Rusiyaya pul göndərənlərin nəzərinə: AMB-dən mühüm açıqlama

Rusiyaya pul göndərənlərin nəzərinə: AMB-dən mühüm açıqlama
SOSİAL
20:11 06.08.2026
151
Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin dayandırılması ilə bağlı qərarlar banklar və ödəniş sistemləri arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir və Azərbaycan Mərkəzi Bankı (AMB) bu münasibətlərə müdaxilə etmir.

AZXEBER.COM "Trend"ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

"Banklarla onların tərəfdaşları arasında münasibətlərə dair qərarlar yerli qanunvericiliyin tələbləri və müxtəlif risk faktorları nəzərə alınmaqla banklar tərəfindən müstəqil surətdə qəbul edilir", - deyə AMB-dən qeyd olunub.

Mərkəzi Bank, həmçinin məsələ ilə bağlı aidiyyəti üzrə ödəniş sisteminin fəaliyyətini təmin edən təşkilata və ya həmin ödəniş sistemi ilə işgüzar münasibətləri olmuş banklara müraciət edilməsini tövsiyə edib.

Qeyd edək ki, son günlər mediada Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin müvəqqəti dayandırıldığı barədə məlumatlar yayılıb. Bir sıra banklar xidmətin texniki səbəblərdən əlçatan olmadığını bildiriblər.

Məlumatlarda qeyd olunub ki, bu məhdudiyyət Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketindən sonra tətbiq edilib. Həmin sanksiyalar çərçivəsində "Zolotaya Korona" ödəniş sisteminin operatoru olan Rusiyanın "Platyojnıy Sentr" ("Платежный центр") qeyri-bank kredit təşkilatı da sanksiya siyahısına daxil edilib.
OXŞAR XƏBƏRLƏR