Rusiyada internet saytlarında istifadəçilərin "Google ID", "Apple ID" və digər xarici xidmətlər vasitəsilə hesablara daxil olması və qeydiyyatdan keçməsi ilə bağlı yeni məhdudiyyət qüvvəyə minib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin tərəfindən iyunun 26-da imzalanan qanuna əsasən, ölkədə internet resurslarında istifadəçilərin identifikasiyası yalnız Rusiya telefon nömrəsi, "Gosuslugi" dövlət xidmətləri platforması və digər yerli sistemlər vasitəsilə həyata keçiriləcək.
Bu səbəbdən "Google ID" və "Apple ID" ilə hesaba giriş və qeydiyyat funksiyası mərhələli şəkildə dayandırılır. Yeni tələbləri pozan vətəndaşlar, vəzifəli şəxslər və şirkətlər isə inzibati qaydada cərimələnəcəklər.
Artıq Rusiyada fəaliyyət göstərən bəzi onlayn xidmətlər istifadəçilərinə "Google ID" və "Apple ID" vasitəsilə giriş imkanının yaxın vaxtlarda ləğv ediləcəyi barədə bildirişlər göndərməyə başlayıb.
Qeyd edək ki, Rusiya son illər rəqəmsal platformalarda yerli texnologiyaların tətbiqini genişləndirmək və istifadəçi məlumatlarının ölkə daxilində saxlanılmasını təmin etmək məqsədilə bu sahədə qanunvericiliyi sərtləşdirir.
Gülay











































