Rüstəm İbrahimbəyov: 'Mitinqə ayrılan yeri görüb dəhşətə gəldim' - MÜSAHİBƏ

Rüstəm İbrahimbəyov:
Bütün Xəbərlər
12:10 10.04.2012
1457
Aprelin 8-də İctimai Palatanın “20-ci sahə”də keçirdiyi icazəli mitinqdə görkəmli ziyalı, dramaturq Rüstəm İbrahimbəyov da iştirak edib. O, hakimiyyəti sərt tənqid etsə d, müxalifətdən məsafə saxlayıb. R.İbrahimbəyovun aksiyada iştirak etməsi bu baxımdan diqqət çəkib. Tanınmış ziyalı ilə söhbətimizdə mitinq təəssuratlarını soruşduq, ölkə baş verən hadisələrlə bağlı suallarımıza cavab istədik. Rüstəm İbrahimbəyovla müsahibəni təqdim edrrik. Dünən dramaturq qəzetimizə müsahibəsində mitinqdə iştirak etməsinin səbəblərindən, eləcə də gözləntilərindən danışıb. - Rüstəm müəllim, İctimai Palatanın mitinqində iştirakınızı doğuran xüsusi bir səbəb vardımı?- Azərbaycan xalqının qanun və Konstitusiya ilə sərbəst aksiyalar və mitinqlər keçirmək hüququ var. Mən bu hüquqa dəstək vermək məqsədilə sıravi vətəndaş olaraq 8 aprel mitinqində iştirak etdim. - Aksiyaya Ziyalılar Forumunun nümayəndəsi kimi qatılmamışdınız?- Xeyir. Açığı mitinqdə edilən çıxışların da hamısı ilə razı deyiləm. Mənə maraqlı olan sərbəst toplaşmaq azadlığının olması və işləməsidir. Çünki bu gün xalqın sərbəst toplantılar keçirmək haqqı tapdanır. Bu hüququn işləməsinə dəstək vermək üçün ora getdim. İkincisi, mən ayrılan yeri gördüm və dəhşətə gəldim. Mitinq üçün ayrılan yer həm xalqı, həm də iqtidarı gülünc yerinə qoyur. Uzaq yerdir, gedib çatmaq olmur. Həm də mitinq günü bu istiqamətdə avtobuslar pis işləyirdi, müəyyən maneələr var idi. Bir sözlə, meydan və ora aparan yol bərbad gündə idi. Belə yeri etiraz edən xalqa ayırmaq xalqımızın mədəniyyətinə zərbədir. - Mitinqindən hansı təəssüratla ayrıldınız?- Mənə elə gəldi ki, şərait normal olsaydı, mitinqdə iştirak edənlərin sayı qat-qat çox olardı. Mən gördüyüm qədər 4-5 min adam var idi. Amma təəsüf ki, görkəmli və tanınmış adamları iştirakçıların arasında görmədim. Təbii ki, mitinqin məzmunu başqaydı və bu, öz yerində. Amma mitinqin özü fakt kimi dəstəklənməlidir. Yəni səbəst aksiya təşkil etmək hüququ vacib hüquqdur. Əgər biz Azərbaycanda vətəndaş cəmiyyətini, demokratik hüquqları bərpa etmək istəyiriksə, bunun üçün mütləq mitinqlərə normal şərait yaradılmalıdır. Məhz bu səbəbdən də, hamı bu hüquqa dəstək verməlidir. - Hazırda ümumi olaraq ölkədə iqtisadi, siyasi, mədəni, sosial və hüquqi vəziyyəti necə qiymətləndirirsiniz?-Bir tərəfdən görürük ki, inkişaf var, yaxşı tikintilər aparılır. Amma bir qədər dərinə gedəndə anlayırsan ki, balaca bir dairə mövcuddur. Bu dairəyə şəxsi xeyir gətirən hər şey gözəl inkişaf edir. Bura tikintiləri, yolları, eləcə də “Eurovision” müsabiqəsini, neft texnologiyasını və digərlərini əlavə etmək olar. Bizdə barmaqla sayılacaq adamlara şəxsi gəlir gətirən sahələr aktiv inkişafdadır. Demək olar ki, mədəniyyət dağılıb. Azərbaycanda kitab mağazaları və kitabxanalar yoxa çıxıb. Kinoteatrlar da pis vəziyyətdədir. Başqa ölkəyə baxanda görürsən ki, uşaq dünyaya gətirən anaya normal münasibət var və müəyyən qədər pul verirlər. Amma bizdə vəziyyət pisdir. Təqaüdlər elə də yüksək deyil, amma korrupsiya yüksək səviyyədədir. Bu baxımdan vəziyyət çox pisdir. Bundan başqa, kobud şəkildə insanların əsas hüquqları tapdalanır. Bunlar dünyada analoqu olmayan dəhşətli şeylərdir. Camaatı məcburi şəkildə evindən küçəyə atırlar. Və adını da qoyurlar ki, guya bu, dövlət ehtiyacı üçündür. Ancaq dərinliyinə varanda görürsən ki, bu, yenə də bir neçə nəfərin marağına işləyir və burada hökumət marağı yoxdur. Ən əsası isə bu hərəkətlərin qanuni əsası yoxdur. Bu, faktiki olaraq vətəndaşların hüquqlarının kütləvi şəkildə pozuntusudur. Eyni zamanda mülkiyyət hüququnun ayaq altına atılmasıdır. Heç sosializm quruluşunda belə dəhşətli hal olmayıb. Demək olar ki, Azərbaycanda yenidən özəlləşdirmə gedir. Əsas özəlləşdirmə aparılarkən mülkiyyətin, torpağın 50 faizi barmaqla sayılacaq adamın əlinə keçsə də, qalanı xalqın əlinə keçmişdi. İndi həmin 5-6 nəfər bu mülkiyyəti xalqın əlindən alır və deyir ki, bu, onlar üçün deyil, dövlət ehtiyacları üçündür.