‘Rusiya hamıya qarşı siyasi şantajlardan istifadə edir’ - Politoloq

‘Rusiya hamıya qarşı siyasi şantajlardan istifadə edir’ - Politoloq
Bütün Xəbərlər
13:01 22.11.2013
1373

“Əgər gözlənilmədən Azərbaycan Avropadan uzaqlaşsa, o zaman Rusiya istədiyinə nail olmuş olacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Qabil Hüseynli Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasından imtina etməsini şərh edərkən söyləyib. Politoloq Rusiyanın fölqəldövlətə çevrildiyini deyib:

“Rusiya bütün dünyanın gözü qarşısında fövqəldövlətə çevrilməyə çalışır. Rusiya MDB ölkələri çərçivəsində baş verən bütün proseslərdə ABŞ-ı zərərsizləşdirə bildi və bu ölkələr içində söz sahibi olduğunu ortaya qoydu. Bu da Rusiyanın geosiyasi durumunu daha da gücləndirir və siyasi şantajlardan daha effektiv istifadə etməsinə şərait yaradır. Bu şantajların nəticəsi Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesini dayandırması haqqında qərar qəbul etməsi oldu”.

Politoloqun fikrincə, bu gün Azərbaycan Rusiyanın təzyiqlərinə baxmayaraq öz siyasi mövqeyini ortaya qoymalıdır:

“Ermənistan və Ukrayna Gömrük Birliyi və Avrasiya İttifaqına doğru getdi. Geridə Gürcüstan, Azərbaycan, Moldova qaldı. Bu da bir həqiqətdir ki, Moldova Rusiya üçün elə də bir əhəmiyyətli yer deyil. Bu ölkələr arasında ən çox Azərbaycanın maraqları və Azərbaycanın mövqeyi Rusiya üçün önəmlidir. Ancaq Azərbaycan Vilnüsdəki sonuncu toplantıda Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına böyük maraq göstərdiyini ortaya qoydu. Əgər gözlənilmədən Azərbaycan Avropadan uzaqlaşsa, o zaman Rusiya istədiyinə nail olmuş olacaq.

Q.Hüseynli Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakı səfərinin Rusiyanın işmarıclarını çatdırmaq məqsədi daşıdığını söyləyib.

“Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri Rusiyanın mövqeyini çatdırmaqdan ibarət olub. Bu səfərin əsas məqsədi Azərbaycanı Gömrük Birliyinə və Avrasiya İttifaqına razı salmaq olub”.

Qeyd edək ki, Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərar qəbul edib.

Qərar Rusiya Federasiyası və digər MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin itirilmiş istiqamətlərinin və istehsal həcminin bərpası üçün kompleks tədbirlərin daha dəqiq öyrənilməsi və işlənməsi məqsədilə qəbul olunub:

“Dövlətin iqtisadi potensialının qorunması və möhkəmləndirilməsi məqsədilə Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlanması üçün fəal dialoq bərpa edilməlidir”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR