Martın 24-də “Space” telekanalının efirində yayımlanan “Sevimli şou” verilişində qonaq olan müğənni Rəqsanənin qoluna döydürdüyü mərhum prezident Heydər Əliyevin imzası efirdən nümayiş olunub. Heydər Əliyevin imzasının Rəqsanənin qolunda görünməsi birmənalı qarşılanmayıb. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev AZXEBER.COM-a açıqlamasında deyib ki, heç kimin mənəvi haqqı yoxdur ki, görkəmli, dahi şəxsiyyətlərin adından istifadə edib hoqqabazlıq etsin.
O bildirib ki, müğənnilər bu kimi hallarla gündəmə gəlməsi yolverilməzdir: "Rəqsanə hansı yuvanın quşudur ki, özünü bu yolla reklam edir. Ona bu mənəvi haqqı kim verib. Rəqsanə getsin atasının imzası bədəninə döydürsün. Azərbaycan xalqının xilaskarı, ümummili liderinin imzası Azərbaycanın müstəqilliyindədir. Belə yüngül əxlaqlı adamlar, adları çirkin oyunlarda hallanan şəxslərin buna mənəvi haqları yoxdur ki, öz bədənlərinə bu cür imzalar döydürsünlər"
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müğənni Rəqsanənin mərhum prezident Heydər Əliyevin imzasını qoluna döydürməsi məsələsinə münasibət bildirib.
YAP-çı deputat Publika.Az-a açıqlamasında deyib ki, ulu öndər Heydər Əliyevin imzası olan döş nişanları buraxılıb və insanlar da ulu öndərin xatirəsini əbədiləşdirmək üçün həmin nişanları döşlərində gəzdirirlər. Onun sözlərinə görə, bu cür məqsədlər üçün ulu öndərin şəkillərini də müxtəlif formalarda çap ediblər və sairə: “Hətta, mən bir dəfə gördüm ki, avtomobildə ulu öndərin imzasını vurmuşdular. Biz bu məsələ ilə əlaqədar Dövlət Yol Polis İdarəsinə müraciət etdik və onlar da bunun qarşısını aldılar. Hesab edirəm ki, ümummilli liderin adı ilə bağlı olan, onun adını və ya imzasını əks etdirən hər hansı atribut ən şərəfli, ləyaqətli, uca və ali yerlərdə olmalıdır. Mən həmin verilişə baxmamışam, ancaq bu efirdə gedibsə, təbii ki, bundan təəssüflənirəm”.
AZXEBER.COM Rəqsanənin həmin verilişdəki çıxışını təqdim edir: