Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pulun çıxarılması qadağan edilib.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Rusiyadan nağd rubl aparılması ilə bağlı yeni məhdudiyyət tətbiq edilib.
Rusiya Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.
Yeni qaydalara əsasən, fiziki şəxslərin Rusiyadan Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan artıq nağd Rusiya valyutası çıxarmasına qadağa qoyulub.
İqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, yeni məhdudiyyət bütün pul köçürmələrinə şamil edilmir. Ekspert hesab edir ki, qərarın əsas məqsədlərindən biri böyük həcmdə nağd vəsaitin ölkədən çıxarılmasına nəzarətin gücləndirilməsidir.
Onun sözlərinə görə, əgər məhdudiyyət bütün pul köçürmələrinə şamil edilsəydi, bunun Azərbaycana təsiri daha ciddi ola bilərdi.
Qeyd edək ki, bundan əvvəl Rusiyada fiziki şəxslər üçün nağd rublun ölkədən çıxarılmasına dair limit 100 min ABŞ dolları ekvivalentində müəyyən edilmişdi. Həmin məhdudiyyətlər Azərbaycan, Tacikistan və Özbəkistana şamil olunmurdu. Yeni fərmanla bu ölkələr də məhdudiyyətin əhatə dairəsinə daxil edilib.











































