Rio-da ilk qızıl medalımızı kim qazanacaq? -İdman jurnalistlərinin proqnozu

Rio-da ilk qızıl medalımızı kim qazanacaq? -İdman jurnalistlərinin proqnozu
İDMAN
00:34 15.08.2016
8811
Rio Olimpiya Oyunlarının başlanmasından 10 gün ötür.
Ancaq hələ də Azərbaycan milli olimpiya komandası qızıl medal qazana bilməyib. 2 cüdoçumuz: Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) final oyununda məğlub olaraq, gümüş medal qazanıb.
AZXEBER.COM olimpiyaçılarımızın Riodakı çıxışı haqda tanınmış idman jurnalistlərinin münasibətini öyrənib. Tanınmış idman yazarları Olimpiya Oyunlarında yığmamızın performansını şərh edib və ilk qızıl medalı hansı idmançımızdan gözlədiklərini söyləyiblər:
Gündüz Abbaszadə (CBC Sport): - Olimpiada bu günə qədər bizə göstərdi ki, yalnız və yalnız öz idmançılarımıza güvənməliyik. Hanı bu günə qədər çıxış etmiş legionerlər? Heç biri ümidləri doğrultmadı. Əslində mənim onlara ümidim də yox idi. Qazandığımız 2 medala baxın. Rüstəm Orucov və Elmar Qasımov. Ümumiyyətlə cüdo heyəti ən milli heyətdir. Elmarla Rüstəmin qazandığı gümüş medallar mənə legioner idmançının qazanacağı qızıldan min dəfə qiymətlidir. Amma ölkəmizin adı baxımından qızıl medalların sayının çox olacağına ümid edirəm. 
İlk qızıl medalımızı kimin qazanacağını söyləmək çox çətindir. Mən hələ olmpiadadan əvvəl Elmar Qasımovun ilk qızıl medalımızı qazanacağını demişdim. Amma Elmar gümüşlə kifayətləndi. Sözün hər mənasında kifayətləndi. Finalda Elmarın gözlərindən bu görünürdü. İlk qızılı kim qazanacaq? Mən qızıl medalı Rəsul Çunayevdən gözləyirəm.
Sənan Şəfizadə (ATV): Rio-da idmançılarımızın çıxışına indi qiymət vermək çətindir. Çünki, əsas medal gözlədiyimiz idmançılar mübarizəyə qoşulmayıb. Cüdoçularımızın 2 gümüş medal qazanması müsbət nəticədir. Mən Rüstəm Orucovdan qızıl medal gözləyirdim. Amma finaldakı yapon çox güclü idi. Orucovun məğlubiyyətini normal qarşıladım. Elmar Qasımov isə qızıl medala çox yaxın oldu. Təəssüf ki, sonda çex idmançı sevindi. Hazırda bəzi idmançımız yarışı tərk edib. 2 gümüş medal hazırda normal nəticədir. Heç kim veloidmandan, kanoe slalomdan, qılıncoynatmadan, oxatmadan, üzgüçülükdən medal gözləmirdik. Bu növlərdə uğur qazanmağımız sensasiya olardı.
Rio-2016da ən azı 10 medalımızın olacağına inanıram. Hər zaman olduğu kimi bu işdə güləşçilərimiz bizə kömək olacaq. Boks və taekvondoda da medal gözləyirəm. İlk qızıl medalımızı məncə Rövşən Bayramov və ya Rəsul Çunayev qazana bilər.
Sənan Abdullayev (Xəzər TV): Bu ana yeganə gözlənilməzlik boksçularımızın, xüsusən də Cavid Cələbiyevin məğlubiyyətidir. Düzü medallari da bu günden sonra gözləyirəm. Çünki kanoede və güləşdə şanslarımız var, Taekvondo isə hələ başlamayıb. Yəni anormal bir şey yoxdur. Məncə ilk qızılı ya Mariya Stadnik, ya da Xetaq Qazyumov qazanacaq.
