Bundan sonra Rusiyada qafqazlıların davranışları xüsusi məcəllə ilə tənzimlənəcək. Artıq bununla bağlı təklif irəli sürülüb. Onsuz da birmənalı qarşılanmayan layihədə narahatlıq doğuran başqa bir məqam isə sənədin hazırlanmasında millətçilərin bilavasitə iştirakıdır.Rusiyada “Qafqazlıların davranış məcəlləsi” hazırlanır. “Russkiye” millətçi hərəkatının lideri Dmitri Dyomuşkin bunun Çeçenistanın Milli Siyasət Nazirliyinin təşəbbüsü olduğunu və məcəllənin hazırlanmasında iştirak edəcəyini deyib. Millətçi hərəkat lideri cəmiyyətdəki gərginliyin bu məcəllənin yaradılmasını zəruri etdiyini və qafqazlıların bu məsələ ilə bağlı narahatlığını anlamadığını dilə gətirib: “Niyə kiməsə gəldiyi yerdə özünü necə aparmalı olduğunu göstərmək narazılığa səbəb olmalıdır? Qonaq yerdə olarkən davranış qaydaları anlamı var. Məncə, bunu Moskvada tədbiq etmək lazımdır. Məsələn, davada müsəlman məsələnin mahiyyətini bilmədən müsəlmanın tərəfini tutmağa başlayır. Davalar da belə yaranır. Nə edək, məcəllədə yazaq ki, bu narazıçılığa səbəb olacaq? Xoşlarına gəlmirsə, getsinlər evə. Çox qayda tədbiq etmək olar. Lakin kim bu qaydalara riayət olunmasına nəzarət edəcək? Bunları insanlara necə çatdıracaqlar? Əsas məsələ də budur. Bu cür qaydaları nə qədər istəyirsiz yazmaq olar”.Rusiya İslam Komitəsinin rəhbəri, politoloq Heydər Camal isə bu məcəllənin qəbulunu hökumət tərəfindən qafqazlılara qarşı alçaldıcı və təhqiredici addım kimi dəyərləndirir. O, Rusiya hakimiyyətini Qafqaz və qeyri-qafqazlılar arasında qarşıdurma yaratmaqla öz nəzarətini gücləndirmək məqsədi güddüyünü söyləyib: “Biz bilirik ki, toylarda havaya atəş açmaq və bu kimi hallar sadəcə şişirdilib. Belə hadisələr hər hansı məcəllənin yaradılması üçün əsas ola bilməz. Qafqazlılara aid digər məsələlər isə ümimiyyətlə hakimiyyət tərəfindən təxribat idi. Bu məcəllənin nə konstitusion, nə də hüquqi əsası yoxdur. Bu cür məcəllələr həm insan haqlarını, həm də beynəlxalq hüququ pozur. Adi bir qanun da bu normaları tənzimləyir”.Öz növbəsində Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvü İ.Hacıyev hesab edir ki, bu məcəllənin azərbaycanlılara təsiri olmayacaq. Onun fikrincə, məcəllə özünü doğrultmayacaq. Onun sözlərinə görə, məcəllə rus millətçiləri üçün dəstək xarakteri daşıyır.Artıq məcəllənin yaradılması Şimali Qafqazda böyük əks-sədaya səbəb olub. Dağıstanın Rusiya prezidenti yanında daimi nümayəndəsi Hacı Maxaçev bu məcəllənin heç bir səmərəsinin olmayacağını deyib. O, qafqazlıların tərbiyə edilməsinə heç bir zərurətin olmadığını və bu məsələdə millətçilərin iştirak etməsini pisləyib. Millətçilərə qafqazlıların davranış məcəlləsinin hazırlanmasında iştirakın təklif olunmasından narahatlıqlarını bildirən rusiyalı hüquq müdafiəçiləri də hansısa əlavə davranış məcəlləsinin yaradılmasının Qafqazdan olanlara qarşı təhqir olduğu qənayətindədir.Xatırladaq ki, hələ 2010-cu ildə Qafqazdan olan gənclər üçün analoji məcəllənin yaradılmasına dair təklif verilmişdi. Lakin o zaman Çeçenistan prezidenti Ramzan Kadirov bu ideyanı tənqid etmişdi.