Xəbər verdiyimiz kimi, Elm və Təhsil Naziri Emin Əmrullayev məktəblərdə rus bölmələrində V-VI siniflərində tədris edilən "Azərbaycan tarixi" fənninin Azərbaycan dilində keçilməsi ilə bağlı müvafiq əmr verib.
Əmr növbəti tədris ilindən etibarən qüvvəyə minir.
Bəs, rus bölməsində edilən bu dəyişiklik Azərbaycan təhsilinin keyfiyyətini artıra bilərmi?
Görəsən, təhsil ekspertləri bu yeniliyi necə qiymətləndirir?
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, bu, Azərbaycanın təhsil sistemində son illər atılan addımlar içərisində ən doğrusudur:
"Azərbaycanın təhsil sistemində son illər atılan addımlar içərisində ən doğru məsələlərdən biri də rus bölmələrində "Azərbaycan tarixi” fənninin yalnız Azərbaycan dilində tədrisi qərarıdır. Bu qərar ilk baxışdan dövlət dilinin qorunması, milli kimliyin gücləndirilməsi və vətəndaşların tarixini ana dilində öyrənməsi baxımından vacib görünür. Lakin məsələni daha dərindən təhlil etdikdə görmək olur ki, hazırlıq olmadan verilmiş bu qərar həm üstünlükləri, həm də ciddi problemləri ilə qarşıdadır".
Statistik göstəricilər diqqətə alınsa, hazırda ölkədə 1,6 milyon şagird təhsil alır ki, onların təxminən 150 minə yaxını, yəni ümumilikdə 9–10 faizi rus bölməsində oxuyur. Bu şagirdlər yalnız dil mühitində deyil, həm də milli kimlik baxımından cəmiyyətin bir hissəsidir və onların tarix fənnini Azərbaycan dilində öyrənməsi inteqrasiyaya xidmət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olduğu açıq şəkildə qeyd olunur və dövlətin bütün təhsil müəssisələrində bu dilin üstün mövqeyi təmin edilməlidir. "Təhsil haqqında” Qanunun 5-ci maddəsində də göstərilir ki, təhsil əsasən dövlət dilində aparılır, digər dillərdə isə yalnız qanunla müəyyən edilən qaydada mümkündür. Bu baxımdan hüquqi çərçivədə "Azərbaycan tarixi” fənninin yalnız Azərbaycan dilində tədrisi dövlətin dil siyasətinə uyğun və zəruri addımdır".
Ekspert bildirib ki, verilən qərarın müsbət tərəflərindən biri də odur ki, rusdilli təhsil alan şagirdlər Azərbaycan tarixini dərindən mənimsəyəcək və dil baacarıqlarını da inkişaf etdirəcəklər:
"Müsbət tərəflərdən biri budur ki, rus bölməsində təhsil alan şagirdlər Azərbaycan dilində tarixi anlayışlarla tanış olmaqla, həm dil bacarıqlarını təkmilləşdirəcək, həm də milli tarixi yalnız tərcümə olunmuş mətndən yox, orijinal mətnlərdən mənimsəyəcəklər. Bu, vətəndaşlıq kimliyinin formalaşmasına da xidmət edə bilər. Misal üçün, Qazaxıstanda və Gürcüstanda milli tarix bütün etnik qruplara dövlət dilində tədris olunur və bu, cəmiyyətin bütövlüyünü gücləndirən əsas faktorlardan biri hesab edilir. Fransada və Polşada da eyni qayda var – milli tarixi yalnız dövlət dilində öyrənmək mümkündür. Azərbaycan da eyni yolu seçərək öz milli tarixi fənnini dövlət dilində məcburi qaydada keçməklə beynəlxalq təcrübəyə uyğun addım atır.
Lakin məsələnin mənfi tərəfləri də kifayət qədərdir. Əvvəla, rus bölməsində oxuyan şagirdlərin Azərbaycan dili səviyyəsi eyni deyil və onların bir hissəsi tarix terminlərini, mətnləri və məzmunu Azərbaycan dilində qavramaqda çətinlik çəkəcək. Bu isə dərslərin keyfiyyətinə, nəticələrin göstəricilərinə və fənnin anlaşılmasına mənfi təsir göstərə bilər. İkincisi, müəllimlərin hazırlığı məsələsi ciddi boşluq olaraq qalır. İndiyə qədər rus bölməsində dərs deyən müəllimlərin əksəriyyəti rus dilində pedaqoji fəaliyyət göstərib və onların birdən-birə tam şəkildə Azərbaycan dilinə keçidi həm metodik, həm də psixoloji baxımdan problemlər yarada bilər. Burada Elm və Təhsil Nazirliyinin əsas vəzifəsi müəllimlərin dil bacarıqlarını artırmaq, xüsusi kurslar təşkil etmək və adaptasiya proqramları hazırlamaq idi. Təəssüf ki, nazirlik bu istiqamətdə nə maarifləndirmə işi aparıb, nə də sistemli plan açıqlayıb".
