Rusiya jurnalı Emin Ağalarovun ifasını Şade ilə müqayisə etdi
ŞOU-BİZNES
16:17 21.11.2011
1221
Müğənni Emin Ağalarov Bakıda növbəti konsert proqramı ilə çıxış edəcək. APA-nın məlumatına görə, sənətçi paytaxtda növbəti konsert layihəsini bu ilin sonunda gerçəkləşdirməyi planlaşdırır. Sənətçi növbəti konsertində bakılı pərəstişkarlarını yeni repertuarla sevindirəcək. Qeyd edək ki, Emin noyabrın 19-da Rusiya paytaxtının “Moskva” kino konsert zalında öz şousunu nümayiş etdirib. Sənətçi yeni mahnı və hitlərini tamaşaçılara təqdim edib.Müğənninin rəsmi saytının yaydığı məlumata görə, Rusiyanın nüfuzlu “Poster” onlayn jurnalı Eminin musiqi istiqamətini məşhur müğənni Şade ilə eyniləşdirib. Bu müqayisəni məşhur jurnalist Yuri Saprıkin edib. O Şadenin “Crocus City Hall”da verdiyi konsertdən sonra belə müqayisə aparıb. Emin isə Şadenin böyük fanatı olduğunu qeyd edib: “O, mənim üçün xüsusi önəm daşıyan mahnılar yazıb. Mən onu öz karyerasındakı uğurlara və musiqiyə sadiqliyinə görə bəyənirəm. Mənim musiqimin məşhur jurnalist tərəfindən Şade ilə müqayisəsi həqiqətən də böyük şərəfdir”.Məlumata görə, Emin hazırda ikinci albom üzərində işləyir. Bu albom məşhur “EMİ” tərəfindən hazırlanacaq və albomun prodüseri Brayan Rouling olacaq.