- Ölkədə bu qədər narazılıq var. Təkcə Bayıl qəsəbəsində 10 minə yaxın ev söküləcək, eləcə də şəhərin mərkəzində mülkiyyət hüquqları tapdanır. Bəs bu insanları mitinqdən çəkindirən nədir, hansı psixoloji baryer var?- Buna xalq olaraq bizim ictimai mədəniyyətimiz yoxdur. Mən ondan qorxuram ki, xalq bir dəfə ayağa qalxsın və üsyan etsin. Nəticədə hər şey darmadağın olsun. Mən bundan çox qorxuram. Mənim bu işlərə qarışmağımın səbəbi odur ki, islahatlar, danışıqlar, xalqın tələblərinə düzgün cavab vermək yolu ilə problemlər həll edilsin. Keçirilən mitinqlər də bunu tələb edir. Amma bunun baş tutması üçün başqa ziyalılar da ortada olmalıdır. Siz deyirsiniz ki, sadə vətəndaşın evini, mülkiyyətini əlindən alırlar, hüququnu pozurlar və buna baxmayaraq o, yenə də mitinqə getmir. Amma iş ondadır ki, on minlərlə həkim, müəllim, mühəndis, təqaüdçü var ki, onların milyardlarla pulu cürbəcür axmaq şeylərə xərclənir. Lakin bu adamlar mitinqə gəlmir.-Niyə gəlmirlər, bu xalqın müqavimət gücü niyə bu qədər zəiflədi?- Mən də onu deyirəm ki, xalqımızın ictimai mədəniyyəti çox zəifdir. Azərbaycanda vətəndaş cəmiyyəti zəifdir. Mən illərdir deyirəm ki, hökumət güclü və möhkəm olmaq üçün cəmiyyət möhkəm olmalıdır. Cəmiyyət öz şərtlərini məcburi şəkildə hakimiyyətə qəbul etdirməlidir. Məcburi yollar - mitinqlər, yığıncaqlar və toplantılardır. Bu vasitələr faktiki olaraq xalqın fəaliyyətidir. Xalqın fəaliyyəti olmayanda hər şey yığılır və inqilab baş verir. İnqilab da pis şeydir və hər şeyi dağıdır. Mən başımı bu işlərə ona görə qoşuram ki, Misirdə, Tunisdə və ya Liviyada baş verənlər bizdə olmasın. Problemin olmaması üçün ilk növbədə iqtidar ağıllı və insaflı olmalıdır. Bilirsinizmi, ictimai əxlaq pozulub. Özü də, elə pozulub ki, camaat da iştirak etmir. 20 ilin əxlaqsızlığı və üstəgəl ondan əvvəl sosializm dövründəki ictimai əxlaqsızlıq camaatın iradəsini öldürüb.- Mitinqdən çoxları pessimist ayrılıb, çünki ölkədə ciddi narazılıq olduğu halda aksiyada iştirak edənlərin sayı vəziyyətə adekvat olmadı. Bu, hansı nəticələr yarada bilər?-Mənə aksiya iştirakçılarının sayı da vacib idi. Amma əsasən aksiyaçıların tərkibi maraqlı idi. Mən aksiyada ziyalıların sayının az olduğunu gördüm. Söhbət elitadan getmir, kütlə ziyalılarını nəzərdə tuturam. Müəllimləri, mühəndisləri mitinq iştirakçılarının arasında görmədim. Bu, pisdir. Amma bu, o demək deyil ki, aksiya baş tutmayıb. Əsas problem aksiyanın yeridir. Mənə elə gəlir ki, bu yerdə aksiya keçirməyə razılıq vermək olmaz. Çünki bu, insanların aşağılanmasıdır.- İctimai Palatanın növbəti aksiyası 22 apreldə keçiriləcək. Siz bu aksiyalara sona qədər dəstək verəcəksiniz?- Mən Azərbaycanda olanda aksiyaya dəstək verərəm. Aprelin 7-si axşam saatlarında Moskvadan Bakıya gəldim və səhəri mitinqə qoşuldum. Bu yaxınlarda başqa ölkəyə gedəcəyəm. Səfər elədir ki, növbəti mitinq zamanı Bakıda olmayacağam. Azərbaycana mayın əvvəllərində qayıdacağam. O zaman mitinq olsa, iştirak edəcəyəm.- Niyə sizin kimi digər tanınmış ziyalılar aksiyaya qoşulmur?- Mən bunun səbəbini deyə bilmərəm. İstərdim ki, hamı aksiyaya gəlsin. Ancaq nəzərə alın ki, bu, hər kəsin öz problemidir və vicdan məsələsidir.- 2013-cü il prezident seçkilərində kimi dəstəkləyəcəksiniz?- Seçkilərə kifayət qədər zaman var. Mən bu haqda hələ danışmaq istəmirəm.
OXŞAR XƏBƏRLƏR