Rəşad Məcid: “Qəzetimizin yolu həm də Azərbaycanın müstəqil mətbuatının keçdiyi yoldur"

Rəşad Məcid: “Qəzetimizin yolu həm də Azərbaycanın müstəqil mətbuatının keçdiyi yoldur"
MEDİA
12:01 17.11.2011
2269

Bu gün “525-ci qəzet”in 19 yaşı tamam olur. Maraqlıdır, bu illər ərzində qəzet hansı çətinliklə qarşılaşıb, hansı uğurlara sahib olub? Qəzetin yarandığı gündən onun baş redaktoru olan Rəşad Məcid təntənəli ad günü keçirmək fikrindən uzaq olduğunu deyir: - Qəzetimizin 19 yaşı tamam olur. Ancaq bu tarixi geniş qeyd etmək fikrimiz yoxdur. İnşallah, gələn il 20 illiyi geniş qeyd etmək istəyirik. 10 illiyimizi Gənclik sarayında bütün Azərbaycanın ziyalı elitası və ən fərqli dünya görüşünə malik insanlar iştirakı ilə keçirmişdik. Biz bu yaşı günbəgün, nömrə-nömrə yaşamışıq. 21 yaşlı Azərbaycanın 20 yaşlı qəzeti olmaq böyük şərəfdir, ona görə də fikirləşirəm ki, gələn il böyük bir tədbir edərik. Bu həm də hesabat, həm gördüyümüz böyük işlər və ömrümüzün böyük bir hissəsinin hesabatı olar. - Qəzetin fəaliyyətə başladığı günləri necə xatırlayırsınız? - Qəzet fəaliyyətə başlayanda mənim də bir tənqidçi kimi gənclərə müraciətim var idi. Yazmışdım ki, “525-ci qəzet” gənclərin qəzeti olacaq, hamının üzünə açıqdır. Kustar bir şəraitdə işləyirdik, nə kompüterimiz, nə normal otağımız var idi. Qəzeti demək olar ki, ayaq üstə çap edirdik. Bizim işçilərin şövqü nəticəsində o qəzet ilk nömrəsi 1992-ci il noyabrın 17-də çıxdı. 1000 nüsxəsi Azadlıq meydanında paylandı. Çox sonralar insanlar xaricdə məhz qəzetin həmin nömrəsini xatırladıqlarını deyirlər. Amma sonra “525-ci qəzet” genişləndi, böyüdü. Biz qürur duyuruq ki, arzularımız hamısı yerinə yetmədisə də, hər halda, qəzeti 19 yaşına gətirib çıxartmaq böyük qəhrəmanlıqdır. - Çətinliklər nədən ibarət idi? - Azərbaycanda hələ senzura dövrü var idi. 1998-ci ilin avqustun 6-na qədər çətinliklər bir az siyasi xarakterli idi. Sonra isə iqtisadi çətinliklər oldu, bu günə qədər də ən müxtəlif formalarda davam edir. Azərbaycanda hələ ki qəzet bir biznes sahəsinə çevrilə bilməyib. Biznes strukturu ola bilməyib. Ona görə də qəzetlərimiz yaxşı jurnalistləri saxlamaq baxımından, həm informasiyanın əhatəliliyi baxımından, həm də iqtisadi güc baxımından zəifdirlər. Bu, əlbəttə, bizi üzür, təəssüfləndirir. Amma eyni zamanda, hər halda mövcud şəraitə görə gördüyümüz iş də var ki, buna görə də qürurlanmağa və bayram etməyə haqqımız var. Ən çətin dövrlərdə belə qəzeti dayanmağa, durmağa qoymadıq və çətin proseslərdən keçirdik. Mən istəyirəm ki, “525-ci” qəzetin tarixinin timsalında bir kitab yazım. Qəzetimizin yolu həm də Azərbaycanın müstəqil mətbuatının keçdiyi yoldur. Mövcud şəraitdə biz hansı siyasi addımlar atdıq ki, “525-ci “qəzeti saxlayaq? Nələr etmişiksə, hesab edirəm ki, düz eləmişik. Çünki ortada heç olmasa Azərbaycan qəzetləri içərisində öz səviyyəsi ilə seçilən, Azərbaycan ədəbiyyatına mədəniyyətinə jurnalistikasına xidmət edən bir nəşr qalıb və hesab edirəm ki, bu bizim əməyimizin, düşüncəmizin nəticəsidir. - Qəzetin gələcəyini necə görürsünüz? - Son 1 ildə mən qəzetlərin kağız variantına pessimist yanaşmağa başlamışam. Düşünürəm ki, informasiya texnologiyaları və saytlar belə sürətlə inkişaf etdikcə, qəzetlər ortadan çıxacaq. Amma əsas məsələ yazılan sözdə, onun dəyərindədir və harada istedadlı, qabiliyyətli jurnalistlərin sözü olacaqsa o qəzet, o sayt yaşayacaq. Biz hələ ki qəzet variantına üstünlük veririk. Amma zaman gələcək ki, elektron variantına keçmək lazım gələcək. Biz hamılıqla on-layn varianta keçəcəyik. Və beynimizin iti yerlərini işlədərək ən yaxşı sayt da yarada biləcəyik, mən buna əminəm. - Qəzetin elektron versiyası sizi qane edirmi? - Düzünü desəm, qəzetin indiki elektron variantı məni qane etmir. Çünki operativlik, dinamiklik azdır, qəzet daha sükunətli, daha stabil bir variantdır. Amma hər halda, zamanla uyğunlaşmaq bacarığımız var. Hesab edirəm ki, müəyyən məqam gələndə qəzeti də, saytı da daha dinamik, daha operativ bir media vasitəsinə, həm də bir təbliğat vasitəsinə çevirə bilərik.

Mənbə: Lent.az

P.S. AZXEBER.COM portalının kollektivi də, öz növbəsində başda Rəşad Məcid olmaqla “525-ci qəzet”in bütün kollektivini təbrik edir...

OXŞAR XƏBƏRLƏR