Bu gün ADR-nun qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar onun Novxanıda olan abidəsi ziyarət olunub.
AZXEBER.COM xəbər verir ki, Müsavat Partiyası və Milli Şura Rəsulzadənin abidəsini ayrı-ayrı ziyarət edib.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı musavat.com-a bildirib ki, bu məsələ ilə bağlı Müsavat ilk qərar verən qurumdur. Digərləri öz tədbirləri haqqında Müsavat Partiyası ilə heç bir məsləhətləşmə aparmağı məqsədəuyğun hesab eləməyiblər: “Amma Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının yaradıcısı olsa da, o, həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısıdır. Ona görə də istənilən qurumun və şəxsin Rəsulzadənin yubiley tədbirinə istənilən vaxt qatılmasını biz normal qəbul edirik. Onlar müraciət edib bizimlə birlikdə Novxanıda tədbir keçirsəydilər yaxşı olardı. Amma əgər bizimlə Rəsulzadənin yubiley tədbirində də bir yerdə olmaq istəməyiblərsə, bu da onların qərarıdır, hörmətlə yanaşırıq. Biz Rəsulzadənin məfkurəsinin daha böyük olduğunu, bu məfkurəni qəbul edən insanların da o abidəni ziyarət etməsini və yubiley tədbiri keçirməsini ancaq alqışlayırıq”.
Milli Şuranın mətbuat xidmətinin rəhbəri və sədr aparatının üzvü Oqtay Gülalıyev bildirdi ki, “Yeni Müsavat”ın sualı əslində həm də çox gözəl bir çağırış kimi qəbul edilməlidir: “Həqiqətən də elə tarixi günlər, ümummilli məsələlər var ki, onları demokratik qüvvələrin hamısının birlikdə qeyd etməsi daha münasib olardı. Rəsulzadənin 130 yubileyini ayrı-ayrılıqda keçirən qurumlarla heç bir problemimiz yoxdur. Milli Şura hələ öncədən Rəsulzadənin yubiley hazırlıqlarına start vermişdi.
Bu sırada bir sıra tədbirlər təyin olunmuşdu. O cümlədən yanvarın 31-də saat 12-də Novxanıda tədbir keçirmək barədə də qərar verilmişdi. Ümumiyyətlə, xatırlayırsınızsa, hər il Rəsulzadənin abidəsinin ziyarəti və mərasim saat 12-də başlayıb. Milli Şura da buna görə saat 12-yə təyin edib. Amma biz başqa saatlarda tədbir keçirən qurumların da Rəsulzadəyə sayğısını təqdir edirik, eyni zamanda bu tədbirin birlikdə keçirilməsini arzu edirik. Biz birgə qeyd olunması ilə bağlı çağırış da edirik. Düşünürəm ki, hamı yanvarın 31-də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bir araya gələ biləcək. Bu tədbirin birgə keçirilməsi imkanları var. Azərbaycan xalqının tarixində böyük rol oynamış böyük Məhəmməd Əmin Rəsulzadənin adı və ruhu bizi Novxanıda bir araya gətirməlidir”.