Vüsal Mahmudov,Futbolinfo.az saytının baş redaktoruBitdi! İndi yeni mərhələnin başlanması üçün son qərarı gözləyirik. Yekun qərardan asılı olaraq, bundan sonrakı addımlarımızı müəyyənləşdirəcək, mübarizəyə davam edəcəyik. Haqlı olduğumuz halda, cəzayla üzləşsək, apellyasiya şikayəti verəcək, gözlədiyimiz xəbəri alsaq, qarşı tərəfi bir sıra yanlışlıqlarına görə məhkəməyə verəcəyik. Hətta ikisini birdən etməyimiz də mümkündü.
“Rəvan” futbol klubunun futbolinfo.az saytına qarşı qaldırdığı iddia ərizəsi əsasında ötən il oktyabrın 12-də start götürən məhkəmə prosesi aprelin 15-də yekunlaşdı. Daha doğrusu, işin araşdırılması yekunlaşdı, məhkəmə məşvərəti məsləhət görüb yekun qərarı bazar ertəsi açıqlayacağını bildirdi.
Xatırladım ki, bir neçə proses Yasamal rayon məhkəməsində baş tutmuş, amma işə baxılmamışdı. Bizim prosesə Yardımlı rayon məhkəməsində baxılmasını tələb etməyimizdən sonra istəyimiz yerinə yetirilmişdi. Beləliklə, 2016-cı il yanvarın 18-dən etibarən Yardımlı rayon məhkəməsində icraata götürülən iş düz 3 ayın tamam olduğu gün qərarın açıqlanması ilə tam yekunlaşacaq.
Ötən 3 ayda məhkəmə bir neçə dəfə təxirə salındı. Fevralın 3-dəki ilk proses tərəflərin hər ikisinin, ikincisi bizim istəyimizlə ertələndi. Martın 18-dəki iclasa “Rəvan”ın nümayəndələri gəlməyi lazım bilmədi. Maraqlıdı ki, onlar bu barədə hər hansı teleqramı göndərməyi də məqsədəuyğun saymadı və məhkəmə “Rəvan”ın hərəkətinə göz yumdu.
Nəhayət, aprelin 5-də məhkəmə real işə başladı. Qarşı tərəfin ittihamlarını və bizim cavablarımızı dinləyən hakim İlqam Həsənquliyev faktların yetərli olmamasına qərar verdi. Xüsusilə bizim faktlarımız onu qane etmədiyindən o, əlavə sübutlar, biz isə vaxt istədik. Belədə aprelin 15-də yekun iclasın keçirilməsi qərara alındı.
Faktlarımızın yetərsiz olmasının səbəbi var idi. Biz “Rəvan”ın iddia ərizəsini geri götürəcəyini, mətbuatla sonadək üz-üzə gəlməyəcəyini gözləyirdik. Amma əmin olanda ki, klubun sahibi Nuru Əliyev əzələ göstərərək haqq sözümüzü kəsmək istəyir, o zaman işə başladıq. Heç vaxt əsası olmayan, şayiə tipli yazılar yazmadığımızdan, daim fakta söykəndiyimizdən bizim üçün hər şey asan idi və qalan 10 günlük müddətin yalnız birini sərf etməklə bütün ittihamlara cavab hazırladıq.
Son məhkəmə iclasında “Rəvan”ın nümayəndəsinin ədayla “fakt, fakt” deməsinin qarşılığında yarım saatlıq çıxışım onu qınına çəkilməyə məcbur etdi. Havadan, sudan danışmadım, konkret olaraq, iddia ərizəsində göstərilən yazıların hər birinə aid dəlilləri ortaya qoydum.
Təbii ki, detalları indi açıqlamaq niyyətində deyiləm. Bu gün axşamüstü məhkəmənin yekun qərarı bəlli olacaq, ondan sonra hər şeydən siz də tanış olacaqsız. “Rəvan”ın necə saxtakarlıq etdiyi, hətta məhkəməyə hansı təsdiq olunmayan sənədləri təqdim edərək hakimi aldatmağa cəhd göstərdiyindən də xəbərdar olacaqsız. “Rəvan”ın yaranma tarixiylə, çempionatda oynaması ilə bağlı hansı qanunsuzluqlara əl atdığını fotofaktlarla, etiraflarla, aşıqlamalarla sizə təqdim edəcəyik.
Əslində, Bakı klubunun futbolinfo.az saytını məhkəməyə verməsi nə istədikləri 20035 manat təzminat haqqına, nə də üzr istəməyimizə görədi. “Rəvan” klubun sahibi Nuru Əliyevin adı gedən bütün yazıların arxivdən silinməsini istəyir. Bunun üçün əzələ nümayiş etdirir, mətbuatın söz azadlığını məhdudlaşdırmağa cəhd edir. Amma yazılarımızın hamısı fakta, həqiqətə söykəndiyindən özümüzə əminik, az sonra, yekun qərar açıqlanan kimi bu məhkəmənin gedişində qarşı tərəfi necə ifşa etdiyimizi siz də biləcəksiz.
Haqq-ədalətin öz yerini tapacağına ümid edir, şəffaf məhkəmə sistemimizə inanırıq. Bu ölkədə qanunlar alidi və azad mətbuatı boğmaq istəyən hansısa iş adamının imkanlarından altda deyil.