Xəbər verdiyimiz kimi, parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılmasını təklif edib. Onun sözlərinə görə, rəqəmsallaşdırma dərsliklərdə səhvlər olduğu halda düzəldilməsini asanlaşdıracaq.
Təhsil eksperti Elçin Əfəndi AZXEBER.COM-a açıqlamasında deyib ki, hazırda dünyanın əksər ölkələrində elektron dərsliklərdən istifadə olunur:

"Hazırda dünyanın əksər ölkələrində elektron dərsliklərdən istifadə olunur. Burada əsas məqsəd, birinci növbədə, dərsliklərin və təhsilin əlçatanlığını təmin etməkdir. İkinci əsas məqsəd isə ekoloji balansın qorunub saxlanılmasıdır. Çünki kağız daşıyıcılı dərsliklər əsasən ağac emalı hesabına hazırlanır və bu da meşələrin qırılmasına, ekoloji fəlakətlərə yol açan amillərdən biri kimi dəyərləndirilir”.
Ekspert deyib ki, Elm və Təhsil Nazirliyinin internet portalında elektron dərsliklər var:
"Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq dərslik portalı yaradılıb. Bir neçə ildir ki, elektron dərsliklər həmin portalda yerləşdirilir. Əgər kimsə kağız daşıyıcılı dərsliyi əldə edə bilmirsə, həmin dərsliyi elektron portal vasitəsilə yükləyə bilir. Bu imkan regionlarımızda yaşayan hər bir şəxs üçün əlçatandır. Amma bəzi bölgələrimizdə internet təminatı və elektrik enerjisi ilə bağlı müəyyən çətinliklər mövcuddur. Bu çatışmazlıqların aradan qaldırılması üçün dövlət tərəfindən işlər görülür.
Bəzi ərazilərdə fiber-optik xətlər çəkilir, internetin keyfiyyəti artırılır. Eyni zamanda yeni energetik qurğular quraşdırılır ki, insanlar elektrik enerjisini fasiləsiz əldə edə bilsinlər. Bu tədbirlərin qarşıdakı 3–4 il ərzində həyata keçirilməsi nəzərdə tutulur və bundan sonra rəqəmsal dərsliklərdən daha rahat istifadə mümkün olacaq”.
Təhsil eksperti vurğulayıb ki, elektron dərsliklər hər kəs üçün faydalı olacaq:
"Rəqəmsal dərsliklərin verdiyi üstünlüklər həm təhsil alanlar, həm təhsil verənlər, həm də valideynlər üçün çoxdur. Əsas üstünlük ondan ibarətdir ki, dərslikləri daha asan və çevik şəkildə əldə etmək olur. Eyni zamanda dərsliklərdə olan nöqsanları görüb müvafiq qeydlər aparmaq imkanı yaranır. Hər hansı çatışmazlıq olarsa, onu müəlliflərə yönləndirmək mümkündür. Bundan başqa, vizual imkanlar da genişdir. Məsələn, biologiya fənni ilə bağlı hər hansı mövzu təqdim edilərkən şəkillər, sxemlər, animasiyalar vasitəsilə məlumat daha aydın şəkildə göstərilə bilir. Eyni zamanda elektron dərsliklər şagirdlərin ağır məktəb çantalarından xilas olması deməkdir. Məktəb çantası problemi uzun illərdir bitib-tükənmir və daim müzakirə olunur. Əgər kağız daşıyıcılı dərsliklər olmasa və onların yerini tam şəkildə elektron dərsliklər alsa, şagirdlər yalnız bir planşet daşımaqla kifayətlənəcəklər. Nəticədə belin əyilməsi, skolioz kimi sağlamlıq problemlərinin yaranma riski də azalacaq”.
Ekspert elektron dərsliklərin mənfi cəhətlərinə də toxunub:
"Burada mənfi tərəf kimi əsasən gözlə bağlı məsələni qeyd etmək olar. Planşet və digər elektron vasitələrdən uzun müddət istifadə etmək gözlərin zəifləməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün valideynlərin uşaqları optik eynəklərlə və ya xüsusi qoruyucu şüşələrlə təmin etməsi vacibdir. Beləliklə, bu riski müəyyən qədər azaltmaq mümkündür”.
E.Əfəndi qeyd edib ki, elektron formatda təqdim olunan dərsliklər şagirdlər üçün daha cəlbedici və maraqlı olacaq:
"Biz artıq elə bir dövrdə yaşayırıq ki, istər azyaşlı, istərsə də böyüklər günün böyük hissəsini informasiya texnologiyaları ilə keçirir. Artıq informasiya bizim həyatımızın ayrılmaz hissəsinə çevrilib. Günümüzün çox hissəsi bu texnoloji mühitdə keçdiyi üçün elektron formatda təqdim olunan dərsliklər şagirdlər üçün daha cəlbedici və maraqlı olur. Şagirdlər telefondan daha çox istifadə etdiklərinə görə, informasiyanın da məhz onların istifadə etdiyi texnoloji vasitələr üzərindən ötürülməsi daha məqsədəuyğundur”.
Şahanə Ziyad











































