"Reklamların daha çox sosial şəbəkələrə yönəlməsi medianın gəlirlərini azaldır"

"Reklamların daha çox sosial şəbəkələrə yönəlməsi medianın gəlirlərini azaldır"
MEDİA
14:11 24.10.2025
81
"Sosial şəbəkələrin inkişafı və kommunikasiya tiplərində baş verən dəyişikliklər peşəkar media qurumları üçün bir sıra problemlər yaradır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Azərbaycanda media subyektlərinin vergi güzəştlərinin müddətinin 3 il uzadılması ilə bağlı açıqlamasında deyib.


O bildirib ki, reklamların daha çox sosial şəbəkə platformalarına yönəlməsi media qurumlarının gəlirlərinin aşağı düşməsinə səbəb olur:

"Reklam gəlirlərinin azalması, reklamların daha çox sosial şəbəkə platformalarına yönəlməsi və nəticə etibarilə peşəkar media qurumlarının gəlirlərinin aşağı düşməsi ilə müşahidə olunur. Bu da peşəkar media qurumları üçün ciddi çətinliklər yaradır. Bu baxımdan, peşəkar media qurumlarının diqqətə və qayğıya ehtiyacı var. Yaranmış maliyyə boşluqlarının aradan qaldırılması üçün müəyyən dəstəyə ehtiyac duyulur. Bu səbəbdən, Azərbaycan dövlətinin media subyektlərini vergidən azad etməsi, hesab edirəm ki, Azərbaycan mediasının peşəkar, institusional media qurumlarının yaşaması, qorunması və inkişafı üçün çox mühüm addımlardan biridir”.
 


Ekspert qeyd edib ki, Azərbaycan dövləti mediaya həmişə diqqət və qayğı göstərib:

"Azərbaycan dövləti mediaya həmişə diqqət və qayğı göstərib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Azərbaycan o nadir ölkələrdəndir ki, burada medianın inkişafına dair xüsusi dövlət konsepsiyası qəbul olunub və icra edilir. Müxtəlif formalı dəstəklərin göstərilməsi peşəkar medianı mövcud çətinliklərdən qoruyur və çıxarır. 2022-ci ildə "Media haqqında” yeni qanunun qəbul edilməsindən və medianın sərhədlərinin müəyyənləşməsindən sonra bu dəstəyin miqyası daha da artıb. Məlumdur ki, həmin qanun qüvvəyə mindikdən sonra jurnalistlər sosial güzəştli ipoteka proqramına daxil edildilər. Eyni zamanda, fərdi fəaliyyət göstərən jurnalistlər üçün vergidən azadolma tətbiq olundu. Habelə, media subyektləri də müəyyən müddətlik vergidən azad edildilər. Bütün bunlar, nəticə etibarilə, peşəkar medianın qorunub inkişaf etdirilməsinə və yekunda cəmiyyətin etibarlı, doğru, düzgün xəbər almasına yönəlib”.

M.Ələsgərli vurğulayıb ki, bu yardımlar Azərbaycan dövlətinin sosial dövlət prinsiplərindən irəli gəlir:

"Eyni zamanda, dövlət başçısının mediaya xüsusi qayğı və diqqətinin nəticəsi kimi qiymətləndirilməlidir. Nəticə etibarilə, bu prosesdən həm dövlətimiz, həm də cəmiyyətimiz udur. Çünki bu cür addımlar, qeyd etdiyim kimi, peşəkar medianın yaşadılması və yekunda etibarlı, düzgün, peşəkar xəbərin istehsalı üçün əlverişli şərait yaradır”.

Qeyd edək ki, Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR