Bu məsələ bizim jurnalistika üçün ayıbdır. Reket jurnalist və ya başqa adlar, jurnalist reket necə ola bilər, bunların əlində silah varmı? Bunlara xüsusi səlahiyyət verilibmi? Bu ifadə kiminsə fikri ilə yaranmış bir ifadədir və bunu belə yaymaq, bu cür istifadə etmək qətiyyən yolverilməzdir. O, reketdirsə, onun yanına jurnalist sözü yazılmamalıdır. Hamı nəsə yaza bilər, hamı nəsə çəkə bilər, amma bu, o demək deyil ki, həmin ad jurnalistdir. Reket sözünü ora artırmaq əslində məsələnin üstündən keçməkdir. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır, çünki bu amil jurnalistikanı gözdən salır. Düşünmək lazımdır ki, onları buna nə vadar edir, onların psixoloji problemi var və ya onların arxasında hansısa bir şəbəkə varmı? Yəni məsələnin kökünə baxmaq lazımdır. Bunlar təkcə şəhid ailəsindən yox, ümumiyyətlə, heç bir ailədən pul tələb edə bilməz. Bizim əsas problemimiz bunu doğuran prosesdir”.


 
Milli Məclisin deputatı Ramil Həsən isə reket jurnalistlərlə mübarizəni peşəkarların önə çəkilməsində görür: 

"Azərbaycan cəmiyyəti və mediası özü-özünü təmizləməlidir. Heç də bütün media strukturları və qurumları sağlam təfəkkürlə fəaliyyət göstərmir. Bəziləri reketliklə məşğuldur, bəziləri kimlərisə şantaj etməklə məşğuldur. Bunların şahidi oluruq, amma bunu hamıya aid etmək olmaz. Ona görə də dəryada damla kimi olan belə zərərli ünsürləri elə media özü zamanla süzgəcdən keçirəcək və təmizləyəcək. Yaxın gələcəkdə biz bir neçə media qurumunun silinib, yox olduğunu görsək, heç də bundan təəccüblənməyəcəyik".

Deputat Media İnkişaf Agentliyindən böyük gözləntilər olduğunu deyib: "Azərbaycan mediası bir tərəfdən inkişaf edir və bu çox önəmli nüansdır. Həm rəqəmsal medianın, həm internet resursları üzərində işləyən medianın, həm də çap mediasının prosesinə baxsaq, bir çoxunda irəliləyiş var, bəzilərində isə geriyə addımlar var. Çap mediasına maraq azalır. Amma eyni zamanda Medianın İnkişafı Agentliyinin həyata keçirmiş olduğu uğurlu layihələri də qeyd etmək lazımdır. Bu, sağlam media təfəkkürünün formalaşdırılmasına kömək edir. MEDİA-dan gözləntilərimiz böyükdür".

Aydın Nuri,
AZXEBER.COM 

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.



OXŞAR XƏBƏRLƏR