Rüstəm İbrahimbəyov “Hyatt Regency” otelindən ABŞ-a şikayət edəcək
Bütün Xəbərlər
11:06 09.01.2012
1443
Ziyalılar Forumunun dekabrın 29-da keçirilməsi nəzərdə tutulan, ancaq “Hyatt Regency” otelində işıqların sönməsi səbəbindən baş tutmayan tədbiri bu həftə keçiriləcək. Gənclərə həsr olunacaq tədbirin yanvarın 10-13-ü arasında baş tutacağı gözlənilir. Sabah isə “Hyatt Regency” otelinin rəhbərliyi Ziyalılar Forumuna rəsmi cavab verməlidir. Ziyalılar Forumunun İdarə Heyətinin üzvü Eldar Namazovun sözlərinə görə, otel rəhbərliyinin açıqlamasından sonra bu ünvana bir daha müraciət edilib. “Hyatt Regency”in meneceri isə E.Namazovla əlaqə saxlayıb və deyib ki, rəhbərliyi çərşənbə axşamı, yəni sabah müraciətə rəsmi cavab verəcək. E.Namazov onu da qeyd edib ki, növbəti tədbir gənclərə həsr olunsa da, mülkiyyət hüquqlarının pozulması ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirə də hazırlıqlar başlayıb. “Biz sadəcə ”Hyatt Regency"dən cavab gözləyirik", - deyə o bildirib. Yeri gəlmişkən, 29 dekabrda keçirilməsi nəzərdə tutulan tədbirin baş tutmamasını texniki məsələlərlə əlaqələndirən otel rəhbərliyi bu gün çıxılmazda qalıb. Belə ki, cəmiyyəti və Forum üzvlərini problemin texniki səbəbdən yarandığına inandırmaq üçün yalnız “hə” cavabı verilməlidir. Ancaq rəsmi mətbuatda ziyalılara qarşı növbəti sərt yazılar onu deməyə imkan verir ki, cavab bu dəfə də müsbət olmaya bilər. Lakin bu da otelə yaxşı perspektiv vəd etmir. Belə ki, kinorejissor Rüstəm İbrahimbəyov otel rəhbərliyinə ciddi mesaj verib. O, otelin ABŞ-dakı baş ofisinə şikayət edə biləcəklərini vurğulayıb: “Amma əgər görsək ki, bu, texniki məsələ deyil, zalı bizə verməkdən imtina edirlər, o halda biz məcbur olacağıq ki, başqa bir yer tapaq. Hələlik ümidvarıq ki, həmin hoteldə tədbirimizi keçirə biləcəyik.Biz onların Amerikada yerləşən qərargahına müraciət etsək, elə bu, kifayətdir. Baş ofisə müraciət etsək, onlar nə tədbir lazımdırsa, görəcəklər. Hətta bu tədbirlər məhkəmədən kəskin olacaq", - deyə bildirib.Yeri gəlmişkən, sabah Forum üzvü professor Rafiq Əliyev də Türkiyə və Şimali Kipr səfərlərini başa vurub vətənə dönəcək. Ondan sonra ziyalıların bir daha toplaşacağı və otel rəhbərliyinin cavabını nəzərdən keçirəcəyi gözlənilir./// Yeni Musavat