Aydın Bağırov (Qol.Az) : Hələ ki, gedişat bizim üçün normaldı. Cüdoda gözlənildiyi kimi medalımız oldu. Düzdü, çoxları qızıl medal gözləyirdi..Amma nəzərə alaq ki, London olimpiadasında bu idman növündə bir medalımız belə olmadı, üstəlik Olimpiya çempionu Elnur Məmmədli ilk görüşündə uduzaraq mübarizəni dayandırdı. Təxminən elə həmin vaxtdan cüdoda tənəzzül var idi. Son vaxtlat isə bu sahədə müsbətə doğru dəyişiklik var. Bu mənada, indiki məqam üçün cüdoda qazanılan 2 gümüşü normal qiymətləndirmək olar. Digər idman növlərində çıxışlarını başa vuran idmançılara gəlincə, onlarla bağlı xüsusi gözləntim yox idi. Uduzmaqlarında təəccüblü nəsə yoxdu.
Həmişəki kimi, güləşçisilərimizdəm medal gözləyirəm. Xüsusilə iki dəfə olimpiadanın finalında uduzan Rövşən Bayramovun haqqı olan olimpiya oyunlarının qızıl medalını bu dəfə qazanacağına əminliyim var idi, ancaq təəsüf ki, alınmadı. Bu gün yaxşı idman formasında olan Rəsul Cunayevin də qızıl medal qazanması şansı yüksək qiymətləndirirəm. Amma Olimpiya Oyunları elədir ki, hər dəfə yeni ulduzlar parlayır. O cümlədən Azərbaycan millisindədə də. Bu dəfə də belə olacağı istisna deyil. Yəni, hardasa ümid bəsləmədiyin bir idmançı bütün mənfi poqnozları alt-üst edib gəlib çempion ola bilir. Əlavə olaraq, bu dəfə nəhayət ki, boksda bir qızılımızın olacağını təxmin edirəm. Ümumilikdə, proqnozum budur ki, güləşdə 2, boksda 1 olmaqla, 3 qızıl medal qazanacağıq.Rəşad Ergün ("Komanda" qəzeti): Rio Olimpiadasında cəmi 2 gümüş medal qazanmışıq və bunların da hər ikisi cüdoçularımızın hesabına yazılıb. Hazırda medal sıralamasında İndoneziya ilə 44-45-ci yerləri bölüşürük. Hazırki mövqeyimizi elə də uğurlu saymaq olmaz. Amma nəzərə almaq lazımdı ki, qarşıda medallar qazana biləcəyimiz yarışlar var. Xüsusilə də, güləşdə. Düşünürəm ki, ilk qızıl medalımızı da güləşdə əldə edəcəyik. Bu vaxta qədər olan olimpiadalarda da güləş həmişə əsas güvənc yerimiz olub.
Rövşən Əhlimanoğlu ("Report" İnformasiya Agentliyi): "Bildiyimiz kimi "Rio-2016"da Azərbaycanın 56 idmançısı mübarizə aparır. Bəzi idmançılarımız mübarizəni dayandırsa da, hələ olimpiadanın bitməsinə var. Artıq cüdoçularımız 2 gümüş medalı ölkənin aktivinə yazıb. Gümüş və ya bürünc olsun, olimpiadanın medalını uğur hesab etməmək olmaz. Hələ boks yarışları davam edir. Tezliklə boksçularımızın da medal qazanacağına inanıram. Üstəlik güləşçilərimiz mübarizəyə qoşuluv. Rio-de-Janeyroda ilk olaraq hansı idmançımızın qızıl qazanacağını demək çətin olar. Ancaq ilk qızılın güləşçilərdən olacağını düşünürəm.
Səxavət Qurbanov ( İdmanxəbər.com): "İdmançılarımızın bugünə kimi olan göstəricilərini zəif saymaq olar. Hər halda 3-4 qızıl medala iddialı idmançımız ümidləri doğrultmadı. İstər boksda Albert Səlimov, istərsə də cüdoda əldən gedən iki qızıl. Bugün kimi idmançılarımızdan ən azı biri dövlət himnimizi Rioda səsləndirməliydi. Konkret olaraq ilk qızılı hansı idmançımızın qazanacağını demək mümkün deyil. Ən azından iddialı Albert Səlimovun iddiasız fransız boksçuya uduzub medalsız qalmasındna sonra... Düşünürəm ki, ilk qızıl medal güləşdən gələcək".
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR