Rusiya Xarici İşlər Nazirliyi (XİN) digər ölkələrin vətəndaşlarına, o cümlədən diplomatik nümayəndəliklərin əməkdaşlarına Ukraynada qalmağın və bu ölkəyə səfər etməyin təhlükəli olduğu barədə yenidən xəbərdarlıq edib.
Bu barədə oktyabrın 3-də Rusiya XİN-in yaydığı bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, Rusiya silahlı qüvvələri Kiyevdə və Ukraynanın digər şəhərlərində hərbi təyinatlı obyektlərə zərbələr endirməkdə davam edir. Rusiya XİN bunu Ukrayna silahlı qüvvələrinin Rusiyanın dinc əhalisinə və mülki infrastrukturuna hücumlarına cavab adlandırıb.
Nazirlik xatırladıb ki, daha əvvəl Kiyevdə olan xarici vətəndaşlara və diplomatlara şəhəri tərk etmək və Ukraynaya səfər etməkdən imtina etmək, ölkə sakinlərinə isə hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamaq barədə çağırış edib.
Bəyanatda qeyd olunur ki, Kiyevdə bir çox səfirlik fəaliyyətini davam etdirir, xarici rəsmi şəxslər isə Ukraynaya səfərlər edirlər.
Rusiya XİN bəyan edib ki, baş verə biləcək mənfi nəticələrə görə məsuliyyət bu xəbərdarlığı nəzərə almayan şəxslərin üzərinə düşür.
///azərtac///











