K. Əsədov qeyd edib ki, bu qərar illərdir müzakirə olunsa da, tam hazırlıqsız bir vaxtda tətbiq olundu:
"Ən böyük problem odur ki, bu qərar illərdir müzakirə olunsa da, indi, tam hazırlıqsız bir vaxtda tətbiq olunur. Halbuki belə bir dəyişiklik üçün mərhələli keçid planı hazırlanmalı, əvvəlcə şagirdlərin dil bilikləri gücləndirilməli, sonra isə tarix dərslikləri və müəllimlərin tədris imkanları uyğunlaşdırılmalı idi. Məsələn, Türkiyədə xarici vətəndaşların təhsili zamanı onlara ilk illərdə dil hazırlığı mərhələsi keçilir, sonra isə əsas fənlər dövlət dilində öyrədilir. Azərbaycanda isə bu zəncir qırılıb, şagirdlər birbaşa yeni tədris modelinə məcbur edilir.
Nəticədə bu qərar həm müsbət, həm də mənfi nəticələr doğuracaq. Müsbət nəticə dövlət dilinin mövqeyinin möhkəmlənməsi və milli tarix tədrisinin vahid müstəvidə aparılmasıdır. Mənfi nəticə isə odur ki, hazırkı şagirdlər və müəllimlər bu dəyişiklik üçün yetərincə hazırlıqlı deyil və bu, bilik səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Əgər Elm və Təhsil Nazirliyi vaxtında düzgün planlama aparsaydı, cəmiyyətlə geniş izahat işi görsəydi, dərslikləri, müəllimləri və şagirdləri uyğunlaşdırmaq üçün xüsusi proqramlar hazırlasaydı, bu qərar daha asan qəbul olunar və effektiv nəticə verərdi".
Təhsil eksperti əlavə edib ki, rus bölmələrində "Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisi dövlətin maraqlarına cavab verir, amma həyata keçirilmə üsulu səhvdir:
"Təəssüf ki, nazirliyin strateji baxışının olmaması, planların yalnız kağız üzərində qalması, proqnozların aparılmaması bir daha üzə çıxır. Bu, həm də göstərir ki, təhsil siyasəti çox zaman situativ qərarlarla idarə olunur. Halbuki təhsil kimi strateji sahədə hər bir qərar elmi əsaslandırma, sosial müzakirə və mərhələli tətbiq üzərində qurulmalıdır. Azərbaycanda isə qərarlar çox vaxt gözlənilmədən elan edilir, izahat işləri aparılmır və nəticədə həm müəllimlər, həm də valideynlər çaşqınlıq içində qalır.
Beləliklə, rus bölmələrində "Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisi dövlətin maraqlarına cavab verir, amma həyata keçirilmə üsulu səhvdir. Bu qərarın keyfiyyətə müsbət təsir göstərməsi üçün yalnız hüquqi baza kifayət deyil, həm də praktik hazırlıq, metodik dəstək, müəllimlərin dil hazırlığı və şagirdlərin adaptasiyası vacibdir. Əks halda, milli maraqlara uyğun olan bir addım təhsil keyfiyyətinə mənfi təsir edə bilər və bu da dövlətin özünün elan etdiyi məqsədlərlə ziddiyyət təşkil edər. Elm və Təhsil Nazirliyi isə hələ də bu istiqamətdə ciddi addımlar atmır, nə cəmiyyətlə kommunikasiya qurur, nə də uzunmüddətli proqnozlar hazırlayır. Bu, nazirliyin ən böyük zəifliyidir".
Məsələyə fərqli yanaşan daha bir təhsil eksperti Elçin Əfəndi AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan dilindən fərqli bölmələrdə tədris aparılan dərslərin, xüsusən də "Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsinə ehtiyac var:
"Əlbəttə ki, Azərbaycan dilindən fərqli digər bölmələrdə tədris aparılan dərslərin, xüsusən də "Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsinə ehtiyac var. Bizim "Azərbaycan tarixi" fənni öz dilimizdə tədris olunmalıdır. Şagirdlərin bu fənni daha yaxşı mənimsəmələri, tarixdə baş verən hadisələri analiz etmələri üçün mütləq öz dillərində dərs almaları vacibdir".
Ekspert rus dilində təhsil alan şagirdlərə "Azərbaycan tarixi" fənninin Azərbaycanca keçilməsinin onlar üçün olan üstünlüklərini də açıqlayıb:
"Bu, eyni zamanda onların gələcəkdə verəcəkləri imtahanlara da öz təsiri göstərir. Onların təhsil göstəricilərinə də təsir göstərmiş olur. Bilirsiniz ki, həmin o şəxslər 9 və ya 11-ci sinfi bitirdikləri zaman ayrıca dövlət dilindən imtahan verirlər. Təbii ki, dərslərin Azərbaycan dilində olması onların gələcək inkişaflarına da mühüm təsir göstərir. O baxımdan, alınan bu qərarı alqışlayır və müsbət qiymətləndirməliyik".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc edilib.