Rektor da Nigarın müdafiəsinə qalxdı : 'Onu evə buraxmaq lazımdır'

Rektor da Nigarın müdafiəsinə qalxdı :
Bütün Xəbərlər
16:36 18.09.2012
2361
Hamlet İsaxanlı:“Şikayətçi olmadığına görə onu evə buraxmaq lazımdır”

“Nigarın həbsdə saxlanmasına heç bir ehtiyac yoxdur”. Bunu Xəzər Universitetinin təsisçisi, universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Media forum” saytına deyib. Sentyabrın 11-də həbs edilən Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvü Nigar Yaqublu 2011-ci ildə Xəzər Universitetinin humanitar və sosial elmlər fakültəsini bitirib.

Hamlet İsaxanlı açıqlamasında Nigar Yaqublunu belə xarakterizə edib: “Nigar çox fəal tələbə olub, yaxşı oxuyub, təhsilini vaxtında başa vurub. Xəzər Universitetini vaxtında qurtarmaq çox yaxşı tələbə olmaq deməkdir. Çünki bizim universitetdə təhsil almaq xeyli çətindir, heç kimə güzəşt yoxdur və ciddi oxumaq tələb olunur”.

Hamlet İsaxanlı vurğulayıb ki, həyatda hər kəs qəza ilə üzləşə bilər: “Kimliyindən asılı olmayaraq heç kim bu cür hadisələrdən sığortalanmayıb. Təbii ki, məhkəmə bunu araşdırıb qiymət verəcək. Zərərçəkən tərəf şikayətçi deyilsə, Nigar azad olunacaq. Mənim buna heç bir şübhəm yoxdur. Qanunvericilik də buna imkan verir. Nigar xanımdır, Azərbaycan qızıdır. Biz başa düşürük ki, onun həbsxanada saxlanmasına ehtiyac yoxdur. Hətta şikayətçi olsa belə, Nigarın gənc bir qız olması nəzərə alınmalıdır. Onu zaminə götürmək olar, o da heç bir yerə getməmək şərti ilə məhkəməni gözləyər. Amma şikayətçi olmadığına görə, təbii ki, onu evə buraxmaq lazımdır. Sonra məhkəmədə nə olar, bu, başqa məsələdir”.

“Media forum”un “Keçmiş tələbənizi zaminə götürə bilərsinizmi” sualına professor Hamlet İsaxanlı belə cavab verib: “Mən də daxil olmaqla Nigarı zaminə götürmək istəyənlərin çox olduğuna heç bir şübhəm yoxdur”.

OXŞAR XƏBƏRLƏR